Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

İlham Əliyev mühüm qərar qəbul edib

366
(Yenilənib 17:43 03.05.2019)
Dövlət başçısı yeni dəyişiklik haqda fərman verib

BAKI, 3 may — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "Tikinti işlərinin dayandırılması Qaydası"nın təsdiq edilməsi haqqında" 2015-ci il 22 may tarixli 533 nömrəli, "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" 2016-cı il 15 fevral tarixli 795 nömrəli və "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" 2018-ci il 6 iyun tarixli 119 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Fərman imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 533; 2017, № 4, maddə 547; 2018, № 7, maddə 1462; 2018, № 11, maddə 2240) ilə təsdiq edilmiş "Tikinti işlərinin dayandırılması Qaydası"nın 4.2-ci bəndinə "Nazirliyinə" sözündən sonra ", tabeliyindəki dövlət qoruqlarının ərazilərində aparılan tikinti işləri ilə bağlı Dövlət Turizm Agentliyinə" və 4.3-cü bəndinə "Nazirliyi ilə" sözlərindən sonra ", tabeliyindəki dövlət qoruqlarının ərazilərində aparılan tikinti işləri ilə bağlı Dövlət Turizm Agentliyi ilə" sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259, № 3, maddə 460, № 4, maddə 670, № 6, maddələr 1025, 1063, № 7, maddə 1272, № 9, maddə 1468, № 10, maddələr 1614, 1638; 2017, № 2, maddələr 176, 202, № 3, maddə 351, № 4, maddələr 530, 537, № 6, maddə 1101, № 7, maddələr 1314, 1346, № 8, maddə 1521, № 9, maddə 1637, № 10, maddələr 1788,1798, № 11, maddələr 2003, 2027, № 12, maddələr 2290, 2320; 2018, № 1, maddə 36, № 2, maddələr 198, 201, № 3, maddələr 418, 428, 443, 445, № 5, maddələr 914, 918, 926, 955, № 6, maddələr 1225, 1234, № 7 (I kitab), maddələr 1465, 1477, 1494, 1504, № 8, maddələr 1678, 1697, № 9, maddə 1840, № 11, maddələr 2244, 2256, 2273, 2289, 2290, 2451, № 12 (I kitab), maddələr 2566, 2573, 2610; 2019, № 1, maddələr 52, 68; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 12 mart tarixli 586 nömrəli, 1 aprel tarixli 602 nömrəli və 15 aprel tarixli 630 nömrəli fərmanları) 4.23-cü bəndinə "Nazirliyi," sözündən, 5.13-cü və 5.14-cü bəndlərinə "bu inzibati xətalar" sözlərindən sonra " tabeliyindəki dövlət qoruqlarının ərazisində yerləşən mədəni sərvətlərə münasibətdə törədildikdə, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi," sözləri əlavə edilsin.

3. "Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1209, № 10, maddə 2002) aşağıdakı dəyişikliklər edilsin:

3.1. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə" üzrə:

3.1.1. 2.0.4-cü, 3.1.6-cı, 3.1.14-cü və 3.1.48-ci yarımbəndlərə, 3.2-ci və 4.2-ci bəndlərə "İçərişəhər" sözündən əvvəl "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, " sözləri əlavə edilsin;

3.1.2. 3.1.32-ci yarımbənd ləğv edilsin;

3.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə"nin 1.1-ci bəndinə "İçərişəhər" sözündən əvvəl "Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyindəki dövlət qoruqlarının, " sözləri əlavə edilsin".

366
Teqlər:
fərman, qayda, tikinti
Xalq artisti Arif Babayev, arxiv şəkli

Xanəndə Arif Babayevdən üzücü xəbər

20
(Yenilənib 22:58 30.09.2020)
Yaşar Babayev: "Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir"

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Xalq artisti Arif Babayev bir neçə gün öncə insult keçirib. Xanəndənin səhhəti stabil olaraq qalır. Bu barədə Sputnik Azərbaycan-a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib: "Arif Babayev hal-hazırda evdədir. Təəssüf ki, atam Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimizin işğaldan azad edilməsi xəbərindən bixəbərdir. Çünki, atam həmin hadisədən 1 gün qabaq xəstələnib. Ona həyəcanlanmaq olmaz, ona görə də bu xəbəri ona verməmişik. Çox sevincliyik, inanırıq ki, atam sağalana qədər torpaqlarımız işğaldan azad olar, biz də ona bu müjdəli xəbəri verərik".

Məlumat üçün bildirək ki, Arif Babayev XX əsrin ikinci yarısından etibarən Qarabağ xanəndəlik məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.

O, müxtəlif illərdə "Azərbaycan SSR Əməkdar artisti", "Azərbaycan SSR Xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Qızıl çinar" beynəlxalq mükafatı və "Şərəf" ordeni ilə təltif olunub.

20
Azərbaycan bayrağı, arxiv şəkli

Ölkədə bayrağa həddindən artıq tələbat yaranıb: Qiymət baha, anbarlarsa boşdur

40
(Yenilənib 22:08 30.09.2020)
Məlahət Kəlbiyeva: "Ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb. Həddən artıq sifarişlər gəlir, inanın, çatdıra bilmirik".

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. Sentyabrın 27-dən Ermənistan-Azərbaycan təmas xəttində başlayan hərbi əməliyyatlar hamıda mübarizə ruhunu oyadıb. Kimi ön cəbhədə, kimi isə arxa cəbhədə Azərbaycanın torpaqlarının bütövlüyü uğrunda mübarizə aparır.

Bu gün şəhərin küçələrində, evlərin eyvanlarında, avtomobillərdə müqəddəs Azərbaycan və Türkiyə bayraqları dalğalanır.

Sosial şəbəkələrdə isə mağazalarda bayraqların qiymətlərinin bahalaşması ilə bağlı müzakirələr yer alır. Şəbəkə istifadəçiləri bayraqların qiymətinin 2-3 dəfə bahalaşdığını iddia edirlər.

Sputnik Azərbaycan bir neçə mağaza ilə əlaqə saxlayaraq məsələni dəqiqləşdirməyə çalışıb. Təbii olaraq, mağazalardan agentliyə bildiriblər ki, bayraqların qiymətində heç bir dəyişiklik olmayıb.

Bununla belə, bəzi mağazalarda bayraq satışı dayandırılıb. Mağazalar bunun səbəbini anbarlara yeni malların gətirilməməsi ilə izah ediblər. Satıcıların sözlərinə görə, hər gün vətəndaşlar bayraq üçün müraciət edirlər. Amma bayraqların qiymətində heç bir artım olmayıb.

Satıcılar hazırda anbarlarda bayrağın olmadığını da qeyd ediblər. 

Qiymətlərə gəlincə, masaüstü bayraqlar 3 manat, otaq üçün böyük ölçülü bayraqlar isə 25-90 manat arasında satılır.

Hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, indiki müharibə şəraitində bayraqların qiymətlərinin bahalaşması yolverilməzdir. Əksinə, bayraq istehsalı ilə məşğul olan müəssisələr, şəxslər vətənpərvərlik ruhunu yüksək tutmaq üçün bayraqların qiymətini ucuzlaşdırmalıdır ki, hər kəs alıb, evindən, eyvanından, avtomobilindən asa bilsin. 

"Azəratribut" MMC-nin təsisçisi Məlahət Kəlbiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkədə hərbi rejimlə əlaqədar bayraqlara təlabat artıb:

"Həddən artıq sifarişlər gəlir. Nazirliklər, supermarket şəbəkələri, idarələr sifariş edir. İnanın, sifariş o qədər çoxdur ki, çatdıra bilmirik".

M.Kəlbiyeva qeyd edib ki, əksinə, vəziyyətlə əlaqədar olaraq bayraqların qiyməti ucuzlaşıb.

Onun sözlərinə görə, vətənin ağır günündə hamı bacardığı qədər yardım etməlidir: "Biz özümüz də ehtiyac olduğu təqdirdə bayraqları pulsuz veririk. Əvvəl 100 manata satdığımız bayraqları indi 50-60 manata satırıq. Belə günlərdə qazanc düşünmək olmaz. Bu, günahdır".

O qeyd edib ki, özü də sosial şəbəkələrdə müxtəlif mağaza və ticarət mərkəzlərində bayraqların baha satıldığı ilə bağlı məlumatlarla qarşılaşıb: "Bu, digər ölkələrdən gətirilmiş məhsullar ola bilər. Ancaq biz bacardığımız qədər bu günlərdə ucuz bayraqlarla xalqımıza dəstək verməyə çalışırıq".

40