Tikinti işləri

Bakıda qeyri-qanuni tikintinin qarşısı alınıb

152
(Yenilənib 17:49 26.04.2019)
"Azenne Group" MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurmuş

BAKI, 26 aprel — Sputnik. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssisləri Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 17 ünvanında aparılan qeyri-qanuni tikinti işlərini dayandırıb.

Bu barədə Sputnik Azərbaycan-a komitədən məlumat verilib.

Məlumata görə, tikinti barədə komitəyə 2018-ci ilin noyabr ayında həmin ünvanda yerləşən yaşayış kompleksinin sakinləri tərəfindən müraciət daxil olub.

Onlar bildirib ki, yaşadıqları binalar qarşısında boş sahədə hündürmərtəbəli evlərin tikintisinə başlanılır.

Komitənin mütəxəssisləri tərəfindən məsələ ilə bağlı aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2018-ci ilin mart ayında həmin ərazidə çoxmərtəbəli yaşayış binasının "Azenne Group" MMC tərəfindən tikintisinə icazə icraatına başlansa da, icraat başa çatdırılmayıb və həmin binanın tikintisinə icazə verilməyib. Bununla əlaqədar, Komitə tərəfindən aidiyyəti dövlət qurumlarına qanunvericiliklə müəyyən olunmuş qaydada tikintiyə icazə alınana qədər bu ərazidə tikinti işlərinin dayandırılması ilə bağlı müraciət ünvanlanıb.

"Azenne Group" MMC tərəfindən təqdim olunmuş layihəyə əsasən 4 girişli 22-25 mərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulurdu ki, bu da şəhərsalma qanunvericiliyi ilə tikinti sıxlığı üzrə həmin ərazi üçün müəyyən olunmuş normaları bir neçə dəfə üstələyir. Ötən müddət ərzində Komitənin mütəxəssisləri tərəfindən sözügedən MMC-nin nümayəndələri ilə layihənin qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı danışıqlar aparılıb, zəruri tövsiyyələr verilib. Bununla belə, qeyd olunan ünvanda Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin tələblərinə cavab verən tikinti layihəsi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bugünədək təqdim olunmayıb.

Buna baxmayaraq, cari ilin aprel ayında Süleyman Vəzirov küçəsi, 17 ünvanında yaşayan sakinlərin sözügedən ərazidə tikinti işlərinin yenidən bərpa olunması ilə bağlı təkrar kollektiv müraciəti Komitəyə daxil olub. Müraciət yerində araşdırıldıqdan və bu fakt təsdiqini tapdıqdan sonra komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən tikinti işlərinin dayandırılması məqsədilə dərhal zəruri tədbirlər görülüb. Eyni zamanda, gələcəkdə həmin ərazidə hər hansı qeyri-qanuni tikinti işlərinin aparılması cəhdlərinin qarşısını almaq məqsədilə bu barədə yerli icra hakimiyyəti orqanlarına və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə, habelə hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bununla yanaşı, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyi tərəfindən həmin sakinlərlə görüş keçirilmiş və qeyri-qanuni tikinti işlərinin qarşısının alınması üçün təşəbbüskarlığa və vətəndaş borcunun yerinə yetirilməsinə görə onlara təşəkkür bildirilib. Sakinlərin diqqətinə çatdırılmışdır ki, bu ərazidə tikinti layihəsinin yerinə yetirilməsi ilə bağlı gələcəkdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə yeni müraciət daxil olacağı təqdirdə həmin layihə şəhərsalma qanunvericiliyi ilə müəyyən olunan norma və tələblər çərçivəsində dəyərləndiriləcək, qonşuluqda yaşayan insanların hüquq və mənafeləri nəzərə alınacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bir daha müraciət edərək, Azərbaycan Respublikasının şəhərsalma qanunvericiliyinin bütün tələblərinə riayət etməyə çağırır. Müvafiq icra hakimiyyəti orqanlarından tikintiyə icazə sənədi alınmadan hər hansı tikinti işlərinin aparılması qadağandır və bu sahədə mövcud qanunvericiliyin tələblərini pozan şəxslərə qarşı ciddi tədbirlərin görülməsi təmin ediləcəkdir.

152
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

33
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

33
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

64
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

64
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN