Nazirlər Kabineti

Çoxdan gözlənilən qərar verildi: Vətəndaşların əsas sıxıntılarından biri aradan qalxır

7376
(Yenilənib 14:07 24.04.2019)
Məqsəd parklama yerlərinə yaxın ərazidə yaşayan insanların pulsuz parkinqlərdən istifadəsini təmin etməkdir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti (NK) "Fərdi parklama talonlarının forması, habelə onların verilməsi Qaydası"nın təsdiq edilməsi barədə qərar verib. Qərara görə, bundan sonra vətəndaşlar yaşadıqları ərazilərə yaxın parklama yerlərindən pulsuz istifadə edə biləcəklər. 

Qeyd edək ki, bir neçə il əvvəl - parklama yerləri Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətində olan zaman da vətəndaşlara yaşadıqları yerlərə yaxın ərazidə pulsuz atomobil saxlamaq üçün talonlar verilirdi. Amma bu proses uzun çəkmədi.

Nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, fərdi parklama talonları ilə bağlı indi atılan addım uzun müddət gözlənilirdi. Belə ki, Bakı Nəqliyyat Agentliyi (BNA) parklama yerlərinə yaxın ərazidə yaşayan insanlar üçün pulsuz parkinq yerlərinin müəyyən edilməsi üçün Nazirlər Kabinetinə müraciət etmişdi.

Həmsöhbətimizin dediyinə görə, buraya dövlət tərəfindən tikilən və istifadəyə verilən yolkənarı, yeraltı parklama yerləri daxildir: "Məqsəd parklama yerlərinə yaxın ərazidə yaşayan insanların pulsuz parkinqlərdən istifadəsini təmin etməkdir. Əvvəl də belə bir qanun var idi, amma qaydalar müəyyən edilməmişdi".

Diqqətə çatdıraq ki, Bakı şəhəri ərazisində yaşayan vətəndaşlar parklama kartlarını almaq üçün BNA-ya, digər ərazilərdə yaşayanlar isə müvafiq icra hakimiyyətlərinə şəxsən və ya elektron qaydada müraciət edə bilərlər.

"Parklama kartı avtomobilin ön alın şüşəsinə vurulmalıdır. Bu kartlar vətəndaşlara imkan verəcək ki, onlar parklama yerlərindən pulsuz istifadə edə bilsinlər. Ancaq xüsusilə qeyd etmək lazımdır ki, fərdi parklama kartı yalnız verildiyi ərazi üçün nəzərdə tutulur. Hər kəsin öz yeri olacaq. Həmin sürücülər istədikləri vaxt gedib öz yerlərində saxlaya biləcəklər. Kartlarda vaxt limiti qoyulmayıb" - deyə Muradlı vurğulayıb.

Onun sözlərinə görə, yeni qərar "Yol hərəkəti haqqında" qanunun 53-cü madəsinin tələblərini tam əhatə edir: "Yəqin ki, çox qısa müddətdə bu qaydaların icrası ilə məşğul olunacaq. Çünki vətəndaşlar bu məsələdən çox narazı idilər və bildirirdilər ki, ərazidə yaşadıqları halda parkinqlər onlara çox baha başa gəlir".

Hüquqşünas Ərşad Hüseynov da Sputnik Azərbaycan-a açıqlamasında NK-nın qərarının müsbət addım olduğunu deyib: "Bundan sonra belə talonu olan şəxs yaşadığı evin (binanın) yaxınında olan konkret parklama ərazisindən ödəniş etmədən və məhdudiyyətsiz istifadə edə biləcək. Yəqin ki, yaxın zamanlarda talonların verilməsinə başlanacaq".

7376
Əlaqədar
Paytaxtda yeni avtomobil yolu inşa edilir
Bakıda avtobus minik avtomobili ilə toqquşdu, yaralılar var
Sabahdan bəzi yollarda avtomobil hərəkəti məhdudlaşdırılacaq
Avtomobillərin parklanma qaydaları müəyyənləşdi