Boşanma, arxiv şəkli

Yüz ölçüb, bir biçəcəyik Artıq boşanmaq da mümkün olmayacaq

9602
(Yenilənib 17:40 15.04.2019)
"Bu proqram ailə münaqişələrini azaldacaq, uşaqların daha az psixoloji zərər görməsinə səbəb olacaq"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 15 aprel — Sputnik. Milli Məclisdə "Mediasiya haqqında" qanun layihəsi birinci oxunuşda qəbul edilib. Bu qanunun əsas məqsədi tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etməkdir. Qanunun qəbulu digər məsələlərlə yanaşı, ailə münasibətlərindən irəli gələn mübahisələrin həllinə yardım etməlidir. Başqa sözlə desək, artıq boşanmağa qərar verən şəxslər öncə mediatorlara müraciət edəcək, bir müddət danışıqlar aparıldıqdan sonra isə boşanmaqla bağlı qərarlarını verəcəklər.

Maraqlıdır, Azərbaycan cəmiyyətinə həqiqətən də mediatorlar gərəkdirmi? "Mediasiya haqqında" qanun boşanmaların sayının azalmasına təsir göstərə biləcəkmi? Sputnik Azərbaycan-ın əməkdaşı məsələ ilə bağlı suallara aydınlıq gətirmək üçün mütəxəssislərin fikirlərini öyrənib.

Psixoloq Taryel Faziloğlunun fikrincə, bu qanunun qəbul edilməsi zəruridir: "Boşanmaların artmasının ciddi səbəbləri var. Amma bunların əksəriyyəti gizli saxlanılır. Əsas səbəblərdən biri cütlük arasında seksual münasibətlərin doyumluq halına çatmasıdır. Eyni zamanda sosial maraqların fərqlilikləri, iqtisadi səbəblər, xarakter məsələləri, şiddət və bunun kimi başqa səbəblər də cütlüklərin ayrılmasına səbəb olur. Bu səbəblərdən əksər insanlar məlumatsız olduqlarına görə səbəblərin üzərində durmayıb, aqressiya ilə addım atırlar. Nəticədə hadisələr boşanmağa gətirib çıxarır".

Mediasiya xidməti
©Karikatura
Mediasiya

Psixoloqun qənaətincə, belə cütlüklər bir müddət mütəxəssis dəstəyi alsalar, gözləntilərini qeyri-real müstəvidən real müstəviyə keçirsələr, o zaman boşanmaların sayı azalacaq: "Amma problem əsl mütəxəssislərin azlığındadır. Əgər peşəkarlar cütlüklərlə işləsə, boşanmaların sayı ən azı 2 dəfə azala bilər. Bu qanun həyata keçirilsə və mütəxəssislər bu sahədə çalışsa, yeni qanun bu günə kimi ən uğurlu layihələrdən biri olacaq".

Sosioloq Əhməd Mansurov da düşünür ki, "Mediasiya haqqında" qanunun qəbulu cəmiyyətimiz üçün olduqca mühüm hadisə ola bilər: "Bu proqram ailə münaqişələrini azaldacaq, uşaqların daha az psixoloji zərər görməsinə səbəb olacaq". 

Ə.Mansurov qeyd edib ki, mediasiya xidmətinin uğurla həyata keçirilməsi üçün öncə cəmiyyətə onun vacibliyi aşılanmalıdır: "Vətəndaşlar öz problemlerinin həllində mediasiya ekspertlərinə inanmalıdırlar. Təəssüflər olsun ki, bir çox hallarda insanlar təcrübəsiz psixoloqlar ilə qarşılaşırlar. Bu da problem yaradır. Əgər mediasiya xidmətləri fəaliyyətə başlayacaqsa, cütlüklərlə mütəxəssislərin işləməsi mütləqdir, əks halda cütlüklər əlavə emosional travma ilə üzləşə bilərlər".

Sosioloq onu da əlavə edib ki, bəzi problemli məsələlər elə mediasiya prosesində həll olunacaq və məhkəməyə göndərilməyəcək. Nəticədə də boşanmaların sayı azalacaq.

Qeyd edək ki, 5 fəsil 39 maddədən ibarət qanun mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. Mediasiya qanununa əsasən, mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həllinə cəhd olunacaq.

9602

Şəhid general-mayorla doğulduğu Qəbələdə izdihamlı vida

1215
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəman hərbçimiz, general-mayor Həşimov Poladın nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib.

General-mayor Həşimov Polad İsrayıl oğlu qəhrəmanca şəhid olub. Onun nəşi doğulduğu Qəbələnin Vəndam kəndinə gətirilib. Məmləkətinə onunla vidalaşmaq imkanı yaradılıb.

Qeyd edək ki, şəhidimiz sabah paytaxtdakı İkinci Fəxri Xiyabanda son mənzilə yola salınacaq.

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu, baş əsgər Məmmədov Elşad Dönməz oğlu, baş leytenant Mahmudov Rəşad Rəşid oğlu, hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu, bu gün isə döyüş zamanı müdafiənin ön xəttində olan general-mayor Həşimov Polad İsrayıl oğlu, polkovnik Mirzəyev İlqar Anzor oğlu, mayor Əhmədov Namiq Hajan oğlu, mayor Novruzov Anar Gülverdi oğlu, gizir Zeynallı İlqar Ayaz oğlu, gizir Babayev Yaşar Vasif oğlu və müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğlu şəhid olub.

1215
Buzovnada çimərlik, arxiv şəkli

Bəla gələndə tək gəlmir: Payızı gözləyək, vəziyyət bir az da pisləşə bilər

627
Psixoloq bildirir ki, karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması insanlarda müəyyən narahatlıqlar yaradıb.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 iyul — Sputnik. Hər il mövsümi olaraq payız aylarında insanlar müəyyən depressiya yaşayırlar. Mütəxəssislər bunu “payız depressiyası” adlandırırlar. Kimdəsə bu depressiya özünü daha sərt, kimdəsə daha yumşaq formada biruzə verir.

Bu ilin payızında isə depressiyanın daha kəskin olacağı proqnozlaşdırılır. Bunun da əsas səbəbi məhz sərt karantin qaydaları, insanları yayda belə, dincəlmədən evdə keçirməsi, qayğılarının daha da artması ilə izah olunur.

Mövcud pandemiya şəraitinin payızda depressiyaya səbəb olmaması nə edilməlidir?

Psixoloq Elnur Rüstəmov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu, daha çox payızda karantin rejiminin hansı formada davam etməsindən asılı olacaq: "Ona görə də hələlik bununla bağlı proqnoz vermək, payızda depressiya artacaq demək tələskənlik olardı. Çünki sentyabrda dərslərin açılması, bundan sonra iş yerlərinin də qismən bərpası insanların əhval-ruhiyyəsinə müsbət təsir göstərə bilər. Buna görə də, düşünürəm ki, biz hələlik payıza yox, bu günə hazırlaşsaq daha yaxşı nəticələr əldə etmiş olarıq. Yəni, karantin qaydalarına əməl etsək, qaydaları pozmasaq, maska taxıb sosial məsafəni gözləsək, gigiyenik qaydalara əməl etsək, bütün bunlar da karantin rejiminin yumşalmasına köklənə bilər".

"Biz bu il nə yazı, nə də yayı normal hiss etdik. Lakin mövcud vəziyyət payızda da davam edərsə, bu bir çox psixoloji problemlərin yaranmasına rəvac verə bilər. Psixoloji problem dedikdə, yalnız depressiya nəzərdə tutulmamalıdır. Bura təşviş, aqressiya və bir çox psixoloji problemləri də əlavə edə bilərik. Karantin qaydalarının davam etməsi, yeni vərdişlərin formalaşması onsuz da insanlarda müəyyən narahatlıqlar yaradıb. Çünki ötən ilin yayı ilə bu ilin yayını müqayisə etdikdə həyatımızda nə qədər dəyişikliklərin olduğunu görə bilərik. Ötən il insanların hamısı dincəlmək üçün harasa üz tutmasalar da,  ən azı istədikləri vaxtda evdən çıxa bilirdilər. İnsanlar rahatlıqla həyətə düşə, parka gedə bilirdilər. İnsanların bir azadlıqları var idi, bu gün isə o azadlıq məhdudlaşdırılıb", - deyə psixoloq əlavə edib.

O bildirib ki, insanlar asanlıqla yeni davranış modelinə uyğunlaşmış olsaydılar, bəlkə də karantin qaydaları bu qədər sərt olmazdı: "Bir toplum olaraq yeni davranış modelini bu rejimdə qəbul etməkdə çətinlik çəkdik. Çünki biz əl verib görüşməyə, sosial məsafə gözləməməyə öyrəşmişdik. Düşünürəm ki, bu gün hökumət payızdan daha çox bu günə köklənib yoluxanların sayının azalması, sağalanların sayının artmasına nail olmağı hədəfləyib. Yəni, bu gün hökumət payızdan daha əvvəl iyul və avqustda vəziyyəti nəzarətə almağı hədəfləyib".

627
Marketdə monitorinq, arxiv şəkli

Monitorinq keçirilmiş sahibkarlıq subyektlərinin 42%-i karantin qaydalarına əməl etməyib

0
(Yenilənib 08:36 15.07.2020)
Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir.

BAKI, 15 iyul — Sputnik. Fəaliyyətinə icazə verilmiş ticarət, xidmət və istehsal sahələrində Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən mayın 22-dən başlayaraq monitorinqlər keçirilir.

İqtisadiyyat Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu məqsədlə Bakı şəhəri ilə yanaşı, iqtisadi rayonlar, həmçinin sənaye müəssisələri üzrə monitorinq qrupları yaradılıb. İndiyədək monitorinq keçirilmiş 16133 sahibkarlıq subyektinin 6778-də və ya 42%-də nöqsanlar aşkar edilib.

Monitorinqlərdə Nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirmə işləri aparıb, xidmət personalının və istehlakçıların qoruyucu vasitələrdən istifadəsinin, fiziki məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunması zəruriliyini bir daha sahibkarların diqqətinə çatdırıblar.

"Son günlərdə aparılan nəzarət tədbirləri göstərir ki, ticarət, xidmət və istehsal sahələrində xüsusi karantin qaydalarına əməl edilməsi artıq gündəlik tələbə çevrilir. Əgər monitorinqlərin başlandığı ilk günlərdə monitorinqlərin əhatə etdiyi obyektlərin böyük əksəriyyətində nöqsanlar aşkar edilirdisə, hazırda bu cür hallar əhəmiyyətli dərəcədə azalıb. Belə ki, iyulun 13-də Bakı şəhərində monitorinq keçirilmiş obyektlərin cəmi 9,9%-də, digər şəhər və rayonlar üzrə isə 15,8%-də nöqsanlar aşkar olunub. İqtisadiyyat Nazirliyi bir daha bildirir ki, sahibkarlıq subyektləri tərəfindən xüsusi karantin qaydalarına, habelə zəruri sosial davranış və sanitar-epidemioloji tələblərə tam riayət olunmalıdır", - deyə nazirlikdən bildirilib.

0