Fazil Mustafa

Millət vəkili məktəbli qızın intiharı ilə bağlı sərt tənqidlə çıxış edib

467
(Yenilənib 11:32 09.04.2019)
"İntellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi bənzəmirlər direktora, bənzəmirlər müəllim obrazına"

BAKI, 9 aprel — Sputnik. "Məktəbli qızın ölümü barədə yazıları oxudum. 14 yaş özlüyündə psixoloji dəyişimin ən sərt qaydalarını uşaqlara yoluxdurur. Sevgi, əyləncə, özünütəsdiq, eqoistlik, fərqlilik, nəzarətdən qaçma, yasaqlara meyl... Doğrudur, günahkar kimdir sualının cavabını hüquqi anlamda istintaqın gedişi söyləyə bilər. Ancaq anlaşılan bir gerçək var ki, evdə də, məktəbdə də mənəvi mühit arzuolunan səviyyədə deyil. Əlbəttə, dünyagörüşü məhdud bir direktorun ifadələri "günah keçisinin" varlığı barədə ictimai təskinliyi qismən yaratmış oldu, ancaq yenə də bir sual açıq qaldı ki, bu direktor olmasaydı, intihar baş verməyəcəkdimi?"

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa öz "Facebook" səhifəsində yazıb.

O, qeyd edib ki, uşaq məktəbə virusu ailədən daşıyır.

"Bu intiharda Nobel mükafatı laueratı Markesin məşhur "Gözlənilən bir qətlin tarixçəsi" əsərinin süjetini doğrudanmı xatırlamadınız? Boşanmaların sayının artmasından, narkomaniyanın, alkoqolizmin, əxlaqsızlığın bir qisim ailələrin içində şaxələnməsi səbəbinə görə bu virusun uşaqlara necə yoluxmasından xəbərsizikmi? Eyni zamanda uşaq məktəbdən virusu ailəyə daşıyır. Savadsız direktor, məktəbə, bağçaya sadəcə iş yeri kimi baxmağa məhkum edilmiş ideyasız müəllim çoxluğundan xəbərsizikmi? Ailə başçısı ilə məktəb başçısı, habelə sinif başçısı bir çox hallarda uşaq üçün yaxşı və ya pis mənada oxşar obrazlardır". 

Fazil Mustafa əlavə edib ki, Azərbaycanda bu gün ailə dəyərləri də, məktəb dəyərləri də mənəvi kateqoriya olmaqdan çıxıb, statistik meyarlara calaq edilib: "2 uşaq, 100 manat müavinət, 4 repetitor, 12 illik təhsil, 1-ci ixtisas, 450 bal və s. Ailə ilə məktəb arasındakı uçurumun üzərindəki körpü özlüyündə elə intihar körpüsüdür. 50 il öncə də, bu gün də fərqli ictimai-siyasi formasiyalarda təhsilə qeyri ciddi yanaşan bir cəmiyyət özəlliyimizi hələ də dəyişməmişik. Bir intihar hadisəsi üzərindən nəticə çıxarmaq düşüncəsində deyiləm. Psixoloji səbəblər də ola bilər, məktəb yoldaşlarının lağlağısı və yaxud şantajı da səbəb ola bilər, ailədəki psixoloji sarsıntı da... Hətta bəlkə də bu məsələdə ən günahsız köntöy ifadəsi ilə gündəmə gələn və işdən qovulan direktor ola bilər. Ehtimalları bir tərəfə qoyuram. Ailələrdəki durumu da. Çünki bir çox hallarda yaxınlarımızın belə arzuladığımız ailə qurmasına müdaxilə edə bilmirik. Ancaq müdaxilə edə biləcəyimiz bir sfera var, o da məktəbdir. Çoxlu təmaslarım olur, direktorlarla da, müəllimlərlə də. Vallah intellektual olaraq söyləmirəm, heç virtual olaraq da, vizual olaraq da xeyli hissəsi bənzəmirlər direktora, bənzəmirlər müəllim obrazına".

Millət vəkilinin sözlərinə görə, bu təyinatların doğru meyarını tapmaq lazımdır, şagirdi intihardan saxlaya biləcək qüdrətə, təfəkkürə sahib direktoru, müəllimi kəşf etmək çətin deyil: "Marsdan gətirmək imkanımız yox, doğru. Ancaq savadlı, sağlam düşüncəli, gözəl əxlaqlı, ideyalı insanları məktəblərin, universitetlərin, peşə məktəblərinin, kolleclərin, bağçaların başına gətirmək Marsa uçmaq qədər çətin deyil axı".

467
Mövzu:
Məktəbli qızın intiharı (6)
Əlaqədar
Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən atdı
Bakıda özünü məktəbin pəncərəsindən atan şagird öldü
Təhsil Nazirliyi məktəb direktorunun təhqiramiz fikirləri ilə bağlı açıqlama verdi
Şagirdi intihar edən məktəbin direktoru işdən çıxarıldı
Haluk Levent

Müğənni koronavirusa görə işsiz qalanlar üçün xeyriyyə aksiyası keçirəcək

5
(Yenilənib 00:07 03.12.2020)
Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

BAKI, 3 dekabr — Sputnik. Türkiyəli müğənni Haluk Levent növbəti xeyriyyə işi ilə gündəmə gəlib.

Sputnik Azərbaycan xəbər verir ki, Türkiyədə sərtləşdirilən koronavirus qadağalarından sonra sənətçi işsiz qalan vətəndaşlara yardım edəcəyini bildirib.

O, 20 min ailəyə qida paketləri paylayacağını söz verib. Qeyd edək ki, Haluk Levent AHBAP adlı (Anadolu Halk ve Barış Platformu) xeyriyyə təşkilatının lideridir.

Müğənni olmaqla yanaşı, yardıma ehtiyacı olan insanlara kömək kampaniyaları ilə də məşhurdur. O, hətta ötən il Azərbaycanda xərçəng xəstəliyindən əziyyət çəkən Surə Nadirovanın müalicəsi üçün xeyriyyə konserti təşkil etmişdi.

Sənətçi bundan başqa, ötən ay İzmirdə baş verən zəlzələ nəticəsində sahibsiz qalan və yaralanan heyvanlara da yardım edib.

5
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Reabilitasiya Mərkəzində, arxiv şəkli

Sosial reabilitasiya müəssisəsinə qəbul olunanlar arasında xeyli uşaq var

14
(Yenilənib 23:47 02.12.2020)
Sosial reabilitasiya müəssisəsində hazırda 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 3 dekabr — Sputnik. 2020-ci il noyabr ayı ərzində "Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsi"nə 23 sakin qəbul olunub.

Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən daxil olan məlumatda bildirilir.

Orada qurumun son aylardakı fəaliyyəti ilə bağlı qeyd olunur ki, müəssisəyə qəbul edilən 23 nəfərdən 7-si uşaq, 16-ı isə 18 yaşdan yuxarı olanlardır. Qəbul olunan yeni sakinlərin 12-si qadın, 11-i isə kişi cinsinə mənsubdur.

Məlumatda bildirilir ki, hazırda müəssisədə 72 sakinə xidmət göstərilir. Onlardan 23-ü qadın, 49 nəfəri isə kişidir. Sığınacaqda müvəqqəti məskunlaşanların yaş həddinə gəlincə, 72 sakinin 17-si uşaq, 55-i isə 18 yaşdan yuxarı olanlardır. 

14