Sürücülük vəsiqəsi

Yeni sürücülük vəsiqəsindən plastik kart kimi istifadə edə bilərik

169
(Yenilənib 12:39 05.04.2019)
Yeni sürücülük vəsiqələrində xüsusi qoruyucu detallar olacaq ki, kimsə sürücülük vəsiqəsinin saxtalaşdıra bilməsin

BAKI, 5 aprel — Sputnik. "Əvvəllər sürücülük vəsiqələri Avropa Konvensiyasına uyğun deyildi. Onun üzərində olan yazılar ingilis dilində təkrar verilmirdi". Bunu nəqliyyat eksperti Elməddin Muradlı Sputnik Azərbaycan-a Nazirlər Kabinetinin (NK) "Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında" qərarını şərh edərkən bildirib.

O qeyd edib ki, yeni qaydalara görə, sürücülük vəsiqəsində kateqoriyalar ardıcıl olaraq göstərilməli, xüsusi qeydlər bölməsi yaradılmalı, ad və soyad ingilis dilində də təkrar yazılmalıdır.

"Çünki Azərbaycan dilində bəzi hərflər var ki, onlar ingilis dilində yoxdur. Bu baxımdan bəzi sürücülər xarici ölkələrdə bu sürücülük vəsiqələri ilə gedəndə əziyyət çəkirdilər. Bəzi ölkələrdə sürücülər polis tərəfindən saxlanıldığı zaman əcnəbi polislər bizim sürücülük vəsiqəsini başa düşmürdü. Hökumətin qərarı buna hesablanıb" - deyə Muradlı vurğulayıb.

Ekspertin sözlərinə görə, digər tərəfdən yeni sürücülük vəsiqələrində xüsusi qoruyucu detallar olacaq ki, kimsə sürücülük vəsiqəsini saxtalaşdıra bilməsin: "Eyni zamanda çip formasında müəyyən göstəricilər ola bilər. Yeni qaydalar tətbiq edilərsə, düşünürəm ki, biz sürücülk vəsiqələrindən gələcəkdə plastik kart kimi də istifadə edə bilərik. Dünyanın bir çox ölkələrində bu təcrübə var. Azərbaycanda da yeni texnologiyanın tətbiqi buna imkan verə bilər".

169