Yanğınsöndürənlər

"Yanğınsöndürənlər gec gəldi", "Avtomobillərində su yox idi”...

4332
(Yenilənib 13:08 04.04.2019)
İctimai binalarda, internat məktəblərində, sanatoriyalarda və ümumiyyətlə, insanların kütləvi toplaşdıqları tikililərdə barmaqlıqların quraşdırılması yolverilməzdir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 4 aprel — Sputnik. Ölkə ərazisində, demək olar ki, hər gün yanğın hadisəsi baş verir. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin əməkdaşları bu yanğınların baş verməməsi, əgər yanğın baş veribsə, onun söndürülməsi üçün əllərindən gələni edir, əməkdaşlar xidməti vəzifələrinin öhdəsindən layiqincə gəlirlər.

Lakin bəzən vətəndaşlar yanğınsöndürənlərin xidməti fəaliyyətindən narazı olduqlarını bildirir, "Yanğınsöndürənlər gec gəldi", "Avtomobillərində su yox idi" və s. kimi iradlar səsləndirirlər. Necə ki, bir neçə gün öncə “Diqlas” Ticarət Mərkəzində baş verən həddən artıq mürəkkəb yanğının söndürülməsi zamanı narazılıq yaranmışdı. Guya ki, hadisə yerinə gələn avtomobillərdə su olmayıb, yanğınsöndürənlər kifayət qədər səy göstərməyib. Hətta yanğınsöndürənlər yanğını bilərəkdən söndürmədikləri ilə bağlı iddialar da səslənmişdi.

Sputnik Azərbaycan-ın əməkdaşı iddialar, ittihamlara aydınlıq gətirmək üçün Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovniki Elnur Babayevdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik:

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev
© Sputnik / Irade JELIL
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev

- Elnur müəllim, ötən il baş verən yanğınların statistikası necə olub?

- Qeyd edim ki, 2018-ci il ərzində FHN-in "112" və "101" qaynar xəttinə daxil olan çağırışlar üzrə baş verən yanğınların aradan söndürülməsi üçün Dövlət Yanğından Mühafizə Xidmətinin struktur bölmələri tərəfindən operativ olaraq 15229 çıxış edilib. Daha dəqiq desək, çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində baş verən yanğınlara görə 2219, açıq sahələrdə yanğınlara görə 9946, nəqliyyat vasitələrində yanğınlar üçün 330, meşə və meşə talalarında yanğınlara görə 9 və digər yanğınların söndürülməsinə görə 2725 çıxış olub.

Çox təəssüflər olsun ki, baş verən yanğınlar zamanı insan tələfatı da qeydə alınıb. Belə ki, ötən il yanğınlarda 83 nəfər həlak olub, 165 nəfər xəsarət alıb. Bu da 2017-ci illə müqayisədə müvafiq olaraq 32 nəfər və ya 63% çox, xəsarət alanlar üzrə 60 nəfər və ya 27% azdır.

- Yanğınların söndürülməsi zamanı vətəndaşların narazı qaldığı anlar olubmu?

- Bəzən vətəndaşlardan "Yanğınsöndürənlər gec gəldi", "Avtomobillərində su yox idi" və s. kimi iradlar eşitmişik. Bu isə tamamilə yanlış iradlardır və absurddur. Çünki yanğın avtomobilləri günün bütün vaxtlarında su ilə dolu halda hazır vəziyyətdə olur. Su olmayan avtomobillərin təyinatı başqadır. Bunlara misal olaraq çoxmərtəbəli binalara çıxmaq və yaxud insanları balkondan təxliyə etmək üçün nəzərdə tutulan avtonərdivanlardır. Bildiyiniz kimi, son illər Bakıda çoxlu çoxmərtəbəli binalar inşa edilib və infrastruktur günü-gündən genişlənir.

Qeyd edim ki, bina və qurğuların istismarı zamanı yanğın təhlükəsizliyi tələblərinə, standartlarına, norma və qaydalarına əməl olunmasına nəzarət funksiyasını Dövlət Yanğın Nəzarəti Xidməti həyata keçirir. Xidmətin vəzifələrindən biri də, su mənbələri tələb olunan ərazi və ya obyektlərdə su mənbələrinin normativ sənədlərinin tələblərinə uyğun olaraq mövcudluğudur. Yanğın avtomobili yanğın yerinə gələn zaman, ilk olaraq əməkdaşlar tələb oluna biləcək su ehtiyatlarının yeri ilə maraqlanır. Vətəndaş da fikirləşir ki, su yoxdur. Əslində onlar unudurlar ki, yanğınsöndürmə avtomobillərinin su tutumu məhduddur, bir neçə tondur. Bu isə yüksək təzyiqlə vurulduqda qısa müddətdə qurtarır. Deməli, yanğını söndürmək üçün hər bir binanın, obyektin yanında daimi su mənbəyi olmalıdır. Bu səbəbdən də yanğınsöndürənlər ilk növbədə yaxınlıqdakı su mənbəyinin yerini dəqiqləşdirirlər. Tikinti normalarının tələblərinə əsasən bütün binalarda daxili yanğın su kranları, ərazisində isə su hidrantları və ya yanğın su hovuzları olmalıdır və su mənbələrinə gedən yollar açıq olmalıdır ki, yanğın avtomobilləri manevr edə bilsin.

Onu da qeyd edim ki, bu günlərdə FHN tərəfindən "Binalarda yanğının söndürülməsinə maneə törədilməməlidir" başlıqlı maarifləndirici sosial yönümlü bir video-çarx hazırlandı. Bu çarxda vətəndaşların yaşayış binalarının həyətlərində yanğınsöndürənlərə törədilən çətinliklər əks edilmişdi.

Sakinlər tərəfindən nəqliyyat vasitələrinin yanğın keçidlərində - yolun hərəkət hissəsində park etməsi, daxili yanğın su kranlarının şlanqlarının, lülələrin, ilkin yanğınsöndürmə vasitəsi olan odsöndürən balonların olmaması yanğının qısa zaman kəsiyində, sahəsi böyümədən söndürülməsinə əngəl yaradır. Çoxmərtəbəli binalarda yanğıların söndürülməsində daxili yanğın kranlarının imkanlarından istifadə olunmalıdır. Lakin bəzi hallarda sadalanan vasitələrin saz vəziyyətdə olmamasının şahidi oluruq.

Binanın nasosxanası olmalı, orada ən azı iki ədəd yanğın nasosu quraşdırılmalı və bu yanğın nasosları binanın ümumi elektrik təchizatı sisteminə deyil, əlahiddə elektrik xəttinə qoşulmalıdır. Düşünün ki, elektrik kommunikasiya xətləri keçən, binanın daxilində yerləşən şaxtada tüstülənmə və ya yanğın baş verib. Hər yeri tüstü bürüyüb. Həmin o xətləri ümumi şəbəkədən ayırmalıyıq. 

Əgər bu nasoslar ümumi elektrik şəbəkəsinə qoşularsa, binanın yanğın su xətlərində lazımi təzyiq olmayacaq, nəticədə daxili yanğın kranına su gəlməyəcək. Bu səbəbdən də yanğının söndürülməsində vaxt itkisi yaranacaq.

- Bəzən vətəndaşlar iddia edir ki, yeni tikilən binalar arasında məsafə az olduğu üçün yanğınsöndürmə texnikalarının keçidinə maneə yaradır. Bu doğrudurmu?

- Layihələndirilən obyektlərin yanğın təhlükəsizliyi baxımından normativ tələblərə uyğunluğunu nəzərdən keçirən Dövlət Yanğın Nəzarəti Xidmətində müvafiq struktur bölmə var. Bu struktur bölmə layihələndirmə dövründə layihələri nəzərdən keçirir. Bu zaman aşkar edilmiş, istər baş planda bina və qurğularla, istərsə də kommunikasiya xətləri ilə ara məsafə nəzərdən keçirilir. Nöqsan aşkar edildiyi zaman layihəçiyə bu nöqsan barədə yazılı bildirilir. Yalnız yanğın təhlükəsizliyi tələblərinə cavab verən layihə sənədlərinə xidmətdə müsbət rəy verilərək razılaşdırılır. Qeyd edim ki, yanğın keçidlərinin hər iki tərəfi açıq olmalı, təkcə yanğın avtomobili deyil, həmçinin xüsusi texnikalarımız var ki, adi avtomobillərdən fərqli olaraq manevr etmələri üçün onlara daha geniş yollar tələb olunur. Layihə sənədlərində bu tələbə ciddi diqqət yetirilir.

- Bəzi binaların birinci mərtəbələrində pəncərələrə dəmir barmaqlıqlar vurulur. Bu, yanğınlar zamanı problem yaratmır ki?

- Müvafiq texnika və vasitələrimiz var. Yanğın zamanı bunlardan istifadə edilir. Ancaq qeyd edim ki, ictimai binalarda, internat məktəblərində, sanatoriyalarda və ümumiyyətlə, insanların kütləvi toplaşdıqları tikililərdə barmaqlıqların quraşdırılması yolverilməzdir. Yaşayış evlərində isə bu məsələyə qadağa yoxdur.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev
© Sputnik / Irade JELIL
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev

- Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi üçün texnika və vasitələriniz varmı?

- Hazırda təchizatda 104 metr hündürlüyə qaldırılması mümkün olan avtonərdivanımız var ki, 30 mərtəbəyədək binalarda istifadəsi mümkündür. Təchizat baxımından FHN dünya standartlarına uyğun bütün texnika və vasitələrlə təmin edilib. Vətəndaşlar tam arxayın olsun ki, ən müasir yanğınsöndürmə və xilasetmə texnikamız var.

- Yollarda tıxac problemi yanğın avtomobillərinin hadisə yerinə vaxtında çatmasına maneə törədirmi?

- Bəli, yollarda problemlərimiz olur. Yanğın avtomobillərinə bəzən yol verilmir. Yol Hərəkəti Haqqında Qanununda hərəkət iştirakçılarının operativ nəqliyyat vasitələrinə yol verməli olduqları tələbi təsbit edilsə də, bəzi sürücülər buna əməl etmirlər. Əsas çətinliyimiz sakinlər tərəfindən binaların, yaşayış komplekslərinin həyət və ya ərazisində təyin olunmamış yerlərdə avtonəqliyyat vasitələrinin park edilməsidir. Səhv etmirəmsə, belə bir hadisə bu ilin yanvar ayında, Binəqədi rayonu ərazisində baş vermişdi. Yanğınsöndürənlər yanğını söndürmək əvəzinə fiziki güc tətbiq edərək yolun hərəkət hissəsində park edilmiş avtomobili kənarlaşdırmaqla məşğul idi. Təbii ki, bu kimi hadisələr yanğınların tez söndürülməsinə maneə yaradır və sonra da həmin insanlar, "yanğınsöndürənlər gec gəldi" deyirlər. Hər bir vətəndaşımızdan yanğın təhlükəsizliyi qaydalarına əməl etmələrini xahiş edir, onlara təhlükəsiz həyat arzulayırıq!

4332