CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu ananın acısı heç bitmədi: "Oğlumu qəbirə öz əllərimlə qoydum"

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin qəbiri
Şəhid Aqşin Abdullayevin qəbiri - Sputnik Azərbaycan
Abunə olmaq
Şəhid mayor Aqşin Abdullayevin anası Dursun Cavadovadan ağrılı günlərin və dinməyən acıların hekayəsi

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Şəhidlik - ən ali məqamdır. O ali məqama çatmaq isə hər kəsə qismət olmur. Quran ayələrində də onun necə bir zirvə olduğunu göstərən məqamlar olduqca çoxdur.

Aqşin Abdullayev - 1982-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. 1999-cu ildə orta məktəbi əla qiymətlərlə bitirən Aqşin həmin il Bakı Ali Hərbi Məktəbinə qəbul olunub. 2003-cü ildə Ali Məktəbi qurtarıb və növbəti bir ildə TTM-də (Tədris Təlim Mərkəzi) təhsil alıb. 2003-cü ildə leytenant, 2005-ci ildə baş leytenant, 2009-cu ildə kapitan və 2013-cü ildə mayor hərbi rütbəsini qazanıb.

Şəhidimizin doğulub boya-başa çatdığı Kiş kəndində - İsmayıl Abdullayevin evində qonaq olduq. Anası Dursun Cavadova bizi Aqşinin otağına apardı. Oğlu haqqında Sputnik Azərbaycan-a danışan şəhid anası təkcə burada - oğlunun xatirələri ilə dolu otaqda rahatlıq tapdığını deyir: "Bu otaqda rahatlıq tapıram. Hər gün bu otağa girirəm, saatlarla şəkillərinə baxıb dərdləşirəm. Onun paltarlarını iyləyirəm, bağrıma basıram, təskinlik tapıram".

© Sputnik / Shahperi AbbasovaKiş kəndi
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Kiş kəndi

Hələ uşaq ikən hərb sənətinə bağlı olan Aqşinin valideynləri onu müəllim görmək istəsə də, o, hərb sənətini seçib: "Uşaq vaxtı Səməd bəy Mehmandarovun, Əliağa Şıxliniskinin və digər generalların, zabitlərin şəkillərindən ibarət albom hazırlamışdı. Balaca uşaq idi, bir-bir soruşurdu, onlar haqqında maraqlanırdı. Kim əsgərdən gəlirdisə, gedib onun papağını alırdı. O, hərbiyə getmək istəyəndə mane olmağa çalışsaq da, qarşısını ala bilmədik".

Qəribədir, vətən üçün özünü fəda edənlərin əksəriyyətinin həyat hekayəsinə nəzər salsaq görərik ki, sanki eyni taleyi yaşayıblar. Elə Dursun müəllimə də bu fikri təsdiqlədi: "Aqşin şəhid olandan sonra neçə-neçə şəhidimizin taleyi haqqında yazıları oxudum, onlar haqqında çəkilən sənədli verilişlərə baxdım. Sanki tanrı onları seçib, hamısı seçilmiş insanlardı. Hamısı eyni taleyi yaşayıb".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayev
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayev

2017-ci ilin fevralın 24-dən 25-nə keçən gecə cəbhənin Füzuli-Xocavənd istiqamətində, Nərgiztəpə ətrafında hərbi hissələrimizin kəşfiyyat qrupu düşmən təxribatının qarşısını alarkən, ordumuz 5 nəfər şəhid verib. O şəhidlərdən biri də mayor Aqşin İsmayıl oğlu Abdullayev olub.

Onun şəhid olduğunu hər kəs bilirdi, doğmalarından başqa. Dursun Cavadova oğlunun şəhid olduğu günləri belə xatırlayır: "24 fevral günü məktəbimizdə Xocalı hadisələri ilə bağlı tədbir keçirilirdi. Həmin tədbirdə otura bilmədim. Çox narahat idim. Gəldim evə, rahatlıq tapmadım. Atamın yurduna getdim (hazırda orada heç kim yaşamır), dedim ağlayım bəlkə ürəyim sakitləşər. Həmin gün nəfəs ala bilmirdim. Yolda da kim görürdüsə, Aqşini soruşurdu. Gəlib evə çatanda, gördüm həyətimizdə çoxlu insanlar var. Dedilər Aqşin yaralanıb. 3 gün hamı gəlib-gedirdi. Sən demə, yoldaşım, mən və gəlinimizdən savayı hər kəs Aqşinin öldüyünü bilirmiş. Yalandan dedilər ki, Aqşinə böyrək lazımdır. Dedim böyrəyimi verirəm, məni ona çatdırın. Dedilər onu Türkiyəyə aparıblar. Bu minvalla vaxtı uzadırdılar".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin formaları
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayevin formaları

3 gündən sonra Dursun müəlliməyə o müdhiş xəbəri verirlər. Bu xəbərdən sarsılan ana həmin gecə yuxuda oğlunu görür. Sanki bu yuxu ona güc verir: "Həmin gün gecə yuxuda Aqşini gördüm. Gördüm ki, gəlib evə. Atasının təzyiqi var idi. Görürəm, atası üçün yemişan dəmləmişəm. Deyir, "ay ana, bax, qan içirəm". Deyirəm, "ay oğul atanın çayıdı". Deyir "yox, ay ana qandı bu. Gör nə qədər qan içmişəm. Narahat olma, mən sağam, ölməmişəm". O yuxu sanki mənə güc verdi. Dedim mənə heç nə lazım deyil. Balamı mən qarşılayacam. Heç görmüsüz ki, qadın tabut daşısın?! Oğlumun tabutunu mən götürdüm. Qəbrə də özüm qoydum".

"Sev məni, vətəni sevdiyin kimi, qoru məni, torpağı qoruduğun kimi..." Aqşin uşaq ikən anası ona belə oxşamalar söyləyirmiş. Ona həsr elədiyi oxşamaları dəftərə yazırmış. Sonradan ərinin təkidi ilə oxşama yazmağı tərgidən Dursun müəllimə həmin əlyazmaları məktəbdə saxlayır. Bir vaxt o oxşamaların Aqşinin tabutu üzərində oxunacağı heç vaxt ağlına gəlməzdi: "Aqşindən əvvəl mənim 4 övladım ölüb. Ona görə də Aqşinə qarşı həssas idim. Ona həsr elədiyim oxşamaları məktəbdəki şkafımda saxlayırdım. Onun dəfn günü xahiş elədim, o dəftərləri gətirdilər. Abdulla Qurbani (Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik- red.) onun tabutu üzərində həmin oxşamaları oxudu. 20 il əvvəl heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa Aqşinə həsr elədiyim oxşamalar onun dəfnində oxunacaq".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin kokarda və poqonu
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayevin kokarda və poqonu

Şəhid mayorun otağında cənazəsinin fotosu da yer alıb. Bu foto özü də vətənpərvərlik tərbiyəsinin ən böyük təcəssümüdür. Dursun müəllimənin təbirincə desək, düşmənin gözünə bir oxdur:

"Həmin döyüşdə oğlumla bərabər 5 igid oğlumuzu itirdik. Oğlumla birlikdə şəhid olan igidlərimizin ölüm səhnəsinə bir baxın. Oğlum öləndə də yumruğu ilə torpaqdan yapışıb. Dəfn etməzdən əvvəl əlini açıb torpağı təmizləmək istəsələr də alınmadı".

Əməkdar müəllim Dursun Cavadova Kiş kəndinin sayılıb-seçilən müəllimlərindəndir. Yüzlərlə şagird yetişdirib. Lakin o, Aqşində olan vətənpərlik məfkurəsini nə şagirdlərində, nə də digər övladında görüb: "Çox fərqli uşaq idi. Deyirdi "torpaq canlıdır, müqəddəsdir". Ona zarafatla deyirdim ki, canlı deyil. Bu sözümə əsəbləşirdi. Onu heç kim əvəz eləmir, yerini heç kim doldurmur".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin kokarda və poqonu
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayevin kokarda və poqonu

Dursun müəllimənin dediyinə görə, Aqşinin oğlanları Amin və Ömər də ataları kimi hərb sənətinə bağlıdırlar: "Aqşinin oğlanları da çox vətənpərvərdir. Aqşin şəhid olanda kiçik oğlu Ömər 6 aylıq idi. İndi onun 3 yaşı var, balaca tapancası var. Bütün günü deyir "ermənini atıram, öldürürəm", "ata, öldü, ermənini öldürdüm". Səmada ay, ulduz görən kimi deyir "ata, gəl". Ömər mütləq atasının intiqamını alacaq. Kaş o böyüyənə qədər müharibə bitsin, ehtiyac olmasın. İndidən hiss edirəm ki, onda da atası kimi vətənpərvərlik hissi güclüdür. Böyük oğlu Amin də hərbiyə meyillidir. Deyir hərbiyə gedəcəm. 8-ci sinif şagirdidir. Deyirəm heç olmasa məktəbi bitir, deyir yox 9-cu sinfi bitirən kimi gedəcəm".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin medalları
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayevin medalları

"Əvvəllər hərbi geyimli əsgər görəndə dəli olurdum sanki. Deyirdim heç vaxt razı olmaram ki, mənim nəvələrim hərbiçi olsun. Amma indi düşünürəm ki, mütləq o geyimi daşıyacaq bir zabit yetişdirməliyəm. Aqşinin oğlanlarında intiqam hissi yüksək olmalıdır. Onların qarşısını almaq mümkün olmayacaq" - şəhidin anası deyir.

Aqşin şəhid olmamışdan əvvəl xanımı bir yuxu görür. Gördüyü yuxunu Dursun müəlliməyə danışır. Dursun müəllimə ona yalandan təskinlik versə də, ürəyinə şübhə düşür: "Gəlinim Aqşin ölməmişdən qabaq yuxu görmüşdü. Zəng edib mənə dedi ki, "yuxu görmüşəm. Yuxuda görürəm Heydər Əliyevin böyük bir şəkli göydən düşdü qarşıma. Dedim nə gözəl şəkildir. Hər kəs qırmızı geyinib. Hamı var, Aqşindən başqa. Aqşini axtardım, tapmadım". O yuxu mənə çox pis təsir elədi. Çünki, şəkil ayrılıqdır. Amma ona deyə bilmədim".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin vəsiqəsi
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayevin vəsiqəsi

2016-cı ildə baş verən aprel döyüşlərində Azərbaycan ordusu xeyli itki verdi. Dursun müəllimə ölümü oğluna yaraşdırmasa da, hər an onun da ölüm xəbərini alacağına özünü hazırlayırmış:

"Bir insanın əzizi xəstə olanda, psixoloji olaraq onun ölümünə hazırlaşır. Düşünürsən ki, hər an bu hadisə baş verə bilər. Mən də aprel hadisələrində bu xəbəri hər an ala biləcəyimi düşünürdüm və bir növ özümü buna hazırlayırdım. Bu hadisələrdən xeyli müddət keçdikdən sonra oğlumun acı xəbərini alacağım ağlıma belə gəlməzdi. Biz buna hazır deyildik".

© Sputnik / Shahperi AbbasovaŞəhid Aqşin Abdullayevin otağı
Bu ananın acısı heç bitmədi: Oğlumu qəbirə öz əllərimlə qoydum - Sputnik Azərbaycan
Şəhid Aqşin Abdullayevin otağı

Şəhidimizin valideyinləri ilə birlikdə yollandıq onun uyuduğu məkana. Hər bir azərbaycanlı kimi şəhid qəhrəmanımız da Qarabağın işğaldan azad olunacağına çox inanıb. Torpaqlarımızın tezliklə işğaldan azad olunması diləyi ilə Aqşinin əbədi uyuduğu məkandan ayrıldıq...

Xəbər lenti
0