Ramilə Məmməodva

O, cəmiyyətdə "cırtdan" deyə çağırılmaq istəmir 21 yaşlı qızın üsyanı

7902
(Yenilənib 20:21 02.04.2019)
Valideynlərim dəfələrlə müxtəlif həkimlərə müraciət etsələr də, onlara müalicə üçün gec olduğunu bildiriblər

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 3 aprel — Sputnik. Fiziki qüsurlu insanlar... Nə qədər acınacaqlı olsa da, cəmiyyətimiz heç də hər zaman belə insanları qəbul etmək istəmir. Sağlam insanlar onlarla fərqli davranır, bəzən onlara yazığı gəlir, bəzən isə hətta qəddarcasına münasibət bəsləyirlər. Onlar isə bizlərdən biridir – sadəcə fərqli fiziki imkanlarla...

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində tanış olduğumuz Ramilə Məmmədova da cəmiyyətin sərt üzünü görənlərdəndir. O, insanlarla yanaşı getməkdən çəkinir. Səbəbi isə boyunun qısa olmasıdır. O, Sputnik Azərbaycan-a müsahibəsində bu barədə ətraflı danışıb.

- Ramilə, istərdik ki, söhbətimizə başlamazdan əvvəl özün haqda, qısaca da olsa, məlumat verəsən...

- 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində təhsil alıram. 21 yaşım olmasına baxmayaraq, boyum 1.20 metrdir. Buna görə də çox kompleksim var. Ailəmizdə digər bacılarımda isə boy qısalığı yoxdur. Bu problem məndə anadangəlmə deyil, sonradan yaranıb. 1 yaşdan sonra sümük inkişafım dayanıb və yığılıb. Valideynlərim dəfələrlə müxtəlif həkimlərə müraciət etsələr də, onlara müalicə üçün gec olduğunu bildiriblər. Ona görə də müxtəlif vaxtlarda müalicələr alsam da, heç bir xeyrini görməmişəm.

- Orta məktəb təhsilin varmı?

- Komplekslərim olduğu üçün 11 il evdə təhsil almışam.

Ramilə Məmməodva
© Sputnik / Nigar Maharram
Ramilə Məmməodva

- Səndə ən çox kompleks yaradan, səni incidən səbəb nədir?

- Boyum balaca olsa da, evin ən çox sevilən övladı elə mən olmuşam. Lakin kompleksə səbəb cəmiyyətdən gördüyüm aqressiv, sərt münasibətlərdir. Boyuma görə məni ələ salıb, gülənlər də olub. Hətta “balacaboy”, “cırtdan”  deyə çağıranlar da olub. Amma zamanla onların dediklərinə laqeyd yanaşmağa çalışmışam. Çünki düşündükdə, ürəyimə saldıqda, qəlbim daha çox qırılır.

- Bura gəldikdən sonra necə, kompleksləri ata bilmisənmi?

- Öncələr bacılarımla birgə yol getməkdən çəkinirdim. Onlar isə həmişə israr edirdilər ki, "gəl, birgə gedək". Amma qorxurdum ki, kimsə məni ələ salar. Ötən il noyabrın 8-də bu mərkəzə gəlmişəm. Bura gələndən sonra çox dəyişdim, təskinlik tapdım. Özüm kimi insanlarla tanış oldum, dostlar qazandım. Özümə çox arxayınam, artıq istədiyim yerə tək də gedə bilirəm. 

- Burada ən çox nə ilə məşğul olursunuz?

- Toxuculuğu çox sevdiyim üçün günümün böyük hissəsini məhz toxumaqla keçirirəm. Papaqlar, qızıl güllər toxuyuram. Muncuqlarla da işləyirəm.

- Harasa iş üçün müraciət etmisən?

- Bu vaxtadək heç zaman iş axtarmamışam. Çünki mənə cəmiyyətdə olan münasibətdən çəkinmişəm. Düşünürəm ki, buradakı təhsili bitirdikdən sonra işləyim, pul qazanım.

7902
Əlaqədar
Fiziki qüsurlu qız əsərləri ilə hər kəsi heyran qoyur
Fiziki qüsurlu uşaqlarımız əcnəbilərin niyə diqqətini çəkir?
Körpələrinin qüsurlu doğulacağını öyrənən anadan ürək dağlayan hərəkət
Muğam Mərkəzində Sputnik-in haqqında yazdığı fiziki qüsurlu qızın sərgisi keçiriləcək