Sürücü

Azərbaycanda sürücülər narkotest edilirmi?

9151
(Yenilənib 18:29 30.03.2019)
E.Muradlı hesab edir ki, bu sahədə kifayət qədər qanunlar olsa da, qanunların icra mexanizmi mükəmməl deyil

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 31 mart — Sputnik. Gürcüstanda sürücülərin nəqliyyat vasitələrini narkotik vasitələrin təsiri altında idarə edib-etmədikləri xüsusi testlə müəyyən olunacaq. Bununla əlaqədar olaraq, artıq Almaniya istehsalı olan 10 min narkotest gətirilib.

Narkotik vasitələrin təsiri altında nəqliyyat vasitələrini idarə edən sürücülər sürücülük vəsiqəsindən məhrum olunmaqla yanaşı cərimələnəcək və ya 1 ilədək həbs ediləcəklər.

Qeyd edək ki, bu məsələ Azərbaycanda da aktualdır. Məsələn, martın 30-da Cəlilabad rayonunda yol hərəkəti qaydasını pozan sürücü saxlanılan zaman onun marşrut avtobusunu sürücü vəsiqəsi olmadan idarə etdiyi üzə çıxıb. Özünü şübhəli aparan sürücü tibbi müayinədən keçən zaman isə narkotik maddə qəbul etdiyi aşkarlanıb.  

Bəs Azərbaycanda bu sahədə hansı işlər görülür?

Nəqliyyat eksperti Elməddin Muradlının sözlərinə görə, Azərbaycanda narkomanlar narkoloji dispanserdə qeydiyyatdadırsa, onlara sürücülük vəsiqəsi verilmir. Yəni onların avtomobil idarəetmə hüququ olmur. Ancaq onu da nəzərə almaq lazımdır ki, bütün narkotik istifadəçiləri qeydiyyata düşmür.

"Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postları ilə yanaşı, bəzi patrul avtomobillərində də narkotesterlər var. Bu cihaz bir neçə narkotik maddənin testini apara və qanda olan miqdarını ölçə bilir. Qanda narkotikin mövcudluğunu müəyyən etmək üçün kiçik pambıq bükümünə oxşar maddə, sürücünün tüpürcəyi ilə isladılır və aparata daxil edilir"- deyə E. Muradlı bildirib.

Ekspert təəssüflə qeyd edir ki, bəzi sürücülər psixotrop tərkibli dərman atır, üzərindən energetik içki içirlər. Bu zaman isə narkotester həmin maddəni müəyyən edə bilmir: "Mən reydlər zamanı belə halların dəfələrlə şahidi olmuşam. Sürücü saxlanılır. Göz-baş şişib, ayaq üstdə dura bilmir. Ancaq alkotester və narkotester yoxlamalarında sürücü təmiz çıxır. Qanında narkotik maddə tapılmır. Sürücülər özləri də etiraf edirlər ki, dərman atıblar. Bu səbəbdən də apteklərdə açıq şəkildə satılan dərmanların satışı qadağan edilməli, bu dərmanların gətirilməsinə ciddi nəzarət edilməlidir".

Muradlı hesab edir ki, bu sahədə kifayət qədər qanunlar olsa da, qanunların icra mexanizmi mükəmməl deyil.

Bakı şəhər DYP-nin sözçüsü, polkovnik Vaqif Əsədovun sözlərinə görə, stasionar postlarda müasir standartlara uyğun narkotesterlər var və sürücülər yoxlanılır: "Əgər sürücü postda yoxlamadan keçmək istəmirsə, onun istəyinə uyğun olaraq, müvafiq mərkəzlərə aparılaraq, həkim tərəfindən yoxlanılır. Spirtli içkinin qoxusu gəlirsə, gözlərdə şişkinlik, qızartı, kifayət qədər şübhə doğurucu hallar varsa, bu, sürücünün tibbi müayinədən keçməsinin əsasını qoyur".

Əsədov əlavə edir ki, spirtli içki və ya narkotik qəbul edib, sükan arxasında oturmaq ağırlaşdırıcı haldır: "Yol qəza hadisələrinin sayını azaltmağa çalışırıqsa, əlimizdən gələni etməliyik ki, bu cür maddə qəbul edənlər sükan arxasında oturmasın".

Qeyd edək ki, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 334-cü maddəsi ilə tənzimlənir. Məcəlləyə görə, qanunu pozan şəxslər 500 manatdan 800 manata qədər cərimə və ya 15 gündən 3 aya qədər həbs cəzasına məhkum edilə bilərlər.

9151