Kompüter arxasındakı qadın, arxiv şəkli

Gizli aparılan diskriminasiya, yaxud yaşın 40-ı keçdisə...

12929
(Yenilənib 09:54 19.03.2019)
Qanunvericilikdə daha təkmil mexanizmlər axtarıb tapmaq lazımdır

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 30 mart — Sputnik. Azərbaycanda hamının şikayət etdiyi absurd vəziyyət yaranıb. Belə ki, bir çox iş elanlarında qəribə şərtlərlə qarşılaşırıq. İş üçün ancaq xarici görünüşü gözəl, 25-35 yaşlı xanımlar dəvət edilir. 35 yaşından yuxarı qadınlar isə ali təhsilli olmalarına baxmayaraq, arzuladıqları vəzifələrdə çalışa bilmirlər. Yəni iş tapmaq üçün ilk növbədə yaş və xarici görünüş əhəmiyyətli sayılır.

Bu günlərdə redaksiyamız müraciət edən Xariqə Hüseynova da deyir ki, 43 yaşı olduğu üçün ona iş verən yoxdur. Ali savadlı olmasına baxmayaraq, işsizlik problemi yaşayır: "Bir müddət əvvəl ailə vəziyyəti ilə bağlı işdən çıxdım. Aradan 7-8 il keçib. Yenidən çalışmaq istəsəm də, məni işə götürən yoxdur. Deyirlər, o yaş həddini keçmişəm. İndi mənə ancaq dayə, satıcı, xadimə və s. işlər təklif edilir. İxtisasıma uyğun işlər üçün isə çox yaşlı və kilolu olduğumu bildirirlər".

Hüquq müdafiəçisi Sahib Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, belə hal ayrı-seçkilik salmaqdır: "Əslində, bu, bəhanədir. Gəncləri işə götürmürlər, "təcrübən yoxdur" deyirlər. Bir qədər yaş keçəndən sonra isə deyirlər ki, "yaşlısan". Bu, işəgötürənlərin qadınlara qarşı olan gizlin diskriminasiyasıdır".

S.Məmmədovun sözlərinə görə, 25-40 yaşında olan qadınları isə reproduktiv qadınlar adlandırıb işə götürmürlər: "Bildirirlər ki, bu qadınlar müəyyən müddət sonra hamiləlik və doğuşa görə məzuniyyətə çıxacaqlar. 3 il müddətinə qismən ödənişli məzuniyyətə çıxacaqlarını bəhanə edib, işə götürmürlər. Yaşlılara qarşı diskriminasiya, demək olar ki, bütün cəmiyyətlərdə var".

"Əmək Məcəlləsinin 16-cı maddəsi bunu qadağan edir. Buna görə məsuliyyət də var. Bu məsəl ilə bağlı Konstitusiyanın 25-ci maddəsində də qeyd olunub. Amma bu sahədə işlək mexanizm yoxdur. Çünki heç bir işəgötürən qadına yaşının çox olduğunu demir. Sadəcə vakansiya elan edir, qadın gələndə sənədlərinə baxıb artıq işçi götürdüklərini deyirlər. Hətta qadına yaşa görə işə götürmədiklərini desələr belə, bunu məhkəmədə sübut etmək olmur. Məhkəmə mexanizmləri də bu sahədə yaxşı işləmir" - deyə o qeyd edir.

Ekspert vurğulayır ki, bu, cəmiyyətin problemidir. Əmək bazarında tələb təklifi üstələyəndə belə bəhanələr çox olur: "O yerdə ki, işçi qüvvəsi çatışmır, yaşlı insanlara yalvara-yalvara işə götürürlər. Azərbaycanda işçi qüvvəsi çoxdur, tələb təklifi üstələyir. Bu səbəbdən də işəgötürənlər üçün müxtəlif seçim imkanları yaranır".

S.Məmmədov bildirir ki, hətta qanunvericiliyə zidd olaraq insanları fizioloji xüsusiyyətlərinə görə seçirlər: "Yaşa görə, boya, xarici görkəmə görə və s. də seçirlər. Halbuki, bu da qanunla qadağandır. Əgər fizioloji keyfiyyətlərə görə seçilən iş yerləri varsa, Nazirlər Kabineti bunun siyahısını tərtib etməlidir. O zaman hamı biləcək ki, hansı iş yerlərinə hündürboy, yaraşıqlı, arıq, gənc xanımlar işə götürülür. Belə iş yerləri varsa, siyahısı tərtib edilməli və hökumət tərəfindən təsdiq edilməlidir. Əks halda, bu ayrı-seçkilikdir".

Ekspert qeyd edir ki, bu kimi hallarla qarşılaşan qadınlar, sübutları varsa, məhkəməyə və yaxud müvafiq icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər: "Qanunvericilikdə daha təkmil mexanizmlər axtarıb tapmaq lazımdır".

Hüquqşünas Fərid Həmidli də bildirir ki, Əmək Məcəlləsinin 16-cı maddəsinə görə, əmək münasibətlərində ayrı-seçkilik yolverilməzdir: "Maddədə qeyd olunur ki, əmək münasibətlərində vətəndaşlığına, cinsinə, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yerinə, yaşına, ailə vəziyyətinə, əqidəsinə və s. digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, həmin amillər zəminində bilavasitə və ya dolayısı ilə imtiyazların və güzəştlərin müəyyən edilməsi, habelə hüquqlarının məhdudlaşdırılması qəti qadağandır".

Hüquqşünas qeyd edir ki, hətta immun çatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələr istisna olmaqla, insanın immun çatışmazlığı virusuna yoluxması səbəbinə görə işə qəbul etməkdən, işdə irəli çəkməkdən imtina etmək və ya işdən azad etmək qadağandır. İşəgötürən işçinin insanın immun çatışmazlığı virusuna yoluxması barədə məlumata malik olduqda bu məlumatı açıqlamamalıdır.

"Hətta bu maddədə qeyd edilir ki, qadınlara, əlillərə, yaşı 18-dən az olan və sosial müdafiəyə ehtiyacı olan digər şəxslərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir. Belə hallarla qarşılaşanlar məhkəməyə müraciət edib, hüquqlarını bərpa etməlidirlər" – deyə o vurğulayır.

12929