Dərsdə telefonla oynayan qız

Əsrimizin bəlası: Uşaqlar məktəbdə mobil telefondan istifadə edə bilərmi

13007
(Yenilənib 11:59 24.03.2019)
Yeni əsr gəlib, özü ilə bəla gətirib - Qarşısını ala biləcəyikmi?

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 24 mart — Sputnik. Mobil telefonlar uşaqların psixologiyasına mənfi təsir edir, onların əqli inkişafının zəifləməsinə səbəb olur. Bununla yanaşı, həmin cihazlar uşağın mənimsəmə qabiliyyətinə də öz mənfi təsirini göstərir. Bu səbəbdən də dünyanın bəzi ölkələrinin orta təhsil müəssisələrində şagirdlərin mobil telefonlardan istifadə etməsinə icazə verilmir.

Qatlanan ekranlı telefonlar
© AP Photo / Michael Liedtke

Azərbaycanın da bəzi məktəblərində şagirdlərin mobil cihazlardan istifadə eyməsinə qadağa qoyulub. Ancaq bu proses əksər valideynlər tərəfindən xoş qarşılanmır. Valideynlər uşaqlarından məlumatlı olmaq üçün onların mobil telefonlardan istifadə etməsinin önəmli olduğunu hesab edirlər.

Mövzu ilə əlaqədar Sputnik Azərbaycan-a danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, ölkənin təhsil müəssisələri elektron resurslardan istifadəyə görə dünyanın bir sıra aparıcı ölkələri ilə müqayisədə geridə qalır: “Hər bir orta məktəb şagirdi tədris ilində, minimum 11 fənn oxuyur, onların kitablarını əldə edir. Halbuki sosial şəbəkələrdə qeydiyyatdan keçən şagirdlərin sayı faydalı elektron resurslardan, dərsliklərdən istifadə edənlərdən qat-qat çoxdur. Ona görə, orta ümumtəhsil müəssisələrində yaşanan bəzi xoşagəlməz hadisələr də telefonun gətirdiyi nəticələrdir”.

Ekspertin fikrincə, bütün bunları nəzərə alaraq, orta məktəblərdə mobil telefondan istifadənin qadağan olunması məqsədəuyğundur: “Əlbəttə ki, orta məktəb şagirdinə mobil telefon yalnız valideynləri ilə əlaqə saxlamaq üçün vacibdir. Yəni onun məktəbə daxil olması, məktəbdən çıxması barədə valideyninə operativ məlumat verir".

K.Əsədov təklif edir ki, bunun üçün orta məktəblərin girişində turniketlər quraşdırılmalıdır: "Əl izi, yaxud hansısa vasitə ilə şagirdlərin məktəbə daxil olması həyata keçirilsə, valideynlər də bundan xəbərdar olar. Həmçinin məktəblərin girişində böyük şkaflar yerləşdirib, hər bir şagirdə nömrə vermək, dərs vaxtı elektron vasitələrini, mobil telefonlarını orada saxlamağa şərait yaratmaq olar. Qanunvericilik aktlarına uyğun olaraq deyə bilərəm ki, məktəbin daxili nizam-intizamının təmin olunmasına birbaşa məsuliyyət daşıyan məktəb rəhbəri şagirdlərin məktəbdə telefondan istifadəsi məsələsinin tənzimlənməsi ilə bağlı bu və ya digər qərarı verməkdə müstəqildir".

Onu da demək lazımdır ki, elektron vasitələr, mobil telefonlar şagirdlərin dərsə diqqətinin yayınmasına gətirib çıxarır. Bu səbəbdən də, ekspert hesab edir ki, hətta müəllimlərin belə, mobil telefonla dərsə daxil olmasını məhdudlaşdırmaq lazımdır: "Çünki dərs zamanı müəllimə zəng gəlir, o, bayıra çıxdıqda dərsin gedişatı pozulur. Ümumiyyətlə, tədris prosesinin gedişatını pozan vasitələrin orta məktəblərdə səmərəsiz istifadəsinə yol verməmək lazımdır. Amma elektron lövhələr, dərs izah etmək üçün istifadə edilən cihazlar, tədris prosesində faydalı məlumatlar almaq üçün işlədilən vasitələr məktəblərdə ola bilər".

Əsədovun sözlərinə görə, elektron dərsliklər istifadə olunmadığına görə orta məktəblərdə mobil telefon qadağasını gündəmə gətirmək doğru olar.

"Dünya ölkələrində də bundan istifadə olunur. Belə ki, Fransa parlamenti ölkədə cari tədris ilində 15 yaşından aşağı olan şagirdlərə məktəb ərazisində telefondan istifadəni qadağan edib. Fransa ilə yanaşı Avropanın 4 dövləti və ABŞ-ın 13 ştatında məktəb ərazisində telefondan istifadə qadağan edilib. Hesab edirəm ki, ölkəmizdə belə bir qadağanın tətbiq olunması yalnız təhsilin keyfiyyətinə müsbət təsir edə bilər” – deyə o vurğulayıb.

K.Əsədov hesab edir ki, orta ümumtəhsil müəssisələrində mobil rabitə vasitələrinin istifadəsinin qadağan olunması təhsilin keyfiyyətinə kömək edəcək: “Təkcə şagirdlərin deyil, məktəb daxilində müəllimlərin də bundan istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki dərsin gedişində müəllimə zəng gəlir və dərs pozulur, keyfiyyət aşağı düşür”.

Qeyd edək ki, qüvvədə olan qanunvericiliyə görə, təhsil müəssisələrində zərurət olduğu təqdirdə, yalnız araşdırma və hər hansı müvafiq tədqiqat aparmaq məqsədilə mobil texnologiyalardan - mobil telefonlardan, planşetlərdən istifadə edilə bilər.

13007