Hakim çəkici, arxiv şəkli

Məktəb direktorunu döyən aktyorun məhkəməsində gözlənilməz qərar

76
(Yenilənib 16:34 04.03.2019)
Hakim Ələddin Cəfərov işə baxmaqdan imtina edib

BAKI, 4 mart — Sputnik. Hakim aktyor Rza Rzayevin cinayət işinə baxmaqdan imtina edib.

Sputnik Azərbaycan ONA-ya istinadla xəbər verir ki, bu gün Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin və 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin məhkəməsinin ilkin hazırlıq iclası olub.

İclas zamanı təqsirləndirilən şəxslər dövlət hesabına müdafiəçilərlə təmin olunub. Lakin hakim Ələddin Cəfərov işə baxmaqdan imtina edib. O bildirib ki, tərəflər arasında baş verən insidentin şahidi olub və obyektivlik təmin olunsun deyə öz-özünə etiraz qərarı verib.

Ələddin Cəfərov Nizami rayon Məhkəməsinin sədri olduğuna görə, öz etirazını baxılmaq üçün Bakı Apellyasiya məhkəməsinə göndərib.

Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən münaqişə dava ilə nəticələnib. Dava zamanı xəsarət alan Tural Mirzəliyev məhkəməyə müraciət edib.

175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev
175 nömrəli məktəbin direktoru Tural Mirzəliyev

Fakta bağlı Cinayət məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) və 221.1-ci (xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozma, zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

76