Azərbaycan manatı

Büdcədən maliyyələşdirilən sahələrin işçilərinin maaşları qaldırıldı

2602
(Yenilənib 10:07 03.03.2019)
Baş nazir Novruz Məmmədov tərəfindən mühüm qərar imzalanıb

BAKI, 3 mart – Sputnik. “Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin aylıq vəzifə maaşları haqqında” qərarında dəyişikliklər edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərar Baş nazir Novruz Məmmədov tərəfindən imzalanıb.

Qərara əsasən, AMEA-nın Rəyasət Heyəti və Aparatının, AMEA-nın Gəncə bölməsi aparatında çalışan böyük arxivçi, böyük inspektor və sürücülərin maaşları 193 manatdan 210 manata, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorların maaşları 180 manatdan 195 manata, texnik, komendant, laborantın maaşı 165 manatdan 180 manata qaldırılıb.

Eyni zamanda “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində işləyən sürücülərin əmək haqları 187 manatdan 210 manata, arxivçilərin maaşı 176 manatdan 195 manata, yardımçı fəhlə, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin əmək haqları isə 165 manatdan 180 manata qədər artırılıb.

Həmçinin Azərbaycanda Atatürk Mərkəzində çalışan arxivçi-kitabxanaçı, təsərrüfat müdirlərinin maaşı 180 manatdan 210 manata, kompüter operatoru və katibələrin maaşı 170 manatdan 195 manata, xidməti otaqları yığışdıranın maaşı isə 165 manatdan 180 manata qaldırılıb.

Dəyişikliyə görə, Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzində çalışan makinaçının maaşı 165 manatdan 180 manata qaldırılıb.

Bundan əlavə, icra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin - xəzinədar, katibə, sürücü və makinaçıların maaşları 209 manatdan 210 manata, eləcə də, gözətçi, xidməti otaqları yığışdıran və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətlərin əmək haqları 165 manatdan 180 manata qaldırılıb.

Dəyişikliyə əsasən, dövlət arxivləri və onların filiallarının, rayon (şəhər) dövlət arxivləri, Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar Elm və İnnovasiya Mərkəzi Aparatı, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi, Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatı, Mədəniyyət və Turizm Nazirliyinin Dövlət Film Fondu, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzində çalışan müəyyən kateqoriyaya aid işçilərin aylıq vəzifə maaşları da artırılıb.

2602
DİN əməkdaşları, arxiv şəkli

Daxili İşlər Nazirliyi Baş Prokurorluq: Bu cür hərəkətlərdən çəkinin

5
(Yenilənib 12:53 15.07.2020)
Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

BAKI, 15 iyul — Sputnik. Cari il iyul ayının 14-dən 15-nə keçən gecə, paytaxtın bəzi sakinləri, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində gedən hərbi əməliyyatlara dəstək və respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsini anmaq məqsədilə Şəhidlər Xiyabanı qarşısında toplaşıblar.

Sputnik Azərbaycan Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun məlumatına istinadla xəbər verir ki, sonradan həmin yerə gələn bir qrup şəxs vətəndaşlar arasında çaşqınlıq yaratmağa, ictimai qaydanı pozmağa cəhd etmiş, asayişi mühafizə vəzifələrini yerinə yetirən polis əməkdaşlarına qarşı hüquqazidd hərəkətlərə yol verərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, daş və digər müxtəlif əşyalarla həyat və sağlamlıqları üçün təhlükəli olan zor tətbiq edib müqavimət göstəriblər. Nəticədə 7 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, 2 xidməti avtomobil aşırılaraq yararsız hala salınıb, daha 14 xidməti avtomobilə və toplantının keçirildiyi ərazinin yol infrastrukturuna ciddi ziyan vurulub.

Dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib.

Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 220-ci (kütləvi iğtişaş) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır. Hüquqazidd əməllərin iştirakçılarından bəziləri saxlanılıb.

Azərbaycan Respublikasının Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi təmas xəttində ağır döyüşlərin getdiyi mövcud həssas dönəmdə ölkənin paytaxtında, digər şəhər və rayonlarında hər hansı kütləvi toplantının keçirilməsinin yolverilməzliyini xüsusi qeyd edir, vətəndaşları bu cür hərəkətlərdən çəkinməyə, təmkinli olmağa, dövlətçilik maraqlarını üstün tutmağa, təxribatlara uymamağa çağırır.

5
Smartfonda sosial şəbəkə tətbiqlərinin loqosu, arxiv şəkli

"İnstagram" parolu "Whatsapp" mesajına aldanmayın - Bu təxribat ola bilər

14
(Yenilənib 12:37 15.07.2020)
İT üzrə ekspert Osman Gündüz deyir ki, belə həssas dövrlərdə internet istifadəçiləri elementar təhlükəsizlik qaydalarına əməl etməlidirlər. Sosial mediadan, email-lərdən şirnikləndirici, diqqətçəkici mesajlar gələ bilər ki, onları qətiyyən açmaq olmaz.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 iyul — Sputnik. Ötən gündən etibarən mobil telefon nömrələrinə "Instagram"la bağlı mesajlar gəlir. Bu mesajlarda "Istagram" parolunuzu daxil edin yazılır. Bundan başqa, Türkiyə kodu ilə başlayan +90 nömrəsi ilə "Whatsapp"dan açıq nömrələrdən mesajlar gəlir. Bu mesajlar vasitəsilə Azərbaycandakı vəziyyəti öyrənməyə çalışırlar.

Ekspertlər isə bunun təxribat ola biləcəyini iddia edirlər.

İnformasiya və Kommunikasiya Məsələləri üzrə eskpert Osman Gündüz Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb. O bildirib ki, son dövrlər Azərbaycanın informasiya məkanında kiber təhdidlər artıb. Ekspertin sözlərinə görə, yaranmış bu vəziyyət Azərbaycan Ermənistan sərhəddində Tovuzda gedən müharibə ilə əlaqədardır: "Düşünürəm ki, ermənilər hər zaman informasiya müharibəsinə ciddi önəm verir və çalışırlar ki, ictimai rəyə təsir etsinlər, internet resurslarını sıradan çıxartsınlar".

Bəs, istifadəçilər şəxsi təhlükəsizliklərini necə təmin etməlidirlər? Osman Gündüz bu suala cavabında bildirib ki, hər bir istifadəçi özü şəxsi təhlükəsizliyi haqda düşünməlidir: "İstifadəçilər elementar təhlükəsizlik qaydalarına da əməl etməlidirlər. Sosial mediadan, e-maillərdən də şirnikləndirici, diqqətçəkici müxtəlif mesajlar gələ bilər. Etibarlı olmayan mənbədən gələn mesajları açmaq olmaz. Çünki hazırlanan müxtəlif proqramlar həmin mesajlar açıldıqda aktivləşir. Beləcə, istifadəçinin fərdi məlumatları da oğurlanır. Bundan başqa, istifadəçi digər yerlərdə də hesabına daxil olarkən ehtiyatlı olmalıdır. Antivirus proqramlarından daha effektiv istifadə etməlidir".

"Dövlət və qeyri-dövlət qurumlarında da təhlükəsizliyə cavabdeh olanlar var. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti var. Vətəndaşlar hansısa təhdidlə üzləşərsə, bu quruma da müraciət etməlidirlər. Amma düşünürəm ki, belə bir vəziyyətdə, yəni, müraciətlərin olub-olmasından asılı olmayaraq ETX-i özü fəallaşmalıdır. Amma təəssüflər olsun ki, mən heç onların hansısa bir açıqlamalarına da rast gəlmədim. Bu qurum media vasitəsi ilə vətəndaşlara, ictimai sektora mesajlar verməli, təhlükələrdən xəbərdar etməli, atılması vacib addımlardan danışmalı, çıxış yolları göstərməlidir", - deyə O.Gündüz əlavə edib.

Ekspert vətəndaşları da diqqətli olmağa səsləyib.

Artıq bu gün yaranmış vəziyyətlə əlaqədar olaraq adıçəkilən qurum özünün rəsmi informasiya portalından bu haqda məlumat paylaşıb.

Bildirilir ki, Elektron Təhlükəsizlik Xidmətinə daxil olan məlumata əsasən ölkəmizin sosial şəbəkə istifadəçilərinin hesablarına kütləvi kiberhücumlar baş verir. Hücum metodlarından birində kibercinayətkarlar "Şifrəmi unutmuşam" bildirişindən istifadə edərək istifadəçilərin mobil nömrələrinə parolu bərpa et linkləri göndərir və onların hərəkətlərini izləyir. İstifadəçilər bu keçidləri sosial mediada paylaşdıqları zaman həmin keçidlərdən istifadə olunmaqla parol dəyişilir və hesab ələ keçirilir.

Elektron Təhlükəsizlik Xidməti bu həssas dövrdə vətəndaşlarımızı xüsusilə diqqətli olmağa, sosial şəbəkə hesablarının təhlükəsizliyinə ciddi yanaşmağa və hesablarını qorumaq üçün vaxt itirmədən aşağıdakı ümumi qaydalara əməl etməyə çağırır:

Şübhəli linklərə keçid etməyin!

Sosial şəbəkə hesablarının ələ keçirilməsinin ən çox yayılan səbəblərindən biri istifadəçilərin kiberdələduzların "tələsinə" düşməsidir ("fişinq").

Kiberdələduzlar login məlumatlarını ələ keçirmək üçün müxtəlif sosial mühəndislik üsullarından istifadə etməklə istifadəçilərə cəlbedici vədlər verərək onları zərərli keçidlərə klikləməyə sövq edir. Keçidə klikləyən istifadəçi Facebook, İnstagram, Twitter və digər sosial şəbəkələrin saxta login səhifələrinə yönəldilir, istifadəçi adı və parolunu daxil edir.

Xaker, arxiv şəkli
© Sputnik / Natalya Seliverstova

Bu cür mesajlar sosial mediada qarşınıza çıxa, e-poçtunuza göndərilə və hətta dostlarınızdan belə gələ bilər. Bu səbəbdən hər bir mesajın həqiqiliyinə şübhə ilə yanaşın.

Hesablarınıza daxil olmaq üçün brauzerdə açılan yeni səhifədə internet ünvanını əllə daxil edin.

Unutmayın, heç bir sosial şəbəkə provayderi istifadəçilərə e-poçt və ya bildiriş göndərməklə parolunu təqdim etməyi və ya hər hansı üçüncü tərəf tətbiqi yükləməyi tələb etmir.

Güclü və unikal parollardan istifadə edin!

Zəif parollar sosial şəbəkə hesablarının ələ keçirilməsinin digər ən çox yayılan səbəblərindəndir.

Sosial şəbəkə hesablarınızın hər biri üçün unikal parol seçin, onu başqa yerdə istifadə etməyin və digər şəxslərlə paylaşmayın.

Kiçik və böyük hərflərin, rəqəm və işarələrin kombinasiyasından istifadə etməklə 10-12 simvol uzunluğunda güclü parol yaradın.

Parol yaradarkən adınız, doğum tarixiniz və s. kimi fərdi məlumatlarınızdan, "parol" və s. kimi ümumi sözlərdən istifadə etməyin. Eləcə də, "12345" kimi ardıcıl rəqəmlərdən və ya "qwerty" kimi ardıcıl klaviatura düymələrindən istifadə etməyin.

Mobil nömrənizə, e-poçtunuza sosial şəbəkə hesabınızla bağlı gələn bildirişləri paylaşmayın!

Hesabınızla bağlı sizə göndərilən e-poçtları, keçidləri, bildirişləri digər şəxslərə yönləndirməyin və ya başqa yerdə paylaşmayın. Həmin bildirişlərdə hesabınızla bağlı həssas məlumatlar yer alır və hesablarınızın asanlıqla ələ keçirilməsinə imkan yaradır.

İki mərhələli autentifikasiyadan istifadə edin!

Bu, üstün təhlükəsizlik tədbiri hesab olunur və demək olar ki, bir çox sosial media platformasında tətbiq edilir. Bu funksiya aktiv edildikdə, yeni cihazdan hesabınıza giriş edildikdə, hesabla əlaqəli telefon nömrəsinə və ya e-poçta təsdiqləmə kodu göndərilir. İstifadəçi adınız və parolunuzu ələ keçirsə belə, kibercinayətkar bu kodu bilmədən hesabınıza daxil ola bilmir.

Üçüncü tərəf tətbiqlərə və saytlara hesabınıza giriş imkanı verərkən diqqətli davranın!

Çox vaxt yeni hesab yaradarkən prosesi asanlaşdırmaq məqsədilə "Facebook ilə daxil ol", "Google ilə daxil ol" kimi seçimlər qarşımıza çıxır. Unutmayın ki, etibarlı və ya təhlükəsiz sayt və tətbiqlər bununla yanaşı, başqa əsas qeydiyyat vasitəsi (məsələn, e-poçtdan istifadə) də tətbiq edir. İlk öncə tətbiqin və ya saytın etibarlılığını araşdırın.

Həmçinin icazə verdiyiniz üçüncü tərəf tətbiqlər üçün sosial hesabınızda hansı məlumatların əlçatan olduğunu yoxlayın. İstifadə etmədiyiniz tətbiqləri silin.

Yeniləməni unutmayın!

Brauzerinizi və əməliyyat sisteminizi mütəmadi olaraq yeniləyin. Antivirüs proqramlarından istifadə edin.

Hesabınızla əlaqəli istifadə etdiyiniz e-poçt əlçatan, mobil nömrə isə işlək olmalıdır!

Təcrübədə görünür ki, çox zaman istifadəçilər qeydiyyatdan keçərkən istifadə etdikləri e-poçtun parolunu unudur və ya işlək olmayan mobil nömrələr qeyd edirlər. Unutmayın ki, hesabınız ələ keçirildikdə onun bərpa olunması üçün bu e-poçtdan istifadə olunur.

İctimai və ya ortaq istifadə edilən cihazlarda hesabınızdan çıxış etməyi unutmayın!

Bu zaman "Şifrəni yadda saxla" funksiyasından istifadə etməyin.

İctimai və ya başqasına məxsus wi-fi-dan istifadə edərək sosial şəbəkə hesablarınıza daxil olmayın.

Tanımadığınız şəxslərdən dostluq təkliflərini qəbul etməyin!

Kiberdələduzlar haqqınızda daha çox məlumat öyrənmək məqsədilə saxta hesablar yaradaraq sizə dostluq sorğuları və zərərli mesajlar göndərə bilər.

Hesabınızla bağlı şübhəli fəaliyyət aşkarladığınızda, dərhal parolunuzu yeniləyin!

Son olaraq, hesabınıza daxil ola bilmirsinizsə, təşvişə qapılmayın. Hesabınızı bərpa etmək üçün sosial şəbəkə provayderinin təlimatlarınızı izləyin və parolunuzu dəyişin.

Bu kimi hallarla qarşılaşdığınız zaman metodiki dəstək üçün www.cert.az rəsmi saytı və ya reports@cert.az e-poçtu vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməyiniz xahiş olunur.

Qeyd edək ki, artıq ötən gündən bir neçə şəxsin "Facebook" profili ələ keçirilib.

14