Mehman Hüseynov

Mehman Hüseynov həbsdən buraxıldı

2986
(Yenilənib 12:15 02.03.2019)
M.Hüseynov mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib

BAKI, 2 mart — Sputnik. Həbsdə olan blogger Mehman Hüseynovun cəza müddəti başa çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, M. Hüseynov cəza çəkdiyi 14 saylı Cəzaçəkmə Müəssisəsindən bu gün evə buraxılıb.

M.Hüseynov mərhum jurnalist Elmar Hüseynovun qəbrini ziyarət edib.

Xatırladaq ki, M.Hüseynov 2017-ci ilin martın 3-də həbs edilib. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib.

Ötən il dekabrın dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci maddəsi (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstərmə) ilə cinayət işi başlanmışdı. Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının Baş prokuroruna tövsiyə edib.

Azərbaycan Respublikasının Prezidentinin tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib. İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

2986
Əlaqədar
Mehman Hüseynov Prezidentə müraciət etdi: "Məni yalnız azadlığa çıxmaq maraqlandırır"
Prezident Mehman Hüseynovla bağlı tapşırıq verib
Mehman Hüseynovun barəsindəki cinayət işinin icraatına xitam verilib
Mehman Hüseynovla Əli Abdalov barışdılar – VİDEO