Qripp

Dövlət Xidməti: "Azərbaycanda "quş qripi" yoxdur"

48
(Yenilənib 16:30 01.03.2019)
Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb

BAKI, 1 mart — Sputnik. "Quş qripi" xəstəliyinə görə fevralın 28-dən başlayan növbəti monitorinq bu gün, yəni martın 1-də başa çatıb. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Baytarlıq Xidmətindən məlumat verilib.

Məlumata görə, monitorinq ölkə ərazisində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin (DBX), Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Keçirilən tədbir köçəri quşların miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda həyata keçirilib. Monitorinq keçirilən müddətdə Dövlət Baytarlıq Xidmətinin əməkdaşları seçmə üsulla ovlanmış 48 baş (Pirallahı adasındakı Abşeron Milli Parkından 8 baş, Şabran rayonundakı Ağzıbir ovçuluq təsərrüfatindan 11 baş, Salyan rayonundakı Şirvan Milli Parkından 8 baş, Lənkəran rayonundakı Qızılağac Dövlət Təbiət Qoruğundan 11 baş, Ağcabədi rayonundakı Ağ göl Milli Parkından 10 baş) köçəri quşlardan patoloji material, həmçinin Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı şəxsi və quşçuluq təsərrüfatlarda saxlanılan 250 baş ev quşundan qan nümunələri götürüblər.

Köçəri quşlar üzrə monitorinq aparılan ərazilərdə xəstə və xəstəlikdən tələf olan quşlara rast gəlinməyib, eləcə də təsərrüfatlarda saxlanılan quşlar arasında hər hansı iti yoluxucu xəstəlik qeydə alınmayıb.

Götürülmüş patoloji materiallar və qan nümunələri Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müayinə olunacaq və nəticələr ictimaiyyətə açıqlanacaq.

Dövlət Baytarlıq Xidməti əhaliyə və quşçuluq təsərrüfatı rəhbərlərinə tövsiyə edir ki, köçəri quşların miqrasiyası ilə əlaqədar ev və sənaye quşları qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılsın. Həmçinin heyvanlarda (mal-qara, quşlar, balıqlar, arılar və s.) özbaşına müalicə, peyvəndləmə və digər baytarlıq tədbirləri aparılmasın, heyvanlar baytarlıq-sanitariya tələblərinə cavab verən şəraitdə saxlanılsın.

Dövlət Baytarlıq Xidməti bildirir ki, hazırda "quş qripi" və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Dövlət Baytarlıq Xidməti aidiyyəti qurumlarla birgə lazımi tədbirlər həyata keçirir.

48
Əlaqədar
Uşaq bağçalarında "donuz qripi"nin qeydə alınıb-alınmadığına aydınlıq gətirildi
Ermənistanda "donuz qripi"ndən daha bir ölüm qeydə alınıb
Baş epidemioloq: "Azərbaycanda "donuz" qripi adlı xəstəlik yoxdur"
Quş qripi ilə bağlı monitorinqlər keçiriləcək