Yanacaqdoldurma məntəqəsi

Maşına benzin vurarkən ya vurdurarkən, ehtiyatlı olun

8302
(Yenilənib 15:55 01.03.2019)
Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin əməkdaşına saxta 100 manatlıq əskinas verib

BAKI, 1 mart — Sputnik. Bakıda maşının çənini benzinlə dolduran sürücü yanacaqdoldurma məntəqəsinin (YDM) əməkdaşına saxta 100 manatlıq əskinas verib. Bu barədə Sputnik Azərbaycan-a Bakının Qaradağ rayonunun Polis İdarəsindən məlumat verilib.

Belə ki, fevralın 27-i saat 23:00-da Lökbatan qəsəbəsində yerləşən yanacaqdoldurma stansiyasının ərazisinə 99 NF 894 dövlət nömrə nişanlı Changan markalı avtomobil daxil olub. YDM-in operatoru maşının çənini benzinlə doldurandan sonra, sürücü ona 100 manatlıq əskinas verərək ərazini tərk edib.

Əskinasın saxta olduğunu növbə rəisi, Abşeron rayon sakini Alastan Nəbiyev müəyyənləşdirib. O, baş verən hadisə ilə bağlı polisə məlumat verib.

Hazırda Qaradağ RPŞ-nin 10 saylı polis bölməsinin əməkdaşları sözügedən avtomobilin sahibini müəyyənləşdirməyə və saxta əskinasların hazırlanmasının izinə düşməyə çalışırlar.

Polis İdarəsindən verilən məlumata görə, bu ilin əvvəlindən indiyə qədər printerin köməyi ilə çap olunmuş saxta əskinasların yayılması ilə bağlı 10-dan artıq hal qeydə alınıb. Bütün bu hallar əsasən gecə vaxtı YDM-lərin ərazisində müəyyən edilib.

Polis YDM əməkdaşlarına və avtomobillərinə benzin vurduqdan sonra nağd ödəniş edən sürücülərə ödənilən və qalıq olaraq qaytarılan pullara diqqət yetirmələrini tövsiyə edib.

8302