Şəki

"Digər bölgənin insanı şəkili ilə söhbətdən sonra özü bilmədən şəkililəşir"

19250
(Yenilənib 17:02 23.02.2019)
Şəkidən uzaqda yaşayan məşhur şəkililərin mühitləri dəyişsə də, ləhcələri dəyişmir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 25 fevral — Sputnik. Azərbaycanda lətifənin vətəni kimi qədim Şəkinin adı öndə çəkilir. Əsrarəngiz gözəlliyə malik qədim Şəkinin adı çəkiləndə istər-istəməz insanın dodağı qaçır, üzündə təbəssüm yaranır. Şəkidən, şəkililərdən danışanda isə ağıla ilk olaraq Hacı dayı gəlir. Bəzi mənbələrdə qeyd olunur ki, Hacı dayı sadəcə bir personajdır. Başqa mənbələrdə isə belə bir insanın var olduğu bildirilir. Deyilənə görə, onun əsl adı Hacı Feyzi oğlu İlyas olub, lakin el arasında Hacı dayı kimi tanınıb.

Azərbaycan Yazıçılar Birliyi Şəki filialının sədri, şair Vaqif Aslan
© Sputnik / Shahperi Abbasova
Azərbaycan Yazıçılar Birliyi Şəki filialının sədri, şair Vaqif Aslan

Azərbaycan Yazıçılar Birliyi Şəki filialının sədri, şair Vaqif Aslan Sputnik Azərbaycan-a müsahibəsində bildirir ki, ümumiyyətlə, yumor türkün, Azərbaycan türkünün qanındadır: “Şəkidə şəhərləşmə digər rayonlara nisbətən daha əvvəlki dövrlərə təsadüf edir. Mən İtaliya ədəbiyyatı, İtaliya lətifələri ilə tanış olanda orda maraqlı bir fakta rast gəldim. Orada deyilirdi ki, şəhərləşmə əmələ gələndə insan dəbdəbəli həyat yaşamaq istəyir. İnsanlar dəbdəbəli yaşayanda da əylənmək üçün vasitə axtarırlar. Hətta özlərindən gülməli əhvalatlar, ballar, ziyafətlər və s. kəşf edirlər.

“O şəhər həyatı, Şəkinin şəhərləşməsi burada elit adamların yığışmasına, elit adamların da estetik aurasının formalaşmasına təsir göstərib. Beləliklə, Şəkidə yumor əmələ gəlib. Bu gözəl yumordan da yan keçmək qeyri-mümkündür. Şəhər insanı əkin-biçinlə məşğul olmur. Ona görə də ona əylənmək lazımdır. Hər lətifənin altında da sətiraltı məna var" – deyə müsahibimiz əlavə edir.

Digər bölgənin insanı şəkili ilə həmsöhbət olduqdan sonra özü də bilmədən şəkilliləşir, şəkili kimi danışmağa başlayır. Şair bunun səbəbini belə izah edir: "Çünki bu, ən dərin yaddaş kodlarından gəlir. Siz fikir verin, illərdir Şəkidən uzaqda yaşayan məşhur şəkililərin mühitləri dəyişsə də, ləhcələri dəyişmir. Şəkili danışanda əsəbidirsə, çox sürətlə danışır. Əgər rişxəndlə danışırsa, dediyi sözdə, atmacada, ya da sualda mütləq rişxənd hiss olunur".

Vaqif müəllim hesab edir ki, Şəki ləhcəsi Azərbaycanın fonetika tarixidir: "Mərhum türkoloq Aydın Məmmədovun "Türk samitləri" adlı monoqrafiyası var. O, türk samitlərindən danışanda ayrılmaz qrup halında işlənən samitlərdən də bəhs etmişdi. Qeyd etmişdi ki, Şəki ləhcəsində "n", "q" samitləri düşür, "saa", "maa" kimi səslənir. Ona görə də Şəkinin ləhcəsi Azərbaycanın fonetika tarixidir. Bu, ilkin fonetik qaynaqlardan gəlir".

"Şəki ləhcəsi ilə Ordubadın ləhcəsi bir birini tamamlayır. Təbrizə gedəndə görürsən ki, təbrizli şəkili kimi danışır. Şəkinin ləhcəsinə rişxəndlə yanaşanlar tarixi fonetikadan kəsilidirlər. Bizdə tarixi fonetika lazımi səviyyədə işlənməyib. Amma ümidvarıq ki, gələcək nəsil öyrənəcək" - deyə V.Aslan qeyd edir.

Hamıya məlumdur ki, Azərbaycan kino tarixində şəkili obrazları çox olub. Maraqlısı odur ki, həmin obrazları yaradanların əksəriyyəti şəkili olmayıb. Lakin tamaşaçı onların şəkili olduğunu sanıb. Vaqif Aslan deyir ki, şəkili obrazını daha çox görkəmli kino rejissor Rasim Ocaqovun filmlərində görmək olar: “Onun filmlərinin ən məşhur qəhrəmanları Mustafa müəllim (Hacı İsmayılov) və Nuriyyə (Nuriyyə Əhmədova) şəkili deyil. Amma tamaşaçıların əksəriyyəti həmin aktyorları şəkili bilib. Çünki Şəkinin genetikası güclüdür, onlar şəkililəşmişdilər”.

Müsahibimiz deyir ki, Rasim Ocaqov bütün dünyanı gəzməsinə baxmayaraq, Şəki ləhcəsində danışırdı: “Onun filmlərində şəkili obrazı bugünkü tarix baxımından götürəndə azərbaycanlının şəkiliyə münasibəti şəklində idi. Yəni orada şəkili bir qədər məzəkeş, komik, vətənpərvər, həm də qəlbən çox təmiz, ruhən saf idi. Arzu edirəm ki, gələcəkdə bizim rejissorlarımız şəkilinin döyüş ruhunu da kinoya gətirsinlər".

Bütün Azərbaycan və türk dünyasının bir böyük lətifə obrazı var - Molla Nəsrəddindir. Türklərdə isə Xacə Nəsrəddin (Nasreddin Hoca) var və onu real şəxsiyyət kimi götürürlər. Onlarda "Xacə" bizdə "Molla" sözü ilə ifadə olunan Nəsrəddin ümumtürk dünyasının ümumlətifə obrazıdır.

Müsahibimizin sözlərinə görə, Şəkidə Hacı dayıdan da başqa baməzə, hazırcavab, iti zəkaya malik insanlar olub: "Şəkidə yumor hissi yüksək olan adamlar olub. Hacı Feyzullah oğlu Mustafa haqqında da çoxlu lətifələr yayılıb. Onlar həqiqətən də Həcc ziyarətində olublar. Yəni, "Hacı" adı titul deyil. Onlar çox səxavətli insanlar olublar. Elə indi də Şəkidə belə baməzə adamlar var. Hər söhbəti yumor tərəfinə, məzhəkəyə çevirməyi bacarırlar".

O sonda bir Şəki lətifəsi də danışır: "İki dost var imiş. Bunlardan birinə xəbər çatır ki, dostun özünü asıb. Dostu gəlib görür ki, özünü asanın stolunun üstündə yüz qram araq, bir dilim pendir, bir az da çörək var. Deyir ki, “ay Allahın bədbəxt qulu, sənin nəyin çatışmırdı ki, hər şeyin var, sən niyı özünü asmısan?".

19250