Fazil Mustafa

Millət vəkili od püskürdü

4294
(Yenilənib 16:22 23.02.2019)
"Ruhaninin açıqlaması da əslində problemə və tarixə savadsız yanaşmadan xəbər verir"

BAKI, 23 fevral — Sputnik. “Milli məsələ barədə fərqli düşünmək olar, Güney Azərbaycan probleminə də fərqli yanaşma ola bilər. Ancaq təəssüf ki, bu videoda mövzu ilə bağlı savadsız, cahil, lağlağı bir münasibət sərgilənib. Bir çox geri zəkalar hələ də tarix bilgisinin məhdudluğundan anlamaq istəmirlər ki, tarixi İran əraziləri ilə indiki siyasi İran İslam dövlətinin əraziləri eyni deyil. İran İslam dövləti də özünü nə Qacarların,nə də Pəhləvilərin varisi hesab etmir və BMT-də qeydiyyatdan keçən ərazisindən başqa digər ərazilərə iddiasını ortaya qoya bilməz”.

Millət vəkili Fazil Mustafa “Facebook”da yazdığı statusunda İran prezidenti Həsən Ruhaninin məlum çıxışı şəreh edərkən belə deyib. "Səfəvilər, qacarlar xəstə İran mədəniyyətinin daşıyıcıları olsa da, onlar da tipik İran dövləti olmayıb. Onlar türk sülalərinin nəzarəti altında bir dövlət kimi mövcud olmuşlar. Pəhləvilər isə qədim İran ənənələri dirçəltməyə xüsusi diqqqət göstərmişlər və İran komponentinə onlar daha yaxın olmuşlar. Quzey Azərbaycan isə 18-ci əsrin sonları- 19-cu əsrin əvvəllərində mərkəzləşmiş dövlət olmasa da, müstəqil xanlıqlar formasında dövlət quruluşuna sahib olmuş və 19-cu əsrdə Rusiya tərəfindən işğal olunmuşdur” - deyə millət vəkili əlavə edib.

F.Mustafa İran prezidenti Həsən Ruhaninin açıqlamasına da münasibət bildirib:

“Ruhaninin açıqlaması da əslində problemə və tarixə savadsız yanaşmadan xəbər verir. Rəsmi olaraq Quzey Azərbaycan heç zaman İranın ərazisinə daxil olmayıb. İstər 1918-ci ildə, istər də 1991-ci ildə müstəqilliyimizin qazanılmasında İranın maneçilik göstərə bilməməsinin arxasında da məhz bu faktor durur. Güney Azərbaycan məsələsinə isə milli davamız kimi yollar, üsullar barədə fərqli yanaşmaq olar, ancaq lağlağı formada yanaşmaq özünü azərbaycanlı hesab edən hər bir şəxs üçün ayıb sayılmalıdır”.

4294