Zibil qutuları

Paytaxta “divan tutanlar” - Onlara da "divan tutulan" vaxt olacaq

9933
(Yenilənib 16:13 22.02.2019)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi zibili kənara atanlara cərimə tətbiq edir

İradə Cəlil, Sputnik Azərbaycan

BAKI, 22 fevral — Sputnik. Son zamanlar paytaxtın müxtəlif ərazilərində məişət tullarıntılarının qalaqlanması, zibilin zibil qablarından kənara atılması halları ilə qarşılaşırıq. Belə halların qarşısını almaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi müəyyən tədbirlər görür, cərimələr tətbiq edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qəmbərovun Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, bərk məişət tullantılarının düzgün idarə olunması ilə bağlı ötən il 617 akt, 244 protokol yazılıb və 449 məcburi göstəriş verilib.

Zibil qutusu, arxiv şəkli
© Sputnik / Anar Mustafayev

Qəmbərov bildirib ki, inzibati qaydada qanunvericiliyə müvafiq olaraq protokol yazılırsa, cərimələr tətbiq edilir. Aşkar edilən qanun pozuntusunun aradan qaldırılması üçün məcburi göstərişlər verilir. Eyni zamanda 85 fakt üzrə hüquq mühafizə orqanlarına müraciət edilib. Onlardan 68 fakt icra edilib.

Onun sözlərinə görə, Bakıda daha çox Binəqədi, Səbail, Qaradağ və Xəzər rayonlarında qanun pozuntularına rast gəlinib: "Binəqədi və Qaradağ rayonları şəhərdən kənar olan yerlərdə sui-istifadə hallarına daha çox yol verilir".

Müsahibimiz istehsalat və məişət tullantıları haqqında qanunvericiliyin pozulmasının İnzibati Xətalar Məcəlləsinin 266-cı maddəsi ilə tənzimləndiyini bildirib.

Burada qeyd edib ki, tullantıların basdırılmasına görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 3000 manatdan 4000 manatadək, hüquqi şəxslər 8500 manatdan 10 min manatadək məbləğdə cərimə edilir.

Qəmbərovun sözlərinə görə, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər 3500 manatdan 4500 manatadək məbləğdə, hüquqi şəxslər 10 min manatdan 15 min manatadək məbləğdə cərimə edilir.  Məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə 50 manat məbləğində cərimə yazılır.

“Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumların yerləşdirilməsi zamanı "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məsafənin nəzərə alınmamasına görə vəzifəli şəxslər 500 manat məbləğində, hüquqi şəxslər isə 1000 manat məbləğində cərimə edilir" - deyə Qəmbərov bildirib.

9933