Qəza sığortası

Yollarda yaranan sürücü-sığorta problemi Onu da həll etməyin üsulu var

7719
(Yenilənib 15:41 21.02.2019)
“Tezliklə xırda qanunvericilik düzəlişini edib, məlumat mübadiləsini real təmin etmək lazımdır”

BAKI, 21 fevral — Sputnik. "Son vaxtlar yol-nəqliyyat hadisəsinə düşən sürücülər şikayətlənirlər ki, bəzi sığorta şirkətləri hadisənin sadələşdirilmiş (protokol) qaydasında sənədləşməsini qəbul etmirlər, müvafiq şərtlər olsa da, deyirlər ki, gedin DYP-dən arayış (forma 4 kimi məşhur olan) gətirin. Belə yanaşma sadəcə qanun pozuntusu yox, həm də sığortaçının və ya onun məsul əməkdaşının öz müştərisinə hörmətsizliyi və ən nəhayətdə sığorta şirkətlərinə etimada zərbədir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov öz "Facebook" səhifəsində yazıb.

O bildirib ki, belə sadələşmiş sənədləşmənin şərtləri "İcbari sığortalar haqqında" Qanunda (58-ci maddə) çox aydın yazılıb və aşağıdakı kimidir:

1. Hadisə 2-dən artıq olmayan nəqliyyat vasitəsinin iştirakı ilə baş verib;

2. Hadisənin baş verməsində təqsirli olan sürücünün müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə yoxdur;

3. Hadisə nəticəsində sağlamlığa zərər dəyməyib (yəni yalnız maddi ziyan var);

4. Dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edilir. Burada söhbət əvəzində sığorta təminatı veriləcək zərərdən gedir, yəni məsələn, təqsirkar sürücüyə dəyən zərə bura daxil deyil.

Ekspertin fikrincə, bu 4 şərtin hamısı varsa, məşhur forma 4 arayışına ehtiyac yoxdur: “Sığorta əməkdaşı belə hallarda sürücülərə izah etməlidir ki, gəlin, oturun, bu protokolu doldurun, imzalayın, hər şey həll olunsun. Hətta onlara bunun üçün kömək də etməlidir. Protokolun hazır blankı (onun forması Maliyyə Nazirliyi tərəfindən təsdiq olunub) hər bir sığorta şirkətində var”.

"Eşitdiyimə görə, belə sadələşmiş formadan ən çox "hadisə mübahisəlidir" bəhanəsi ilə imtina olunur. Amma qanunda aydın şəkildə yazılıb ki, təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmasın. Hər iki sürücü protokol formasını tələb edirsə, deməli, təqsir məsələsində mübahisə yoxdur. Müşahidələrimiz göstərir ki, xeyli hadisələrdə belə mübahisə olmur, sürücülər dərhal müəyyən edirlər ki, kimdir günahkar. Başqa bir məqamı da vurğulamaq istərdim. İstənilən yol-nəqliyyat hadisəsi barədə DYP-yə məlumat verilməlidir və DYP orqanı da qanuna uyğun olaraq təqsirli sürücünün barəsində inzibati tənbeh (daha çox cərimə) tətbiq edərək qərar çıxarmalıdır. Bu qərarın olması heç bir halda o demək deyil ki, sürücülər öz aralarında təqsir məsələsini həll edə bilməyiblər və bunu DYP həll edib. Əgər təqsirkar sürücü DYP-nin bu qərarından şikayət edərsə, onda mübahisə olduğunu demək olar. Əsas odur ki, protokolu dolduranda hər iki sürücü altında qol çəkir, özü də biri zərərçəkmiş kimi, digəri də təqsirkar kimi" – deyə o əlavə edib.

Ə. Hüseynovun sözlərinə görə, protokol qaydasında sənədləşmə mümkün olan halda bunun əngəllənməsi və sürücünün problemlərlə dolu bürokratiya mexanizmini keçərək DYP-dən arayış almağa məcbur edilməsi ciddi qanun pozuntusudur: “Ümumiyyətlə isə həmin arayışın dövriyyədən çıxarılması və elektron məlumat mübadiləsi ilə əvəzlənməsi çoxdan edilməlidir. Bu məsələdə çox gecikirik. Bunun üçün texniki problem də yoxdur artıq. Hamı bilir ki, DYP və İSB arasında inteqrasiya çoxdan var, sığortası olmayan sürücülər elektron qaydada cərimələnir. Belə olan halda hadisə barədə müvafiq məlumatı dərhal və on-line qaydada DYP-dən müvafiq sığortaçıya ötürməyin nə problemi olmalıdr?”

"Düşünürəm ki, tezliklə xırda qanunvericilik düzəlişini edib, belə məlumat mübadiləsini real təmin etmək lazımdır" - deyə Hüseynov qeyd edib.

7719

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev

Təhsil naziri şikayətləndi: Fikirlərim təhrif edilib, elə demək istəmirdim

59
(Yenilənib 23:16 22.01.2021)
Emin Əmrullayev: "Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir".

BAKI, 22 yanvar - Sputnik. "Öyrənmək məqsədli olmalıdır. Əgər valideyn övladı üçün hansısa öyrənmək imkanı yaratmaq istəyirsə, öyrənmənin məqsədlərini izah etməlidir. Bu həmçinin müəllim üçün də önəmlidir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında çıxışı zamanı deyib.

Nazir bildirib ki, tədris prosesin məqsədi öyrənən adama məlum deyilsə, onun motivasiyası yoxdursa, yəqin ki, öyrənmə baş vermir:

"Məqsədli öyrənmə ilə bağlı mətbuatda təhrif olunan fikirləri o mənada demişdim ki, valideyn övladını bir neçə yerə hazırlığa göndərir, amma bunun məqsədi barədə övladı ilə çox az söhbət edir. Uşaq da başa düşmür ki, hazırlığa və ya məktəbə nə üçün gedir. O, bunun niyəsini başa düşmürsə, ehtimal ki, öyrənmənin keyfiyyəti aşağı düşür".

"Mən bunu demək istəyirdim. Təəssüf, fikrim elə təqdim edildi ki, guya öyrənmək olmaz demişəm. Demək istədiyim odur ki, məqsədli öyrənmək başqa şeydir”, - deyə nazir əlavə edib.

59
Teqlər:
Emin Əmrullayev, Azərbaycanın təhsil naziri, təhsil naziri

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

0
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

0