Lerikin Dəvrədibi kəndi

Orada yaşayan sakinlərin sayında da artım yoxdur Dağ kəndində nələr olur

13212
(Yenilənib 12:48 21.02.2019)
“Şəhərlə kəndi müqayisə etməli olsaq, kənddə yaşamaq bir qədər şərəflidir”

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 21 fevral — Sputnik. Kənd insanlarının qarşılaşdığı çətinliklərlə yerindəcə tanış olmaq qərarına gəldim. Bu məqsədlə də üz tutdum Lənkərandan təxminən, 30-40 km aralıda yerləşən Lerikin Dəvrədibi kəndinə. Məni öz "UAZ" markalı yolsuzluq avtomobili ilə qarşılamağa gəlmiş dostum Elçin Məmmədovun ilk gileyi elə yoldan oldu: "Görürsən də, qardaş, yollarımız necə bərbad vəziyyətdədir?" 

Elçin Məmmədov
© Sputnik / Rahim Zakiroghlu
Elçin Məmmədov

E.Məmmədov 2002-ci ildə Lənkəran Dövlət Universitetini bitirib, 15 ildir müəllimlik fəaliyyəti ilə məşğuldur: “Evimiz Dəvrədibi və Zəriküməco kəndlərinin kəsişdiyi yerdədir. Əslində, sənədlə Zəriküməco sakiniyəm, lakin Dəvrədibi kəndində yaşayıram. Dəvrədibi kənd ümumi orta məktəbində işləyirəm, övladlarım da burada təhsil alır. Məktəbdə təhsil 9 illikdir. Məktəbimizin binası yeni inşa edilib, müasir istilik sistemi ilə təchiz olunub. Havalar xoş keçəndə şagirdlərin davamiyyəti, demək olar ki, 100% olur. Qışda yağış, qar yağanda, elektrik xətləri qırılanda isə uşaqlar dərsə gəlmirlər. Çünki elektrik naqilləri qırılanda siniflərdə istilik sistemi işləmir, uşaqlar xəstələnir”.

Həmsöhbətimin ulu babaları da bu kənddə yaşayıb. Ona görə də bu yerlərə tam adaptasiya olublar. Dediyinə görə, yayda bu yerlər cənnət kimi olur: “Yayın necə bitdiyini, demək olar ki, hiss eləmirik. Tez-tez qonaqlarımız, toylarımız olur. Dədə-babadan buralar qışlaq yeri kimi istifadə olunarmış. Babam Kərbəlayi Alxas, təxminən, XIX əsrin sonlarında bu torpaqların ən böyük mülkədarlarından biri olub. O dövrünün təsərrüfat sahələrinə uyğun olaraq həm əkinçilik, həm də heyvandarlığın bütün sahələri, həmçinin  çəltikçiliklə məşğul olub. 80-90 hektar çəltik sahəsi varmış və həmin çəltik sahələrinin pilləvari sahələri - terraslar hələ də qalır”.

Dəvrədibi kəndinin sakinləri
© Sputnik / Rahim Zakiroghlu
Dəvrədibi kəndinin sakinləri

Azərbaycanda 1920-ci ildə Sovet hakimiyyəti qurulanda Elçin müəllimin babasının da bütün mülkiyyəti əlindən alınıb. Kolxozlaşma dövründə bütün mal-heyvanı kolxoza, çəltik sahələri isə meşə və çayçılıq təsərrüfatına təhvil verilib.  Özü isə çox kasıb şəraitdə dünyasını dəyişib.

Müsahibimizdən öyrənirik ki, Dəvrədibi kəndinin əhalisi, əsasən, maldarlıqla məşğul olur, əkinçilik üçün isə əlverişli şərait yoxdur: “Kənddə müəllim işləyənlər də var, amma kənd sakinlərinin əksəriyyəti təsərrüfat işləri ilə məşğul olurlar. Az miqdarda dəmyə əkinçilik var. Kənd camaatının gəlirlərinin böyük hissəsi heyvandarlıqdan çıxır. Mən özüm də heyvandarlıqla məşğul oluram, 5-6 baş mal-qaram var. Amma adam var ki, 10-15 baş inəyi var. Yaz-yay aylarında da özümüzə lazım olacaq qədər tərəvəz əkirik".

Ondan da xəbərdar oluruq ki, Dəvrədibi kəndində ailə quranların sayı artsa da, əhalinin sayında artım müşahidə olunmur. E.Məmmədov bunun urbanızasiya prosesi ilə əlaqələndirir: “Təkcə bizdə deyil, bütün dünyada urbanizasiya prosesi gedir. Kənddən şəhərə köçənlərin sayı həddindən artıq çoxdur. Hazırda kənddə 50-yə yaxın ev var. Mən gözümü açanda elə həmin 50 evi görmüşəm, sayı artmır. Çünki əhalinin əksəriyyəti ya paytaxta, ya da Abşeron yarımadasına köçür. Kənddə qalanlar öz təsərrüfatını quranlar və yerli şəraitə adaptasiya olanlardı".

E.Məmmədov deyir ki, kəndləri Lənkəran şəhərinə yaxın yerləşdiyinə görə qışa hazırlıq görmək, uzun müddət üçün ərzaq ehtiyatı yığmağa ehtiyac görmürlər: “Ancaq elə kəndlərimiz var ki, dəniz səviyyəsindən 1500 metrdən daha yüksəkdə yerləşir. Həmin kəndlərdə qışa hazırlaşmaq üçün öncədən 6 aylıq ərzaq məhsulları tədarük edirlər. Bunun üçün evlərində xüsusi zirzəmilər düzəldirlər və bütün məhsulları oraya yığıb qışda istifadə edirlər. Onların hazırladıqları bu zirzəmiləri təbii soyuducu da adlandırmaq olar. Çünki həmin zirzəmiləri elə yerdə inşa edirlər ki, orada hətta yayda belə, heç bir məhsul zay olmur”.

Lerikin Dəvrədibi kəndi
© Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Söhbətimizin bu məqamında müsahibim yol problemini yenidən xatırladır: “Ən böyük problemimiz yolla bağlıdır. Çox yanacaq sərf edən yolsuzluq avtomobillərindən istifadə etməyə məcburuq. "UAZ” avtomobilləri bu yerlərə dözən, bəlkə də, yeganə maşındır. Kəndimizlə Lənkəranın mərkəzi arasında 26-27 km məsafə var. Bu yolu qət etməyə 13-14 manatlıq yanacaq sərf edirik".

Dəvrədibi kənd sakinləri ərzaqları, əsasən, Lənkərandan alıb gətirirlər. Təcili nə isə lazım olanda Piran kənd mağazasına üz tuturlar.

Elçin müəllim deyir ki, qış gəlmədən daha çox mal-heyvan üçün tədarük görürlər: “Qışa təsərrüfatı qabaqcadan hazırlayırıq. Ən birinci ot tədarükündən başlayırıq. Heyvanlarımızın qışda qidalanması üçün otu pulla almaq baha başa gəlir. Ona görə də yayda ot biçirik, biçilmiş otu presləyib tövlənin damına yığıram. Əgər yayda tövlənin damını doldura bilsəm, heyvanlarım qışı keçirə bilərlər”.

Kənd sakinləri qışda evlərini isitmək üçün isə odundan istifadə edirlər: “Yayda da odun işlədirik, kəndimizə hələ də qaz çəkilməyib. Yayda meşədəki quru odunları yığırıq. Qışda odun yandırmaq üçün isə bizə bilet verilir. Qabaqcadan qışda bizə neçə kub odun çatacağını müəyyən edib ona uyğun bilet götürürük”.

Lerikin Dəvrədibi kəndi
© Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Sən demə, dağ kəndinin sakinləri üçün problem təkcə yolsuzluq və qazsızlıq deyil. Elektrik enerjisi də onlar üçün baş bəlasıdır: "Qış aylarının ən böyük problemlərimizdən biri də elektrik enerjisinin tez-tez kəsilməsidir. Onun da başlıca səbəbi elektrik dirəklərinin istifadəyə yararsız hala düşməsidir. Çürümüş dirəklər artıq 10 min voltluq elektrik naqillərini daşımağa tab gətirmir. Həmçinin dirəklər çürüdükcə o qədər aşağıdan basdırılıb ki, elə yerdə insan əli belə çatır”.

“Qar yağanda, güclü külək olanda meşədə elektrik xətləri biri-birinə dolaşır, budaqlar qırılıb naqillərin üzərinə düşür. Buna görə də tez-tez qısaqapanmalar olur. Bizə verilən elektrik enerjisinin gərginliyi də aşağıdır. Həmçinin elektrik enerjisinin bərpası da sakinlərin öz üzərinə düşür, çünki kənddə cəmi bir montyor var" – deyə o əlavə edir.

Elçin müəllimin dediyinə görə, kənd sakinləri ancaq bir mobil operatorun xidmətindən istifadə edə bilirlər. Elektrik enerjisi kəsiləndə həmin mobil operator da işləmir və beləcə onlar həm də mobil şəbəkəsiz qalırıq.

Lerikin Dəvrədibi kəndi
© Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Kənd sakinlərinin digər bir problemi səhiyyə ilə bağlıdır. Belə ki, kənddə nə insanlar, nə də heyvanlar üçün həkim yoxdur: “Kimsə xəstələnəndə, təcili yardım çağıra bilmirik, çünki təcili tibbi yardım avtomobili buralara gələ bilmir. Xüsusən də qarda-qışda bu mümkünsüzdür. Xəstəni özümüz həkimə aparmalıyıq. Mal-heyvanımız xəstələnəndə də həkimi Lənkərandan gətirməliyik. Çünki yerli baytarımız da yoxdur".

Dağ kəndində yaşamağın səbəb olduğu daha bir problem də vəhşi heyvanların hücumu ilə üzləşməkdir. Bu kəndin sakinləri də belə problemlə ara-sıra qarşılaşırlar: “Toyuq-cücələrimizi çaqqal, tülkü öldürür. Çünki vəhşi heyvanların yaşayış arealı daralıb. Yəni insan məskənləri genişləndikcə, vəhşi heyvanların yayılma sahəsi azalır. Biz onların yaşayış yerlərini zəbt edirik. Ancaq bu yaşıma kimi kəndimizdə kiminsə vəhşi heyvan hücumundan öldüyünü görməmişəm. Ara-sıra kiçik dişləmələr olub. Lakin bu qış soyuqlar düşəndən bəri canavarların sayı çoxalıb, canavarlar kəndə basqın edir. Elə bu yaxınlarda bir tanışımıa canavar hücum edib. O isə canavarı it bilib və öz çomağı ilə vurub öldürüb. Bir müddət əvvəl əmimin tövləsinə də canavar soxulmaq istəyirdi. Hay-küyə qaçdıq, inəkləri yaralamasına imkan vermədik”.

Lerikin Dəvrədibi kəndi
© Sputnik / Rahim Zakiroghlu
Lerikin Dəvrədibi kəndi

Bütün bu çətinliklərin müqabilində həmsöhbətim kənddə yaşamağı üstün tutur: “Şəhərlə kəndi müqayisə etməli olsaq, əlbəttə ki, şəhərdə yaşamaq daha rahatdır. Lakin mənim fikrimcə, kənddə yaşamaq bir qədər şərəflidir. Çünki burda öz kökünə daha yaxınsan, torpaqla, təbiətlə daha çox əlaqədəsən. Yol məsələsi həll olunarsa, demək olar ki, buralar da şəhərdir”.

“Yayda bu yerlərdə yaşamaq çox sərfəlidir və rahatdır. Yayda heyvanlarımızı biçənəklərə, meşəyə buraxırıq. Bunu da heyvandarlığın ən rahat tərəfi adlandırmaq olar. Yayda odun problemimiz də olmur. Çünki odun ancaq az miqdarda odur lazım olur, yemək bişirməyə və yuyunmağa. Yayda bütün meyvə tərəvəzi həyət-bacadan əldə edirik. Ət, toyuq, yumurta, süd, ayran və sair öz təsərrüfatımızdan olur. Nəyəsə ehtiyac olanda da almaq şəhərdən qat-qat ucuz başa gəlir” – deyə o bildirir.

13212