BAKI, 19 fevral — Sputnik. Bir müddət əvvəl "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsində antisanitar şəraitlə bağlı video yayılıb. Məsələ ilə bağlı mediadan daxil olan müraciət əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyin mütəxəssisləri tərəfindən müvafiq qaydada araşdırmalar həyata keçirilib.
Qida Təhlükəsizlik Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, araşdırmalar zamanı Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani, ev 33 ünvanında yerləşən "Gəncə Cake House" şirniyyat istehsalı və satışı müəssisəsinə baxış keçirilib və laborator müayinələr üçün məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən baxış zamanı müəssisədə sanitar-gigiyena tələblərinə, mal qonşuluğu prinsipinə əməl edilmədiyi, texniki normativ sənədlərin tələblərinin pozulduğu aşkar edilib.
Bütün bunları nəzərə alaraq, aşkar olunan nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.