CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İtmiş tarixin yadigarları - Min illərdən bizə gəlib çıxanlar

© Sputnik / Shahperi AbbasovaQazbinə kəndi
Qazbinə kəndi - Sputnik Azərbaycan
Abunə olmaq
Yer üstündə qalan tarixi abidələr və toponimlər bu gün itirdiklərimizə şahidlik edir

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 17 fevral — Sputnik. İnsanlar üçün həmişə yaşadığı məkanın etimologiyası maraqlı olub. Bəzi insanlar yaşadıqları bölgənin adının mənasını bilmir, özləri üçün fərziyyələr irəli sürürlər. Tarixə şahidlik edən bu toponimlər bölgənin qədim tarixindən xəbər verir. AMEA-nın tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli şimal-qərb bölgəsində yerləşən bəzi toponimlərin etimologiyasından Sputnik Azərbaycan-a danışıb.

Kurqan çölü, Türkan kəndi. - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakıda tunc dövrünə aid tarix məhv edilir

Tarixçinin fikrincə, Şumer mədəniyyətinin paralelini Azərbaycanın şimal-qərb bölgəsində izləyə bilirik: "7-8 min il bundan qabaq Mesopotamiyada, Şumer-Gil kitabələrdə bölgəmizdə işlənən su, məhlə, tənə, mintənə və s. sözlərinə rast olunur. Oğuzdakı Kərimli kurqanındakı hökmdarın əlindəki əsa, qızıl öküz başı olub. Şumerlərdə öküz başı günəşin simvolu idi. Proto türklərinin izlərini Mesopotamiyada gördüyümüz kimi burada da görmək olar".

"Bölgəmizdə, xüsusilə Balakən, Zaqatala və Qax ərazisində yerləşən kəndlərin bəziləri "tala" sözü ilə bitir. Məsələn, Aşağı tala, Yuxarı tala, Uzuntala, Qaratala, Xələftala və s. Qədim türklərin Şumer dövrünü, daha sonrakı dövr (I minillikdə) Kimmer-Skif-Sak yəni, Massaget dövrünü qeyd etmək istəyirəm. Onların yaşadığı, yurd saldığı və dövlətlərini qurduğu yerlər buralar idi. "Tala" sözü də yurd yeri anlamına gəlir" – deyə həmsöhbətimiz qeyd edib.

© Sputnik / Shahperi AbbasovaBalakən rayonu
İtmiş tarixin yadigarları - Min illərdən bizə gəlib çıxanlar - Sputnik Azərbaycan
Balakən rayonu

Zaqatala - "Saka tala" yəni, sak türklərinin yaşadığı yer anlamına gəlir. A.Məmmədli vurğulayıb ki, haqqında danışdığımız bölgənin etimologiyası haqqında başqa bir fikir də var: "Mərhum arxeoloq Nəsib Muxtarov bildirirdi ki, tarixi mənbələrdə Sakun adlı şəhər olub. Qədim saklarla hunların sonrakı dövrdəki 2 böyük türk axını özündə birləşdirən bir şəhərdən danışırdı ki, mütləq Qanıq çayı ərazilərində olmalıdır. Qanıq çayı boyunca kurqan təpələri mövcuddur. Kurqanlar e.ə. IV minillikdən başlayaraq türklərin dəfn adətlərindən olub. O dövrdə qəbirin üzərində torpaq təpələr ucaldılırdı. Hətta ora tapınırdılar, sitayiş edirdilər".

Sözügedən bölgədə "binə" sözü ilə bitən kənd adları da var. Tarixçinin bildirdiyinə görə, təkcə Balakəndə "binə" sözü ilə bitən 28 kənd adı mövcuddur: ""Binə" qədim türklərin yayda yaşayış yeridir. Mal-qaraları, əkin-biçinləri orada olurdu. Balakəndə 28 kənd adına "binə" sözü əlavə olunub. Məsələn, Qaracabinə, Aralıqbinə, Qazbinə və s. Tabun və binə ən qədim türk sözüdür”.

Qədim hunlarla birgə hərəkət edən bulqarların içərisində gereyli, qullar, tülü, qazma və katak tayfaları olub. Eyni tayfa adları Qafqaz dağlarının cənub ətəyində sıra ilə yerləşib: Gereyli, Tülü, Qullar Qazma və Katak kəndi. Qədim Bulqar türklərinə bağlı olan bu toponimlər II-IV əsrlərdə formalaşıb. Müsahibimizin sözlərinə görə, Balakəndə 50 il əvvəl yaşlı insanlar buranın adını kənd kimi demirdilər.

"Ötən əsrdə burada yaşayan yaşlı sakinlər "kənd" sözünü işlətmirdilər. "Qullar tabun" , "Gereyli tabun", "Tülü tabun" (Tabun - qədim türklərin at ilxılarının saxlandığı binə yerləri, onun yanında özlərinin yaşayış yeri olan sahə - red.) deyirdilər. Yaşlılardan soruşanda bildirirdilər ki, "kənd nədir? sən həmşərisənmi?” Yəni yerli muğalların dilində kənd yox, tabun adlanırdı. Proto türklərinin izləri Balakən, Zaqatala və Qax rayonundakı toponimlərdə özünü yaşadır" – deyə o vurğulayıb.

© Sputnik / Shahperi AbbasovaZaqatala rayonu
İtmiş tarixin yadigarları - Min illərdən bizə gəlib çıxanlar - Sputnik Azərbaycan
Zaqatala rayonu

Balakəndə yerləşən qədim kəndlərdən olan Qulların etimologiyası üzərində bir müddət araşdırma apardıqlarını deyən tarixçi bu adla bağlı müxtəlif fikirlərin olduğunu deyib: "Bu fikirlərdən daha çox üzərində durğumuz, toponimşünasların Qullar adının qədim bulqar, hun türklərinin içində bir tayfanın adı ilə bağlı olduğu fikridir. Məntiqi cəhətdən maraqlı olan fikir ondan ibarət idi ki, Qafqaz dağlarının cənub ətəklərində dərələrdən keçən bir çay var ki, adına Hunbol çayı deyirlər. Yəni hunların çox olduğu yer anlamına gəlir. O çayın aşağı axarındakı kənddə Hunələr nəsli var. Həmin nəsil 1920-30-cu illərdə repressiya zamanı öz soyadlarını dəyişmək məcburiyyətində qalıblar. Bəziləri Yusifov, bəziləri isə Hunayev, Hinəyev olublar. O nəsil hələ də yaşayır".

Azərbaycanın şimal-qərb qapısı sayılan Balakənin etimologiyasından danışan Akif Məmmədlinin qənaətincə, "balak", "baluk", “balık" sözləri proto türklərində oba, məskən, yurd yeri, yaxud tabunlar mənasını verir. Balakən sözündəki "ən" sonluğu isə cəm şəkilçisidir: "İkinci bir versiyanı da akademik Yaqub Mahmudov irəli sürüb. O bildirir ki, Uzun Həsənin 28-ci babası Belekən adlı oğuz sərkərdəsi olub. 

Qusar rayonunda vaxtilə Lermontovun yaşadığı ev - Sputnik Azərbaycan
CƏMİYYƏT
Qapısındakı qıfılı ildə bir dəfə açılan ev: Orada iki əsrlik tarix yatır
Bu barədə Əbu Bəkr-əl Tehraninin "Kitabi Diyarbəkriyyə" əsərində qeyd olunub. Həmin əsər Ağqoyunlu taxtına, o dövlətin tarixinə aid olan araşdırmadı. Tarixçinin həmin kitabında qeyd olunur ki, Uzun Həsənin 28-ci babası Belekan adlanan oğuz sərkərdəsi olub. O da bizim eranın əvvəllərinə, yəni xristianlığın ilk yarandığı dövrlərə təsadüf edir".

"Akademikin fikrincə, Balakəndə Təpə çöl deyilən dümdüz bir yerdə, çölün ortasında nəhəng bir təpə var. Onun yaxınlığında da kiçik təpələr olub, bəlkə də həmin oğuz sərkərdəsinin məzarı oradadır. Amma təəssüf ki, 1989-1990-cı illərdə Yaqub Mahmudovun bir qrup tələbə və arxeoloqlarla apardığı qazıntı işi yarımçıq qaldı. Daha doğrusu, separatçı qüvvələrin hücumuna məruz qaldı. Bir gecədə qazılmış kurqan traktorlarla dağıdıldı, sonra üstü şumlandı” – deyə A.Məmmədli bildirib.

Onun sözlərinə görə, beləliklə də, proto türklərinin izləri, bir növ, itirildi: “Amma nə yaxşı ki, yer üstündə qalan tarixi abidələr və toponimlər bu gün itirdiklərimizə şahidlik edir".

Xəbər lenti
0