Fermer təsərrüfatındakı inəklər, arxiv şəkli

Nazir: "Paylanılan heyvanların 1 faizi dəyişdirilib"

64
(Yenilənib 21:09 14.02.2019)
O, qeyd edib ki, heyvanların sağlamlıq problemləri ilə bağlı edilən müraciətlərin çox hissəsi bir-iki ay sonra edilən müraciətlərdir

BAKI, 14 fevral — Sputnik. "30 min baş iri və xırda buynuzlu heyvan paylanılıb. Və bu günə qədər gələn şikayətlərlə bağlı 1 faiz heyvan dəyişdirilib". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı keçirilən mətbuat konfransında deyib.

O, qeyd edib ki, heyvanların sağlamlıq problemləri ilə bağlı edilən müraciətlərin çox hissəsi bir-iki ay sonra edilən müraciətlərdir.

"Heyvanlar vətəndaşalara təqdim edilən zaman vətəndaş heyvanın sağlamlığı haqqında arayışa qol çəkir və qəbul edir. Bəzən vətəndaşlar heyvanı alır və bir neçə ay sonra başqa heyvan gətirir ki, xəstə heyvandır. Bəzən olur ki, heyvana baxa bilmirlər, heyvan ölür. Biz bütün şikayətləri araşdırıb, lazım olduğu zaman dəyişdiririk. Demək olar ki, 170 heyvan dəyişdirilib" - deyə nazir qeyd edib.

Nazir qeyd edib ki, bu sahədə çoxsaylı və müxtəlif müraciətlər daxil olub: "Ancaq göstərilən qiymətlərdən daha ucuz heyvanların verilməsi məsələsi düzgün deyil. Bütün vergilər daxil olmaqla bir inəyin qiyməti 1800 manat qeyd edilib. Onun digər xərclərini çıxan zaman bir inəyin qiyməti 1400 manat edir".

Nazir bildirib ki, məşğulluq proqramında manipulyasiya ilə məşğul olmaq istəyənlər də olub: "Araşdırma zamanı proqrama yazılan bəzi şəxslərin aztəminatlı olmadığı, imkanlı olduğu məlum olub. 800-ə yaxın belə məşğulluq proqramına uyğun olmayan şəxs siyahıdan çıxarılıb. Belə şəxslərin böyük əksəriyyəti mətbuata müxtəlif iddialarla çıxıb".

64