Silahlı şəxs

Bakıda sahibsiz heyvanlar üçün "Varfolomey gecəsi": Bu vəhşət kimsəni maraqlandırmır

10254
(Yenilənib 16:40 13.02.2019)
"Polis bununla məşğul olmur, buna görə heç kəs inzibati və cinayət məsuliyyətinə cəlb edilmir"

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Bakı şəhərində naməlum şəxslər tərəfindən sahibsiz itlərin güllələnməsi halı yenidən baş qaldırıb. Belarus vətəndaşı Kristina Sivkova fevralın 9-da saat 23:50 radələrində onun yaşadığı mənzilin pəncərəsi altında odlu silahla sahibsiz bir itin güllələndiyi barədə polisə şikayət edib. Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat veriblər.

24 yaşlı əcnəbi polisə zəng edərək iti öldürən şəxsin cəzalandırılmasını istəyib.

Qeyd edək ki, bu, ilk belə hal deyil. Bakılılar davamlı olaraq şəhərin küçələrində heyvanların işgəncəyə məruz qalmasının və öldürülməsinin şahidi olurlar. Sahibsiz heyvanların öldürülməsi ilə şəhərin icra hakimiyyəti məşğul olur və onlar bu yolla nəzarətsiz itlərin çoxalmasına qarşı mübarizə aparırlar.

Lakin Mənzil-Kommunal Təsərrüfatı Departamenti yanında Sanitariya və Texniki Təmizlik İdarəsinin rəhbəri Mübariz Qurbanov bu iddianı təkzib edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi idarə sahibsiz itlərin tutulması, sterilizasiyası və peyvəndlənməsi ilə məşğul olur, öldürülməsi ilə deyil.

Xatırladaq ki, 2018-ci ilin oktyabr ayında həmin vaxt Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən Eldar Əzizov Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansındakı, sahibsiz heyvanlarla mübarizəyə cavabdeh olan Sanitariya və Texniki Təmizlik İdarəsinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə bağlı göstəriş verib. Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən idarədə təmir-tikinti işləri aparılır. Yeni layihədə heyvanlar üçün müasir sığınacaqların salınması və müasir mərkəzin qurulması nəzərdə tutulur. Bu səbəbdən də müvəqqəti olaraq sahibsiz küçə heyvanları ilə bağlı müraciətlərə baxılmır.

Hazırda isə Bakı Şəhər İcra Hakimiyyətinin Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirdiyi layihə çərçivəsində sahibsiz heyvanlara qayğı mərkəzində təmir-bərpa işləri tamamlanmaq üzrədir.

"İtlər üçün sığınacaq tikilib, xüsusi nəqliyyat, pnevmatik tüfənglər, laboratoriya üçün lazımi avadanlıqlar alınıb. Mərkəz bu gün-sabah açılacaq. Bundan sonra biz sahibsiz itlərin tutulması, quduzluq əleyhinə peyvəndlənməsi, sterilizasiya edilməsi, çipləşdirilməsi və azadlığa buraxılmasına başlayacağıq" - deyə Qurbanov yaxın planlarından danışarkən bildirib.

Beləliklə də, ümid edək ki, son vaxtlar Bakıda və ətraf rayonlarda sayı həddindən artıq çoxalmış sahibsiz heyvanların qayğısına qalacaqlar.

Qeyd edək ki, Bakıda sahibsiz itlərin sayının nəzarətdə saxlanılmaması və bu səbəbdən də artması paytaxtın bir çox sakinlərinin iradlarına səbəb olur. Bununla yanaşı son vaxtlar sahibsiz itlərin şəhər sakinlərinə hücum etməsi hallarının da sayı artıb. Respublika Taun Əleyhinə Stansiyada 2018-ci ildə sahibsiz itlər və vəhşi heyvanların dişləməsi səbəbindən xəsarət almış 22 minədək insan qeydiyyatdan keçib.

Belə hallar bəzən, sadəcə elementar insan mədəniyyətinin olmaması ilə bağlı meydana çıxır. Belə ki, adamlar sahibsiz itləri incidir, onlara qarşı qəddar davranışlarını smartfonlar vasitəsilə çəkir və sonra da həmin çarxları sosial şəbəkələrdə paylaşırlar.

Heyvanların mühafizəsi ilə məşğul olan Yelena Simakina Sputnik Azərbaycan-a açıqlamasında tez-tez belə hallarla rastlaşdığını deyir: "Bir il əvvəl itlərin güllələnməsi Pirallahıda, sonra oktyabr ayında Hövsan qəsəbəsində, noyabrda isə Suraxanıda baş verib. Amma onları kim güllələyib, biz onu bilmirik. Polis bununla məşğul olmur. Buna görə heç kəs inzibati və cinayət məsuliyyətinə cəlb edilmir. Heyvanların avtomobillərlə vurulması və onların incidilməsi hallarına isə demək olar, hər gün rast gəlinir".

O, öz növbəsində Bakıdakı yaralı heyvanları toplayır, onlara yardım göstərir və ömürlərinin sonuna qədər qayğılarına qalır.

Hazırda Simakinanın Hövsan qəsəbəsindəki sığınacağında 43 it var və onların yarası şikəstdir. Onlar bu hala insanların qəddarlığı nəticəsində düşüb. Simakina öz sığınacağındakı itlərə quluq etməklə yanaşı, şəhərin müxtəlif guşələrindəki sahibsiz heyvanları da yedizdirir.

Simakinanın sözlərinə görə, şəhərdə heyvanlar adətən gecələr güllələnir: "Hövsan qəsəbəsində itlər güllələnərkən, mən onları güllələyənlərin maşınlarının təkərlərinin izinin şəkillərini çəkərək polisə verdim. Bu izlər əsasında itləri güllələyənləri tapmaq olar. Mən, hətta itlərin vurulduğu güllələri də topladım. İtlər ov tüfəngləri ilə vurulmuşdu. DİN-in vasitəsilə ballistik ekspertiza apararaq heyvanların hansı silahlar və kim tərəfindən güllələndiyini müəyyən etmək olardı. Axı bizdə silahlı insanların sayı çox deyil".

Lakin sahibsiz itlərə qarşı qəddarlıq faktı ilə bağlı heç kəs məsuliyyətə cəlb edilməyib. Simakina əlavə edib ki, təkcə o özü 2018-ci ildə itlərin güllələnməsi ilə bağlı beş faktı qeydə alıb. Bununla belə, heyvanların müdafiəçisi bildirir ki, insanların heyvanlara qarşı etdiyi qəddar hərəkətlərlə bağlı faktların çoxundan ictimaiyyətin xəbəri yoxdur.

10254
Teqlər:
Sputnik Azərbaycan, gecə, polis, güllə, it, küçə
Əlaqədar
Sahibsiz heyvanlarla bağlı həyəcan təbili çalındı
Sahibsiz it yenə camaatı təşvişə saldı
Bakıda sahibsiz itlərlə mübarizə dayandırılıb
Baş ekspert: "Sahibsiz itləri öldürmək olmaz"