Vergi Məcəlləsinə dəyişikliklərin QHT-lərin fəaliyyətinə təsiri mövzusunda dəyirmi masa keçirilib

"QHT sektorunun cəlb etdiyi işçilər artıq gəlir vergisi ödəyicisi olacaqlar”

67
(Yenilənib 17:22 11.02.2019)
Ekspert: "Artıq rüblük hesabatlar olmayacaq"

BAKI, 11 fevral — Sputnik. Bu gün Bakıda Azərbaycan Açıq Hökumət Platforması və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi tərəfindən "Vergi Məcəlləsinə dəyişikliklərin QHT-lərin fəaliyyətinə təsiri" mövzusunda "dəyirmi masa" keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, tədbiri giriş sözü ilə Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev açıb. O, bildirib ki, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Avropa İttifaqının dəstəyi ilə "Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi" layihəsini həyata keçirir və "dəyirmi masa" bu layihə çərçivəsində baş tutub: "Bundan başqa, "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi Açıq Hökumət Platformasının üzvüdür. Vətəndaş cəmiyyəti qanunvericilikdəki dəyişiklikləri daha yaxşı bilməlidir ki, onların tətbiqi prosesində hər hansı bir problem yaşanmasın. Ona görə də belə bir tədbirin keçirilməsi zəruridir".

  • Əliməmməd Nuriyev
    Əliməmməd Nuriyev
    © Sputnik / Murad Orujov
  • Müstəqil auditor Azər Əliyev
    Müstəqil auditor Azər Əliyev
    © Sputnik / Murad Orujov
  •  Vergi Məcəlləsinə dəyişikliklərin QHT-lərin fəaliyyətinə təsiri mövzusunda dəyirmi masa keçirilib
    "Vergi Məcəlləsinə dəyişikliklərin QHT-lərin fəaliyyətinə təsiri" mövzusunda "dəyirmi masa" keçirilib
    © Sputnik / Murad Orujov
1 / 3
© Sputnik / Murad Orujov
Əliməmməd Nuriyev

"Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyinin sədri Cəlal Əmənov "Vətəndaş cəmiyyəti və vətəndaşların maraqlarının müdafiəsi" layihəsi barədə məlumat verib və layihə çərçivəsində həyata keçirilən tədbirlərdən danışıb.

"Gələcəyə Qayğı" İctimai Birliyinin sədri, müstəqil auditor, Açıq Hökumət Platformasının eksperti Azər Əliyev Vergi Məcəlləsinə dəyişikliklərdən danışıb, QHT-ləri maraqlandıran sualları cavablandırıb.

Onun sözlərinə görə, QHT sektorunda ən çox problemli məsələ xidməti müqavilələr və bu ildən layihələrə cəlb olunan işçilərin sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilməməsidir: "Ancaq birbaşa əhali ilə işləyən vergi ödəyiciləri sadələşdirilmiş vergi ödəyicisi olacaqlar. QHT sektorunun cəlb etdiyi işçilər artıq gəlir vergisi ödəyicisi olacaqlar. Gəlir vergisi ödəyicisi olmağın müsbət tərəfləri olduğu kimi, mənfi tərəfləri də var. Müsbət tərəfi odur ki, bizim cəlb etdiyimiz fiziki şəxslər ildə bir dəfə hesabat verəcək. Yəni fiziki şəxs ilin sonunda gəlir vergi haqqında bəyannamə verəcək. Artıq rüblük hesabatlar olmayacaq".

"Demək olar ki, bizim cəlb etdiyimiz işçilər heç bir xərc sənədi göstərə bilmir. Məsələn, psixoloq, hüquqşünas və s. bunların çəkdiyi xərc ancaq öz əqli və fiziki göstərdiyi xidmətlərdir. Ona görə də işçilər təxminən dövriyyəsinin 5 faizi səviyyəsində vergi ödəyəcəklər" – deyə o bildirib.

Ekspert bildirib ki, martın 1-dən minimum əməkhaqqı 180 manat olacaq: "Xidməti müqavilə ilə fəaliyyət göstərən ödəyicilər minimum əmək haqqına nisbətdə müxtəlif faizlərlə DSMF-yə ödənişlər edəcəklər. Güman edirəm ki, martın 1-dən sonra xidməti müqaviləyə deyil, əmək müqaviləsinə keçmək daha üstün olacaq".

67