Yeni sərnişin avtobusları

Sərnişinlərin narazı olduqları marşrut xətti düzəlmir

52
(Yenilənib 19:23 08.02.2019)
Mais Ağayev: “İclasda da bu məsələni müzakirə edib, sahibkara iradlarımızı çatdıracağıq”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 8 fevral — Sputnik. Bakı şəhərində nəqliyyat sektorunda daima dəyişikliklər aparılır. Şəhər mərkəzində olan avtobuslar son illərdə müasir avtobuslar ilə əvəzlənir. Amma şəhərin bir az kənar ərazilərində olan marşrut xətlərində vəziyyət heç də ürəkaçan deyil. Belə ki, avtobusların sayı azdır, həmçinin natəmizdir. Əksər avtobuslar isə istismar müddətini başa vurub, amma istifadə edilir.

Sərnişinlərin ən çox narazı olduqları avtobuslardan biri də 29 nömrəli marşrut xəttidir. Bu marşrut 30 dəqiqədən bir gəlir və avtobusda adam çox olduğundan dayanacaqda dayanan sərnişin dəqiqələrlə başqa avtobusun gəlməsini gözləməli olur. Bu da ciddi narazılığa səbəb olur.

Sputnik Azərbaycan sərnişinlərin şikayətlərinə cavab tapmaq üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə əlaqə saxlayıb.

O bildirib ki, bu cür hallara son qoyulacaq: “29 saylı avtobusda olan problemlərin həllinə də az qalıb. Avtobus parkı yenilənəndən sonra bu marşrut xəttində olan gecikmələr, avtobus azlığı da aradan qaldırılacaq”.

“Gecikmənin səbəbi marşrut xəttinin tıxaclı yollar üzərində olmasıdır. Amma yenə də əlimizdən gələni edirik ki, məsələ öz həllini tapsın. Yaxın günlərdə sahibkarlarla görüş olacaq. İclasda da bu məsələni müzakirə edib, sahibkara iradlarımızı çatdıracağıq” – deyə qurum rəsmisi qeyd edib.

52