Makler satdığı evi müştəriyə göstərir, arxiv şəkli

Ölkədə ucuz mənzillər bahalaşır

131
(Yenilənib 20:35 07.02.2019)
"İlkin mənzil bazarında qiymət artımı var. Bu bazarda ciddi dinamika müşahidə edilmir" - Ramin Osmanlı

BAKI, 8 fevral — Sputnik. "Ötən ilin sonu ilə müqayisədə mənzil bazarında qiymətlər sabitdir. Lakin bu ilin ilk ayında, xüsusilə ucuz mənzillərin qiymətində nisbi artımlar müşahidə edilir". Bunu sözləri Sputnik Azərbaycan-a açıqlamasında daşınmaz əmlak məsələləri üzrə ekspert Ramin Osmanlı deyib.

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal Yaşayış Kompleksi
© Official web-site of President of Azerbaijan Republic

Onun sözlərinə görə, nisbi artım üçün elə də ciddi səbəb yoxdur. Sadəcə olaraq bazara çıxarılan ucuz mənzillərin sayı azalıb. Təklif portfelinin daraldığı üçün bazarda artıq 1-2 otaqlı mənzil tapmaq çətinləşib.

"Təkrar mənzil bazarında alıq-satqı əməliyyatlarının sayında da ciddi artımlar müşahidə edilmir. İlin əvvəli olduğu üçün hələ ki, ipoteka kreditlərinin verilməsində müəyyən azalmalar nəzərə çarpır. Bu da bəzi bankların limitinin bitməsi ilə əlaqədardır” – deyə, ekspert təkrar mənzil bazarı haqda danışarkən əlavə edib.

Bildirib ki, digər tərəfdən isə il yeniləndiyi üçün tələb aşağı düşüb: “Bu səbəbdən də banklar ipoteka faizini yenidən 8-ə qaldırıblar. Yəqin ki, növbəti aylarda ipoteka kreditlərinin artması ilə bazardakı dinamika yenidən bərpa olunacaq".

Onu da vurğulayıb ki, ilkin mənzil bazarında vəziyyət qeyri-müəyyən olaraq qalıb: "İlkin mənzil bazarında qiymət artımı var. Bu bazarda ciddi dinamika müşahidə edilmir. Hələ ki, şirkətlər qiymət artımında maraqlı olduğunu göstərirlər. Dövriyyə hazırda onlar üçün elə də maraqlı deyil".

Ekspert bildirib ki, ilkin mənzil bazarında 5 faizədək, təkrar mənzil bazarında isə təxminən, 2 faizədək bahalaşma olub.

"2018-ci il, ümumilikdə daşınmaz əmlak bazarı üçün son 10 ilin ən stabil ili kimi yadda qaldı. Lakin bu vəziyyətin cari ildə də davam edəcəyini proqnozlaşdırmaq mümkün deyil" – deyə həmsöhbətimiz əlavə edib.

R.Osmanlı 2017-ci illə müqayisədə ötən ildə ilkin və təkrar mənzil bazarında alqı-satqıda artım olduğunu da vurğulayıb.

131