Market

Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"

6211
(Yenilənib 16:16 06.02.2019)
Deputat: "Ərzaq oğurluğunun qarşısını almaq üçün bazarda qiymətlərlə bağlı spekulyasiyalara son qoyulmalıdır"

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. "Əgər insanlar cüzi maddi ehtiyac ucbatından oğurluq edirlərsə, buna görə cəmiyyət utanmalıdır. Maliyyə böhranı, gündəlik tələbat mallarının qiymətlərinin yüksək olması və iş yerlərinin çatışmaması, şübhəsiz ki, əmlak oğurluğu ilə bağlı cinayətlərin sayının artmasına gətirib çıxarır".

Politoloq Araz Əlizadə
© Photo : APA
Politoloq Araz Əlizadə

Bunu Sputnik Azərbaycan-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə, paytaxt mağazalarından ərzaq məhsullarının oğurlanması barədə informasiyaları şərh edərkən deyib.

Son zamanlar Bakıdakı mağazalardan tez-tez qida məhsullarının oğurlanması halları baş verir. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, bunu paytaxtın polis şöbələrinə yönələn şikayətlər də təsdiqləyir.

Belə ki, fevralın 4-də Bakının Binə qəsəbəsində 44 yaşlı Rasim Hacıyevə məxsus mağazadan naməlum şəxs 85 manat məbləğində ərzaq məhsulları oğurlayıb. Oğru mağazaya qapıdan daxil olub. Hazırda Xəzər Rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları oğrunun şəxsiyyətini müəyyənləşdirməyə çalışırlar.

Fevralın 2-si səhər saat 06:00 radələrində Masallı rayonunun 29 yaşlı sakini Maarif Məcidovun paytaxtın Həsən Əliyev küçəsindəki 15 nömrəli binada yerləşən mağazasına oğrular girib. Onlar mağazaya pəncərədən daxil olublar. Ticarət mərkəzindən 15 manat pul, eləcə də 2,5 min manat dəyərində ərzaq və tütün məhsulları oğurlanıb. Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları hazırda sözügedən oğurluq faktını araşdırmaqla məşğuldurlar.

Fevralın 3-ü axşam saat 21:00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsində yerləşən "Araz" mağazasından 60 manat dəyərində oğurluq olub. Bu faktla bağlı 22 yaşlı Fərid Yusifli saxlanılıb. Cavan oğlanı ifadəsini aldıqdan sonra sərbəst buraxıblar.

Fevralın 2-də günorta Xətai rayonu ərazisində, Qaçaq Nəbi küçəsində yerləşən "Al market"dən naməlum şəxs 1 kq kərə yağı və 1 litr araq oğurlayıb. Bu hal mağazanın müşahidə kamerasına düşsə də, hələlik oğrunu tapmaq mümkün olmayıb. Elə həmin gün paytaxt sakini Rasim İsazadənin Xətai rayonu ərazisində yerləşən ərzaq mağazasından iki yeşik soğan oğurlanıb.

Bütün bunlar polisdə qeydə alınan yeganə hallar deyil, fevralın ilk günlərində baş verənlərdir.

Araz Əlizadənin sözlərinə görə, qida məhsullarının oğurlanması ümumi problemdir: "Buna görə də, Azərbaycan Prezidenti əhalinin yoxsuluğu ilə mübarizə çərçivəsində vətəndaşların maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət proqramları qəbul edir. Özünəməşğulluq proqramı var. Bu proqram çərçivəsində vətəndaşlara heyvan verilir ki, onlar heyvandarlıqla məşğul olsun və öz məhsulunu satsınlar".

"Amma təəssüf ki, proqram çox uğursuz start götürdü. Bir sıra məmurlar onlara verilən tapşırıqları məsuliyyətlə yerinə yetirmədilər. Hesab edirəm ki, insanların dairəsini müəyyənləşdirmək və sonra sosial təminat məsələlərini həll etmək lazımdır. Heyvandarlıqla kənd yerlərində yaşayan və bu işdən başı çıxan adamlar məşğul olmalıdır. Bununla bağlı narazı qalanlar çox oldu, amma indi vəziyyətin düzəldilməsinə başlanılıb" - deyə deputat bildirib.

Əlizadənin fikrincə, yoxsulluqla mübarizənin bir yolu var ki, o da bazarın tənzimlənməsidir: "Bizim bazarda özbaşınalıq hökm sürür. Biz hələ də bazar münasibətləri mədəniyyətini öyrənməmişik. Azərbaycanda biznesmenlər istehlakçılara "sağmal inək" kimi baxırlar, bərabər tərəfdaş kimi deyil. Baxın, geyimləri 70-80 faiz endirimlə satırlar. Gör malların dəyərinə nə qədər əlavə etmək lazımdır ki, onu bu qədər böyük endirimlə satasan. Belə spekulyasiyalar nəzarətsiz buraxıla bilməz".

Millət vəkili, həmçinin ərzağın qiymətinə də toxunub: "Ərzaq məhsullarının qiyməti hər gün qalxır. Mağazalarda qiymət etiketləri hər gün dəyişir. Məndə belə bir hiss var var ki, böyük şəbəkələr arasında qiymət anlaşması həyata keçirilir. Mən tez-tez bir supermarketin işçisinin digər rəqib marketdəki qiymətləri yoxladığının şahidi oluram. Əgər hansısa məhsulun qiyməti yüksəkdirsə, onda işçi dərhal bu barədə özününkülərə xəbər verir. Camaatı soyurlar".

O deyib ki, hər il Azərbaycan Prezidenti İlham Əliyev işçilərin (müəllim, həkim və s.) sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə əmək haqlarını 10% indeksləşdirir: "Amma biz görürük ki, indeksləşməyə 10-15 gün qalmış, malların qiyməti 10-15% artırılıb. Artıq indeksləşmə baş verdikdə, bu vəsait yeyilmiş olur. Ona görə də spekulyasiyalara nəzarət edən qurum olmalıdır".

"Bunu etmək çətin deyil. İlin sonunda qiymətlər bir illiyinə dondurulmalıdır, indeksləşmə aparılmalıdır, növbəti ilin sonunda qiymətləri inflyasiyanın səviyyəsinə uyğun olaraq qaldırmağa icazə verilməlidir və bundan sonra qiymətlər yenidən dondurulmalıdır. Bəli, bu, bazar münasibətlərinə ziddir, lakin insan münasibətlərinə tamamilə uyğun gəlir" - deyə A.Əlizadə əlavə edib.

Onun sözlərinə görə, Prezident insanların yaxşı yaşaması üçün çox işlər görür, amma bəzi "məmurcuqlar" bunun əksini edirlər.

6211
Əlaqədar
İşlədiyi evdən oğurluq edən qadın saxlanıldı
Paşinyanın iqamətgahından oğurluq etdilər
Bakıda içində qızıl olan seyf oğurlanıb
Üç yaşlı Aylinin müalicə pulunu oğurlayan ələ keçdi - VİDEO
Azərbaycan Türkiyə bayrağları, arxiv şəkli

Azərbaycan Türkiyəyə jest etdi, qardaş ölkə cavabsız qoymadı

3
(Yenilənib 12:01 29.10.2020)
"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) qardaş Türkiyə Respublikasını Cümhuriyyət Bayramı münasibətilə təbrik edib. Sputnik Azərbaycan xəbər verir ki, təbrik mesajı qurumun rəsmi "Twitter" hesabında yerləşdirilib.

"Türkiyə Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümündə Can Qardaşımızı Cümhuriyyət Bayramı münasibətilə ürəkdən təbrik edir, səmimi qəlbdən hər zaman azad və firavan yaşamasını diləyirik. Dünyaya örnək qardaşlığımız var olsun!" – deyə məlumatda bildirilir.

Qardaş ölkə Türkiyənin cavabı da özünü gecikdirməyib. Belə ki, Türkiyə XİN ölkələr arasında qardaşlıq münasibətinin bundan sonra davam edəcəyini bildirib.

3
Azərbaycan və Ermənistan bayraqları, arxiv şəkli

Azərbaycan Ermənistanın XİN rəhbərlərinin görüşü təxirə salındı

32
(Yenilənib 12:07 29.10.2020)
ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanın bu günə planlaşdırılan görüşü təxirə salınıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu adı çəkilməyən mənbə RİA Novosti-yə deyib.

Mənbə bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də iştirakı ilə Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü cümə günü İsveçrənin Cenevrə şəhərində baş tutacaq.

32