Nazirlər Kabineti

Nazirlər Kabinetinin hay-küyə səbəb olan qərarı barədə - Konstitusiyaya ziddir

9478
(Yenilənib 13:22 06.02.2019)
"Dünən yenidən əl gəzdirilən qərar 1993-cü ilin dekabrında qəbul edilib, o zaman isə bu günkü Konstitusiya mövcud deyildi"

BAKI, 6 fevral — Sputnik. "Azərbaycanda hüquq sistemində tez-tez ziddiyətli məqamlarla rastlaşırıq. Bu hallar xüsusilə sosial mediada aktiv müzakirə edilir və haqlı olaraq təəccübə, heyrətə səbəb olur".

Sputnik Azərbaycan bu barədə hüquqşünas Ələsgər Əhmədoğlu öz "Facebook" səhifəsində məlumat verib. O, qeyd edib ki, ötən günlərdə Nazirlər Kabinetinin (NK) "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" silsilə qərarlarından belə anlaşılır ki, meşədəki meyvələrin, yarpaqların və s. toplanması qadağandır.

Ələsgər Əhmədoğlu
Ələsgər Əhmədoğlu

"Qərarı qəbul edənlər ölkə qanunvericiliyini yaxşı incələməyiblər. Çünki, istənilən qərara dayanaq qanun olmalıdır. Nazirlər Kabinetinin dünən yenidən əl gəzdirdiyi qərar 1993-cü ilin dekabrında qəbul edilib. O zaman bu günkü Konstitusiya mövcud deyildi" - hüquqşünas bildirib.

Ə.Əhmədoğlunun sözlərinə görə, 1995-ci ildən etibarən istənilən NK-nın qərarları Konstitusiyaya ziddirsə tətbiq edilə bilməz: "Çünki, 1993-cü ildə qəbul olunan qərarlar 1995-ci il Konstitusiyasına ziddirsə, tətbiq edilməyəcəkdi. Bu qərarın yenilənməsi onun Konstitusiyaya uyğun yenilənməsini tələb edirdi".

"Məsələnin mahiyyəti belədir: 1. Konstitusiynın 71-ci maddəsinin 9-cü bəndində deyilir ki, "IX. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri edə bilər və heç kəs qanunla nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz." Yəni qısacası, meşədə fərdlərin öz istifadəsi üçün meyvə toplamasını Qanun qadağan etməlidir" - o vurğulayıb.

Ekspertin yazdığına görə, NK qərar qəbul edərkən əgər "olmaz", "qadağandır", "cəriməsi var" deyirsə, açıq hansısa Qanunun adına və müvafiq maddəsinə istnad etməlidir: "Konstitusiyanın 71-ci maddəsinin 10-cu bəndi də məhz NK kimi qərarlar qəbul edənlərə xatırlatma edir: "X. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilər". Yəni, siz səlahiyyətlərinizi Allahdan almırsınız, Konstitusiyadan alırsınız. Orada yazılmayıbsa, bütün meşələrdə giləmeyvə, meyvə, yarpaq toplamaq qadağandır, o zaman qadağa və cərimə qoya bilməzsiz".

Ə.Əhmədoğlu, həmçinin əlavə edib ki, məsələnin 2-ci tərəfi Qanunla nə nəzərdə tutulduğudur: "30 dekabr 1997-ci ildə qəbul edilən "Meşə Məcəlləsi"nin 53-cü maddəsi deyir: Maddə 53. Fiziki şəxslərin meşələrdə olması Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər".

Meşədə cərimə
© Karikatura
Meşədə cərimə

"Azərbaycan Respublikasının "Qırmızı kitab"ına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır. Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar. Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir" - hüquqşünas diqqətə çatdırıb.

"Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər. Deməli, Məcəllə nəyi qadağan edir: Qırmızı kitaba düşənləri, narkotik tərkibli bitkiləri, bitkilərin və ağacların zədələnməsini" - deyə o, əlavə edib.

Əhmədoğlunun sözlərinə görə, ayrıca qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə müəyyən məhdudlaşdırma və qardağa mümkündür: "İndi gələk NK-nın dünənki qərarına. Qərarda bu istisnaları görmürük və bəhs edilən meşə meyvələrinin, yarpaqlarının toplanması birbaşa meşəyə dəyən zərər hesab edilir və hər hansı fərdi istifadə üçün fiziki şəxslərin meşədən istifadəsini istisna kimi göstərmir. Xüsusi qoruqlardan, parklardan yox, bütün meşə təsərrüfatından bəhs edir. Odur ki, qərar Konstitusiyaya və "Meşə Məcəlləsi"nə ziddir".

9478
Teqlər:
vətəndaş, meşə, Konstitusiya, Nazirlər Kabineti, qərar, qanun, hüquq, Azərbaycan
Əlaqədar
Nazirlər Kabinetində kadr dəyişiklikləri edilib
Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib
İlham Əliyev Nazirlər Kabinetinə 3 ay vaxt verdi
Nazirlər Kabinetində 3 nəfər işdən çıxarıldı