Fotoqraf Əli Əkbər

“Üçüncü gözün” sahibi: "Xonça tutub, təhlükəyə atılmaq vacib deyil"

7758
(Yenilənib 17:57 02.02.2019)
“Getdiyim yerin hara olduğuna bələdəm və qarşılaşdığım hər halı labüd bir hal kimi qəbul edirəm”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 2 fevral — Sputnik. Fotoqrafiya elə nadir sənətdir ki, bu peşənin sahibləri istənilən anı fotoaparatın yaddaşına həkk edir, tarixi əbədiləşdirirlər. Ancaq bu sənət ilə məşğul olmaq üçün xüsusi istedadın olması mütləqdir. Yəni bunun üçün fotoqrafda "üçüncü göz" olmalıdır.

Sputnik Azərbaycan-ın budəfəki müsahibi Əli Əkbər də səyahət edərək “üçüncü göz”ünün bacarığından istifadə edir. Dünyanı gəzən səyyah-fotoqraf gördüyü maraqlı məkanların fotolarını əbədiləşdirir.

- Niyə məhz səyahət fotoqrafı olmaq qərarına gəldiniz? Bu, zərurətdən baş verdi, yoxsa istəkdən?

- Zərurət o zaman yarana bilər ki, fotolardan nəsə maddi gəlir əldə edim. Bəlkə də qismən zərurət var, amma mən daxili məmnunluğu təmin etmək üçün bunu edirəm. Odur ki, yalnız istək üstün gəldi və mən səyahət etməyə başladım.

- Maddi gəlir əldə etmirsinizsə, səyahət xərclərini necə qarşılayırsınız?

- Fotoqrafiya mənim üçün hobbidir, çalışdığm sahə isə başqadır. Kimisi qazancını toplayıb avtomobil alır, kimisi Antalyada gün vannası qəbul edir. Mən isə qazancımdan yığdığım pulun son qəpiyinə kimi səyahətə sərf edirəm.

- Bu hobbinizin sizə xeyri dəyir?

- Daxili məmnunluq, çəkdiklərimin, yazdıqlarımın kimlərinsə marağına səbəb olmasından başqa heç bir xeyri dəymir. Hobbi, adətən, insanın müəyyən mənada həm də dincəldiyi məşğuliyyətidir. Bundan həm özünün, həm də başqalarının məmnun qaldığını görüncə isə həm şad olursan, həm də bu hobbinin kimlərinsə bilik və dünyagörüşünün artmasına səbəb olduğundan sevinirsən. Mən bundan mənəvi rahatlıq tapıram.

- Ən çox Afrika ölkələrinə səyahət edirsiniz. Səbəb nədir?

- Səyahət etdiyim ölkələr təkcə Afrika qitəsində yerləşmir. ABŞ, Hindistan, İsrail, Yaponiya, Kosta-Rika, Salvador, İspaniya, İtaliya və sair ölkələrə də səfərim olub. Ümumiyyətlə səfəri o zaman uğurlu sayıram ki, həmin səfərdən yetərincə bəyəndiyim fotolarla, məlumatla qayıdım. Afrika isə bu baxımdan ruhuma daha yaxın olan məkanlardandır. İstədiklərimi yalnız orada görə bilirəm.

- Bu günə kimi ən çətin səyahətiniz hansı olub?

- Fikrimcə, ən çətin səyahətim olmayıb, çünki mən səyahəti olduğu kimi qəbul edirəm. Yəni getdiyim yerin hara olduğuna bələdəm və qarşılaşdığım hər halı labüd bir hal kimi qəbul edirəm. Çoxu fikirləşir ki, Afrikada mütləq adamın başına nəsə dəhşətli bir hadisə gəlməlidir. Amma bu, belə deyil. Yetər ki, qəbul olunmuş bəzi detallara və qaydalara riayət edəsən və evinə sağ-salamat dönəsən. Mən isə çalışıram, daha çox pozitiv nələrisə görüb, onları əks etdirəm. Bu, həm də, qismən olsa belə, insanlarda Afrika haqqında mənfi stereotiplərin yox olmasına təkan verir. Məsələn, səfər zamanı qadağan olunmuş yerlərdə avtomobili tərk etməmək, tələb olunan peyvəndləri səfər öncəsi vurdurmaq, viza məsələsində diqqətli olmaq və sair kimi məqamlar.

- Heç vəhşi heyvanların hücumuna məruz qalmısınız?

- Vəhşi heyvanların hücumuna məruz qalmaq üçün insan gərək qeyd etdiyim tələblərə riayət etməsin. Televiziyada bəzən onların turistlərə hücumu barədə süjetləri görürük. Diqqət etsəniz, bu hücumun həmin insanların öz şəxsi "təşəbbüsünün" nəticəsi olduğunun şahidi olarıq. Məsələn, Uqandada kərgədanlar yaşayan yerə piyada səfər etmişdik. Öncədən də hər kəsə tapşırılmışdı ki, ucadan danışmayaq, məsafə saxlayaq, qrup halında hərəkət edək və sair. Təbii ki, bunlara riayət etməyən xoşagəlməz halla üzləşəcəkdi. Mən də qaydalara riayət etdiyim üçün vəhşi heyvanların hücumuna məruz qalmamışam. Bir sözlə, Afrika gözəlliklərini fotolarda həkk etmək üçün mütləq xonça tutub, begemot yaşayan nohura girmək vacib deyil.

- Səfərdə macəra baş verəndə onları da çəkə bilirsiniz?

- Bir şeyi tam səmimi deyim ki, mən səfərə macəra axtarmağa getmirəm. Mən səyahət edirəm və səyahət boyunca da gördüklərimi elə gördüklərim kimi qəbul edirəm. Yalnız bir məqsədim var, foto çəkmək. Elə yerlər var ki, məsələn, Nyu-York fotoqrafiya üçün ruhuma yaxın olan məkan deyil. Bəyəndiyim fotolar da məhz Afrikada, Tanzaniyada, Yaponiyada, Uqandada, Namibiyada çəkdiklərimdir.

- Yeni səfəriniz hara olacaq?

- Planımda yenidən Namibiyadır. Çox sevirəm oranın kontrastlarını. Səhra, savanna, okean özünə çəkir məni.

7758