Bərdənin Əliyanlı kəndindən rayon mərkəzinə gedən yol

Kənd sakinləri qızınmaq üçün bağdakı ağacları kəsir

7155
(Yenilənib 15:04 26.01.2019)
Əliyanlılılar mavi qaza görə vaxtlı-vaxtında ödəniş etsələr də, qazın alovuna isinə bilmirlər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 26 yanvar — Sputnik. Bərdə rayonunun Əliyanlı kənd sakinləri qışın oğlan çağında mavi qazın yoxluğuna görə çətin duruma düşüblər. Sputnik Azərbaycan-ın bölgə müxbiri Əliyanlı kəndində olarkən yaranmış çətinliyi özü müşahidə edib. Belə ki, evlərə mavi qazın çəkilişi həyata keçirilsə də, qaz normal təzyiqdə verilmir. Əliyanlılılar çıxış yolu kimi odun yandırmağa məcbur olublar.

Kənd sakini Yasin Gülməmmədov problemlə bağlı dəfələrlə qaz idarəsinə müraciət etdiklərini deyib: "Bildirmişik ki, təzyiq zəifdir. Gəlin, səbəbini aydınlaşdırın. Niyə zəifdir? Ancaq nə gələn, nə də cavab verən olub. Şikayətimizə baxan yoxdur. Evdə xəstəmiz, körpə uşağımız var. Özüm hazırda xəstəyəm. Evimiz buz kimidir".

"Evlərə baş çəkib baxa da bilərsiniz. Görərsiniz ki, necə acınacaqlı şəraitdəyik. Ancaq gecələr saat 12-dən sonra mavi qazın təzyiqi artır ki, onda da heç kimə lazım olmur" - deyə o əlavə edib .

Digər kənd sakini Vüqar Məmmədov da yaranmış durumdan gileylənib: "Evimizi isidə bilmirik. Yandırdığımız qaz çaydanı çətinliklə qızdırır. Bir çox sakinlərin evində vəziyyət belədir. Dəfələrlə qaz idarəsinə, "Azəriqaz"ın qaynar xəttinə müraciət etsək də, laqeyd münasibətlə üzləşmişik".

Əliyanlılılar mavi qaza görə vaxtlı-vaxtında ödəniş etsələr də, qazın alovuna isinə bilmirlər. Kənd sakini Sadiq Gülməmmədovun həyətində elektrik mişarı ilə doğranmış odun, çır-çırpı qalaqlanıb. İndi onlar sobanı mavi qazla deyil, odun və çırpıyla qızdırmağa məcbur olublar.

Kənd sakinlərinin probleminə işıq tutmaq məqsədilə Tərtər Regional Qaz İdarəsinin Bərdə rayon bölməsinin Qaz Qəza Xidmətinin rəisi Bəxtiyar Aslanovla əlaqə saxladıq. O, əliyanlılıların qazla bağlı problemlərindən məlumatsız olduğunu bildirdi. Ümumiyyətlə, həmin ərazidə qazın təzyiqi barədə deyilənləri inkar etdi. Ancaq əraziyə mütəxəssislərin ezam olunması, faktın araşdırılması, problemin mövcudluğu təsdiq olunarsa, tədbir görülməsi barədə göstəriş verəcəyini də qeyd etdi.

Sonra bizə məlumat verildi ki, günün sonunda əraziyə mütəxəssis göndərilib. Lakin kənd sakinlərinin qazın evlərə verilişi ilə bağlı hər hansı bir narazılığının olmadığı məlum olub.

Aldığımız məlumatdan sonra yenidən Əliyanlı kənd sakini Yasin Gülməmmədovla əlaqə saxladıq. O bildirdi ki, idarənin əməkdaşları həqiqətən də kənddə olublar. Lakin küçənin başlanğıcında yaşayan sakinlərlə görüşüblər. Y.Gülməmmədov onu da əlavə etdi ki, 1-ci, 2-ci küçələrdə qaz yaxşı yanır, lakin 3-cü və onların yaşadığı 4-cü küçədə mavi yanacaq evləri isitmə gücündə deyil.

Ümid edirik ki, ən azından, uşaqların, qocaların xəstələnməməsi üçün Tərtər Regional Qaz İdarəsinin Bərdə rayon bölməsində əliyanlılıların şikayətinə baxılacaq.

7155