Milli Məclis, arxiv şəkli

“Ali təhsil haqqında” qanun layihəsi hazırlanır

48
(Yenilənib 16:06 24.01.2019)
Yaz sessiyasında “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi də nəzərdə tutulur

BAKI, 24 yanvar – Sputnik. Milli Məclisin 2019-cu il yaz sessiyasında “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması, materialların toplanması nəzərdə tutulur.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında deyib.

Milli Məclis
© Sputnik / Murad Orujov

Komitə sədri bildirib ki, yaz sessiyasında “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi də nəzərdə tutulur.

O, bildirib ki, 2018-ci ilin payız sessiyası dövründə komitənin 7 iclası keçirilib və 12 məsələyə baxılıb: “Hesabat dövründə komitəyə daxil olan sənədlərin qeydiyyat kitabında 149 müraciət (ərizə, şikayət, təklif və digər müraciətlər) qeydiyyata alınıb. Vətəndaşlardan daxil olmuş 137 müraciətlə əlaqədar 102 məktub hazırlanıb aidiyyəti üzrə təşkilatlara göndərilib”.

Komitə sədri qeyd edib ki, komitəyə daxil olmuş ərizələrin təhlili göstərir ki, müraciətlərin bir hissəsini elm və təhsil sahəsindəki müxtəlif məsələlər, müəllimlərin diaqnostik qiymətləndirilməsinin nəticələri ilə əlaqədar dərs yükünün və əmək haqqının artırılması barədə, həmçinin işlə təmin olunması məsələləri, maddi çətinlikləri olan və eyni zamanda ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqqının ödənilməsi problemləri, vəzifəli şəxslərin fəaliyyətinə dair şikayətlər və s. məsələlərlə bağlı müraciətlər təşkil edib.

48