BAKI, 23 yanvar — Sputnik. Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Qış mövsümündə yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək yol qəzalarının qarşısının vaxtında alınması məqsədilə Baş DYP İdarəsi sürücülərə diqqət yetirilməli bir neçə halı təkrar xatırladır.
İdarədən Sputnik Azərbaycan-a daxil olan müraciətdə deyilir:
"Səfərə çıxmazdan əvvəl ilk növbədə avtomobilinizin texniki vəziyyətinə bir daha nəzarət edin. Hərəkət zamanı təhlükəsizlik kəmərlərini təkcə sürücülər deyil, sərnişinlərin də bağlaması mütləqdir. Kəmərlərin bağlanmaması təkcə məsuliyyət yaratmır, həm də qəfil tormozlama və ya hər hansı toqquşma zamanı insan həyatı üçün yaranan təhlükədən qoruyur.
Sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin hərəkət sürətini hava şəraitinə uyğun seçmələri, zərurət olmadan ötmə əməliyyatı aparmamaları, qəfil manevrlər və kəskin tormazlama etməmələri tövsiyə olunur. Rayonlararası magistral yollarda təhlükəsizliyin təmin olunması şərtlərindən biri də avtomobilin texniki imkanlarından asılı olmayaraq sürət rejiminə ciddi əməl etməkdir.
Uzaq məsafəli səfər zamanı yuxusuz, yorğun, əzgin halda sükün arxasına əyləşməyin. Bir neçə saatlıq fasiləsiz hərəkətdən sonra qısa müddətə də olsa, avtomobilinizi saxlayıb istirahət edin.
Bir daha xatırladırıq ki, bunun üçün respublika əhəmiyyətli yollarda yerləşən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə edə bilərsiniz.
Hörmətli sürücülər, unutmayın ki, əlinizdəki təkcə sükan deyil, həm də özünüzün və sərnişinlərinizin həyatıdır".
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. Bu gün barəsində 107 gün heç bir xəbər çıxmayan şəhid baş leytenant Rahim Qabil oğlu Mikayılov doğulduğu Quba rayonunun İkinci Nügədi kəndində dəfn olunub. Sentyabr ayının 29-da şəhid xəbəri çıxsa da, nəşi gəlmədiyindən itkin kimi qeydə alınan Rahim Mikayılovun şəhid olma xəbəri son iki gündə tam təsdiqlənib və o, bu gün dəfn olunub.
Rahim Mikayılov ailəlidir. Şəhid olandan bir neçə gün sonra qızı dünyaya gəlib.
Onu da qeyd edək ki, Quba bu gün Vətən müharibəsində qurban verdiyi 48-ci şəhidini dəfn edir.
Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 23 yanvar — Sputnik. "Diaspora haqqında" qanun layihəsi müzakirəyə çıxarılacaq.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyası üçün iş planına daxil edilib.
Yaz sessiyasında İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın), İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məruzələri dinləniləcək. Həmçinin insan hüquqları sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəlikləri ilə əməkdaşlığın inkişaf etdirilməsi, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərinin cəzalandırılması, diffamasiya və "nifrət dili" haqda qanunvericilik sahəsində dünya təcrübəsinin təhlili istiqamətində işlər aparılacaq.