Vəkillər Kollegiyası

Vəkilləri maraqlı yeniliklər gözləyir - Kollegiyadan qərar

2299
(Yenilənib 15:31 21.01.2019)
Fevralın 1-dən bütün Respublikanın ərazisində yeni qaydalar qüvvəyə minir

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 21 yanvar — Sputnik. Vəkillər Kollegiyasının üzvlərinin fəaliyyətində dəyişikliklər gözlənilir. Fevralın 1-dən vəkil orderlərinə dair yeni tələblər qüvvəyə minir. Bu barədə Sputnik Azərbaycan-a Kollegiyanın üzvü Ramin Rzayev məlumat verib.

O bildirib ki, 2018-ci il sentyabrın 28-də Vəkillər Kollegiyasının Rəyasət heyəti "Vəkil orderi və order markası haqqında" Əsasnaməni qəbul edib. İndiyədək order üzərində unikal nömrə olan kağız formasında idi və başqa formalar tələb olunmurdu.

"Lakin fevralın 1-dən bütün Respublikanın ərazisində yeni qaydalar qüvvəyə minir və onlara əsasən, orderlər iki formada olacaq. Dövlətin hesabına təqdim olunan vəkillik xidmətlərinə görə çəhrayı rəngdə order veriləcək və onlarda unikal nömrəyə ehtiyac olmayacaq. Bağlanmış müqavilə əsasında göstərilən xidmətlərə görə isə üzərində unikal nömrəni əks etdirən xüsusi marka yapışdırılmış yaşıl rəngli blank olmalıdır. Bir yaşıl orderə iki marka vurula bilər" - Ramin Rzayev deyib.

Bir cüt marka vəkilə 10 manata satılacaq: "Markalar yaşıl orderin əsas vərəqinə və onun surətinə yapışdırılacaq. Orderin bir nüsxəsi vəkildə olacaq, digəri isə müvafiq quruma təqdim ediləcək. Vəkillər Kollegiyası dövlət qurumu deyil və ona görə marka satışından əldə edilmiş vəsait daxili fonda keçəcək və səmərəli vəkillik fəaliyyətinin göstərilməsinə yönəldiləcək".

Müsahibimizin sözlərinə görə, vəkillik fəaliyyətinə dair qanunvericilikdə ötən il edilmiş dəyişikliklər vəkillərin nüfuzunu artırıb və müdafiənin fəaliyyətinin inkişafına səbəb olub: "Ötən il ərzində bu istiqamətdə uğurlu addımlar atılıb, prezident İlham Əliyevin böyük dəstək və qayğısı hiss olunur və şübhəsiz burada Vəkillər Kollegiyasının Rəyasət heyətinin əziyyəti də var".

"Hazırda Azərbaycanda 1500-dən çox vəkil fəaliyyət göstərir. Lakin üçüncü imtahana hazırlıq gedir və tezliklə onların sayı iki mini ötəcək" - deyə R.Rzayev vurğulayıb.

O, qeyd edib ki, order barədə əsasnamədə cinayət törətməmiş aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi (bu halda dövlət vəkillə təmin edir) nəzərdə tutulur: "Bundan əlavə, artıq vəkillər qrupu tərəfindən vətəndaşlara pulsuz hüquqi yardım göstərilməsi və məsləhətlər verilməsi məqsədilə, bölgələrə səfərlər təşkil olunmağa başlayır".

2299
Teqlər:
qərar, tələb, Vəkillər Kollegiyası
Əlaqədar
Vəkillər Kollegiyasının sədri qalmaqallı xəbərlərə aydınlıq gətirdi
Vəkillik fəaliyyəti qaydaları dəyişdi