XIX-cu əsrə aid olan ağ dəyirman

dəyirman qara günə qalıb

11889
(Yenilənib 14:57 13.01.2019)
Əhəmiyyətli tarixi abidələrdən biri də Xızının Xələnc kəndindəki "ağ dəyirman"dır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 13 yanvar — Sputnik. Diyarımızın əsrarəngiz rayonlarından sayılan Xızı, turizm bölgəsi olmaqla yanaşı, tarixi abidələri ilə də məşhurdur. Sanki buranın hər daşında bir tarix yatır. Əhalisinin sayına görə bir çox rayonlardan geri qalan qədim Xızı "dəyirmanların"ın sayına görə isə çox regionlardan fərqlənir. Demək olar ki, rayonun hər iki kəndinin bir dəyirmanı olub. Təəssüflər olsun ki, bu gün bu dəyirmanlardan bir neçəsinin ancaq qalıqları qalıb.

Belə əhəmiyyətli tarixi abidələrdən biri də Xızının Xələnc kəndindəki XIX-cu əsrə aid olan "ağ dəyirmandır". Bu tarixi dəyirman haqqında məlumat toplamaq heç də asan olmadı. Səbəb isə yaşlı insanların çoxunun dünyada olmaması, gənc və orta yaşlıların da bu haqda, demək olar ki, heç nə bilməmələridi idi. Sonda 96 yaşlı bir ağsaqqalı tapıb, dəyirman haqqında məlumat toplamaq mümkün oldu.

  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
  • XIX-cu əsrə aid olan ağ dəyirman
    XIX-cu əsrə aid olan "ağ dəyirman"
    © Sputnik / Leyla Abdullayeva
1 / 7
© Sputnik / Leyla Abdullayeva
XIX-cu əsrə aid olan "ağ dəyirman"

Ağsaqqal bildirib ki, onlara 70-ci illərdə onlara dəyirmanla bağlı məktub göndərilib: "Yaxşı yadımdadır, məktubda bildirilmişdi ki, qədim dəyirmanları qoruyub saxlayın. Bu gördüyünüz su dəyirmanı idi. Onun çarxının hazırlanmasına 5 il sərf edilib. Ona görə də çox dözümlü idi. Bu dəyirman 5 kəndə xidmət edirdi. Bizim rayonda çay kənarı kəndlərin, demək olar ki, hamısında dəyirman vardı. Buna görə də Xızıya dəyirmanların məskəni deyilirdi".

"Dəyirmanların çox olmasına baxmayaraq, bu "ağ dəyirman" böyüklüyünə və bərkliyinə görə digər dəyirmanlardan seçilirdi. Xələcdə bundan başqa bir dəyirman da vardı, amma o, tez dağılıb getdi. "Ağ dəyirmanı" Məhərrəm adlı bir kişi işlədirdi. Dəyirmanı hər adam işlədə bilməzdi. Dəyirmanların hərəsinin mütəxəssisi olurdu. Məhərrəm kişinin üyütdüyü buğda, arpa seçilirdi. Hamı bilirdi ki, bu, onun dəyirmanının unudur, yada yemidir. Çünki o, çox narın üyüdürdü, hamı da razı qalırdı" – deyə həmsöhbətimiz danışıb.

Ağsaqqalın sözlərinə görə, "ağ dəyirman" 1965-67-ci illərə qədər fəaliyyət göstərib: "İkinci dünya müharibəsi zamanı bu dəyirmanın dayandığı vaxt olmayıb: "Burada dən üyüdülüb müharibədəkilər üçün göndərilirdi. Müharibədəki əsgərlərimizin qarnının tox olmasında bu dəyirmanın rolu, heç də, az olmayıb. Dəyirman sonrakı illərdə yavaş-yavaş dağılmağa başlayıb".

Təəssüflər olsun ki, hələ də tarixi abidlər içərisində mühüm əhəmiyyət kəsb edən "ağ dəyirman" çox yararsız və dağınıq haldadır.

Tarixi abidənin təmirinin nəzərdə olub-olmaması ilə bağlı məlumat almaq üçün Mədəniyyət Nazirliyinin Xızı rayon şöbəsinin müdiri Möhsüm Bağırovla əlaqə saxladıq. M.Bağırov 2019-cu il üçün nəzərdə tutulan planda dəyirmanın təmirinin nəzərdə tutulmadığını bildirdi.

11889