Xırdalan şəhərində yolların vəziyyəti

Abşeron sakinlərinə "2020-ci ilədək dözün" çağırışı - Problemdən qurtuluş tarixi verildi

11833
(Yenilənib 15:35 11.01.2019)
Sakinlər şəhər küçələrində kənd yollarında olduğu kimi, rezin çəkmələrlə hərəkət etmək məcburiyyətində qalıblar

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 11 yanvar — Sputnik. Xırdalan şəhərinin sakinləri ikinci ildir ki, palçıq içində üzürlər. Gülşən Əliyeva və şəhərin digər sakinləri Xırdalanda paytaxtla birləşən yolların demək olar ki, olmaması problemindən əziyyət çəkirlər.

Sputnik Azərbaycan-a danışan G.Əliyevanın sözlərinə görə, hər şey 2017-ci ildən - Abşeron Rayon İcra Hakimiyyəti ilə "Azərsu" ASC-nin rəhbərliyi arasında razılaşma əldə ediləndən sonra başlayıb. İki il ərzində Xırdalanın su və kanalizasiya sisteminin yenilənməsi planlaşdırılıb və işə vaxtında başlanılıb.

Şəhərin bütün küçələrində asfalt tanınmaz hala düşənə qədər qazılıb. İşçilər Xırdalan əhalisinin sayının artmasını nəzərə alaraq yeni su xətləri və kanalizasiya borularını çəkiblər. Sonra həmin boruların üstünü qazdıqları torpaqla örtüblər. Bu isə şəhər sakinlərinin vəziyyətini daha da pisləşdirib.

İndi onlar keçilməz dar yollarda əziyyət çəkirlər. Əlavə olaraq, hər dəfə yağış yağanda qazılmış torpaq palçıq şəklində həyətlərə axır. Küçələr keçilməz bataqlıqlara çevrilir. Təmir işlərinin başa çatdığı əraziləri isə heç kəs yenidən asfaltlamağa tələsmir.

İndi yerli sakinlər palçığa batmamaq üçün özlərinə daha praktik ayaqqabılar almaq məcburiyyətində qalıblar. Əliyeva özü Nizami küçəsindəki həyət evində yaşayır. O və qonşuları bildirirlər ki, şəhərin küçələrində kənd yollarında olduğu kimi, rezin çəkmələrlə hərəkət etmək məcburiyyətində qalıblar.

Состояние дорог города Хырдалан
© Sputnik / Zarina Orudzhaliyeva
Xırdalan şəhərində yolların vəziyyəti

Bununla əlaqədar olaraq, qonşuluqdakı evlərdə yaşayan şəhər sakinləri kollektiv surətdə AR Prezidentinin Administrasiyasına yerli məmurların fəaliyyətsizliyi ilə bağlı şikayət məktubu yazıblar. Məktub diqqətdən kənarda qalmayıb. Bir həftədən sonra asfalttökənlər gəliblər və təmir işlərinə başlayıblar.

"Əvvəlcə onlar bizim yolun ərazisinə qəmbər daşlar döşədilər. Onların üzərində yerimək mümkün deyildi. Sonra asfalt tökməyə başladılar. Lakin onlar asfaltla yalnız xəndəklərin üstünü örtməklə kifayətləndilər. Qonşular küçəni bütünlükdə asfaltlamağı xahiş etsələr də, işçilər dedilər ki, onlara elə göstəriş verilməyib" - deyə Əliyeva bildirib.

Qadın əmindir ki, işə bu cür səhlənkarcasına yanaşma heç bir müsbət nəticə verməyəcək. Heç kəsə sirr deyil ki, yollardakı xəndəklərə tökülmüş asfalt uzun müddət davam gətirə bilməz. Çünki asfaltı xam əraziyə tökmək olmaz.

Məlumat üçün deyək ki, Xırdalanda yolların çəkilməsi ilə yerli icra hakimiyyəti məşğuldur. Bununla belə, yerli icra hakimiyyəti bütün ittihamları öz üzərindən atıb. İcra hakimiyyətinin nümayəndələri bildirirlər ki, onları ittiham edənlərin heç bir əsası yoxdur.

"O faktı diqqətinizə çatdıraq ki, su və kanalizasiya xətlərinin əsas hissəsi hələ 1970-ci illərdə çəkilib. Həmin borular 20-25 min sakin üçün nəzərdə tutulub. Boruların əksəriyyəti bu illər ərzində yarasız hala düşüb. Bununla yanaşı, həmin illər ərzində Xırdalanın əhalisi 200 min nəfərədək artıb" - deyə Abşeron RİH-dən Sputnik Azərbaycan-a bildirilib.

Qurumun məlumatına görə, xırdalanlılar yayda su çatışmazlığından, payız və qışda isə yağış sularının basmasından əziyyət çəkdikləri üçün su təchizatı və kanalizasiya sistemini dəyişmək qərarına gəliblər.

2017-ci ildə bu iş "Azərsu" ASC-yə həvalə olunub. Layihə çərçivəsində iki il ərzində 168 kilometrlik su borularının və 110 kilometrlik kanalizasiya xəttinin yenilənməsi nəzərdə tutulur.

Состояние дорог города Хырдалан
© Sputnik / Zarina Orudzhaliyeva
Xırdalan şəhərində yolların vəziyyəti

Diametri 600, 800, 1000 millimetr olan boruları üç-dörd metr dərinlikdə quraşdırmaq və bunun üçün yolu qazmaq lazım gəlir. İcra hakimiyyəti nümayəndələrinin sözlərinə görə, elə yerli sakinləri də bu narazı salır.

Onların sözlərinə görə, boruların dəyişdirilməsi işin bir hissəsidir: "Onları bir-birinə birləşdirmək və sınaqdan keçirmək lazım gəlir. Hazırda 45 küçəyə 140 kvadratmetr yeni asfalt döşənib. Sakinlərin narahatçılığını nəzərə alaraq, icra hakimiyyəti podratçılardan işi tezləşdirməyi tələb edib".

"Kanalizasiya və su xətlərinin dəyişdirilməsi yalnız qazıntı şəraitində mümkündür. Buna görə, avtomobillərin və insanların hərəkətində müvəqqəti çətinliklərin yaranması düzgün qəbul edilməlidir" - deyə icra hakimiyyəti müvəqqəti narahatçılığa görə sakinlərdən üzr istəyib.

Onlar, həmçinin qeyd ediblər ki, şəhərdə boru və yolların təmiri 2020-ci ildə başa çatacaq.

11833
Teqlər:
sakin, palçıq, asfalt, yol, Xırdalan şəhəri, Abşeron Rayon İcra Hakimiyyəti
Əlaqədar
Xırdalanda avtobusda film kimi olay: Silahı çıxarıb insanlara tuşladı
Xırdalan qəbiristanlığında nə baş verir — Direktor danışdı
Yağışlar başladısa, vay Xırdalan sakinlərinin halına
Xırdalanın mərkəzində binada top mərmisi tapıldı