Bakı şəhəri

Yaxşı ki, Abşeron yarımadası çökmədi...

17744
(Yenilənib 15:56 06.01.2019)
Onsuz da necə olacağı əvvəlcədən bəllidir, heç olmasa ümid verməyin

BAKI, 7 yanvar — Sputnik. Sanki, bəzi qurumlar məzələnirlər camaatla və bundan həzz alırlar. Ya da nə bilim, deyib, arxasında dura bilmirlər. Və bu proses hər gün, hər ay, hər il təkrarlanır.

Biri burdan qalxıb deyir ki, "bayram günlərində əhaliyə fasiləsiz elektrik enerjisinin verilməsi üçün bütün imkanlar səfərbər olunub, vətəndaşların ürəyi rahat olsun, bir dəqiqə belə, işığınız sönməyəcək". Gəlir, elə dekabrın 31-i axşam işıqlar sönür. Ya zəlzələdən, ya vəlvələdən.

O biri tam məsuliyyəti ilə bəyan edir ki, "qarşıda bizi heç bir qiymət artımı gözləmir, boşuna həyacanlanmayın". Sözü ağzında qalmışın söz ağzından çıxmamış, dükan-bazarda muştuluq paylanılır: Gözünüz aydın, filan şey bu qədər, bəsmən şey o qədər, digəri 10 faiz, qalanları da 15 faiz bahalaşıb.

Sürət qatarı "icad" edirik. Əvvəlcədən bütün ictimaiyyətə boy-boy xəbər paylaşırıq. Hələ bərk-bərk tapşırırıq ki, ildırım sürətinə hazır olun, özünüzlə ürəkbulanmasına, başgicəllənməsinə qarşı preparatlar götürün. Üstəlik bir yığın jurnalisti də yığırıq o qatara ki, Bakıdan Gəncəyə və əksinə hansı sürətlə gedib-gələcəyimizə özünüz şahid olun.

... və gözləyənlərin gözünün kökü saralır ki, "a balam, bunlar harda qaldı". Elə bir sürətlə iki şəhər arasında gediş-gəliş edirik ki, sovet hökumətinin köhnə "Moskviç"i ondan bir xeyli tez gedib-gələrdi. Bu azmış kimi, həmin sürətlə də yolda xarab olub qalır qatarımız. Sürət qatarımız. Əvvəlcədən hamını sürətə səslədiyimiz texnika.

Bu tərəfdən də bir neçə sanballı qurum birləşib dəli yadına daş salır: "Paytaxtda insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı-profilaktik tədbirlər keçirilib. Aşkarlanan faktlar üzrə tədbirlər görülüb və görülməkdə davam edir".

Bakı-Gəncə sürət qatarı
© Azerbaijan Railways CJSC.

Yəni ki, "Ölkəyə "zırpaket" gətirəni də, satanı da, onu alıb partladanı da... cəzalandırarıq. Heç kim belə bir qanunsuzluğa cəhddə bulanmasın".

Gözünə dönüm sənin Bakı, bu ilki bayram günlərini heç vaxt yaşamadığın kimi yaşadın. Elə bil, səngərdəki əsgərlərimizə həmrəylik nümayiş etdirirdik. O partıltı-gurtultudan, hər yanı ağuşuna alan partlayış səslərindən, yaxşı ki, Abşeron yarımadası çökmədi. Hələ ölkəyə indiyədək belə güclü səslərə malik partlayıcı maddələr gətirilməmişdi...

A başınıza dönüm, bu mərətə qalmış ümidi verməyin də bizə. Buraxın, ölək də öldüyümüz yerdə. Hər şey gözlənilmədən baş versin. Onsuz da hamı bilir ki, işıq sönəcək, qiymət qalxacaq, hara qədər sürət yığa bilərik, "zırpaket" gələcək də, satılacaq da, alınacaq da, partladılacaq da...

Niyə edirsiniz, axı belə? Yetimə kökə çatmayacağı zatən bəllidir, bari göstərib geri çəkməyin, etməyin-eləməyin, Allahınıza qurban olum!

17744
Teqlər:
camaat, işıq, qiymət, qatar, sürət, partlayıcı maddə, bayram
Əlaqədar
Bakı-Gəncə qatarı yolda qaldı
Mingəçevirdə əlində fişəng partlayan yeniyetmə Bakıya göndərilib
Abşeronda qəza: Böyük bir ərazi işıqsız qaldı