Tərtər rayonunun Ağkənd kəndi

Ortada heç bir pozuntu yoxdur, amma vətəndaşa “havadan” cərimə yazılıb

3703
(Yenilənib 16:59 06.01.2019)
Cərimə bildirişi Namazovlar ailəsinə gözləmədikləri halda təqdim olunub, necə deyərlər, sürpriz ediblər

Musa Muradlı , Sputnik Azərbaycan

BAKI, 6 yanvar — Sputnik. Tərtər rayonunun Ağkənd sakini Şükür Namazov Sputnik Azərbaycan-ın bölgə müxbirinə üzləşdikləri problem barədə məlumat verib. 

Bildirib ki, 2013-cü ildə Tərtər Rayon Elektrik Şəbəkəsinin baş mühəndisi Ələddin Əliyev onların sayğacına müdaxilə olunması barədə akt tərtib edib. Ev sahiblərinin isə bu aktın necə yazılmasından xəbərləri belə, olmayıb. O iddia edir ki, kənddə çox adamın sayğacının surğucunu belə qırır, sonra da cərimə yazırlar.

Talıb baba və Ayulduz nənə
© Sputnik / Musa Muradlı
Talıb baba və Ayulduz nənə

Şükür Namazov 1988-ci ildə məlum hadisələr səbəbindən Ermənistanın Basarkeçər rayonundan gəlib, Tərtərin Ağkəndində məskunlaşmış 20 ailədən biridir. Bir qız, iki oğlu var, qızını gəlin köçürüb, oğlunun biri tələbədir, digəri isə özü ilə fəhləlik edir. Zəhmətilə ailəsini dolandıran Şükürün ailəsinin yeganə gəlir mənbəyi yaşlı ata və anasının aldığı pensiyadır.

Anası 80 yaşlı Ayulduz nənə özünü hərləyə bilsə də, atası Talıb Namazov illərdir yataq xəstəsidir. 85 yaşlı Talıb baba 1941-1945-ci il müharibəsinin iştirakçısıdır. Hər ikisi çox az miqdarda pensiya alırlar. Belə ki, pensiyaları bəzən heç dərman xərclərini belə, ödəmir.

Bu qədər qayğının, problemin içində yaşayan ailəyə bir də elektriklə bağlı yazılan cərimə böyük dərd olub. Onlar Tərtər Elektrik Şəbəkəsinin yazdığı cəriməni qanunsuz hesab edir, özbaşınalıq adlandırırlar: "Gözləmədiyimiz halda, 2013-cü ildə Tərtər Elektrik Şəbəkəsindən bizə 100 manat cərimə kağızı gəldi. Guya biz sayğaca müdaxilə eləmişik. Məhkəməyə verdik, hakim akt yazan Ələddin Əliyevi və onunla birlikdə iki nəfəri çağırdı. Onlardan surğucun sındırılması, sayğaca müdaxilə olunması barədə soruşdu. Onlar müdaxilə olunmadığını bildirdilər. Hakim onlara dedi ki, "gedin, bu kişinin cəriməsini ləğv edin". Ələddin Əliyev və yanındakılar da dedilər ki, "gedirik, məsələni həll edəcəyik". Mən də məhkəmədə şikayət ərizəmi geri götürdüm".

80 yaşlı Ayulduz nənə
© Sputnik / Musa Muradlı
80 yaşlı Ayulduz nənə

 

Ş.Namazovun dediyinə görə, bir müddət cərimənin ödənilməsi barədə onlara heç nə deyilməyib: "Fikirləşirdik, yəqin məsələ həll olunub. Ancaq Ələddin Əliyev ötən il işdən azad edilən kimi cəriməni bizdən yenidən tələb etməyə başladılar.  Tərtər Rayon İcra Hakimiyyətinə getdim, problemimi bildirəndə, mənə dedilər ki, "100 manat pul nədir ki, buna görə danışıq edirsən, get, ödə". Bu pul onlardan ötrü, ola bilsin, heç nədir. Amma mənim üçün böyük məbləğdir".

Sayğaca müdaxilə olunması ilə bağlı akt
© Sputnik / Musa Muradlı
Sayğaca müdaxilə olunması ilə bağlı akt

Cəriməni ödəməyə imkanı olmayan Ş.Namazovun həm də belə haqsızlığı qəbul etmək fikri yoxdur: "Cərimə qanunsuz olaraq yazılıb. Surğuc qırılmayıbsa, sayğaca necə müdaxilə oluna bilər? Məsələ ilə bağlı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya da məktub ünvanlamışam. Ümid edirəm ki, şikayətim müsbət həllini tapacaq".

Məsələ ilə bağlı Tərtər Elektrik Şəbəkəsi ilə əlaqə saxladıq. Şəbəkənin rəisi Zülfü Salahov bildirdi ki, hadisə onlardan əvvəl baş verdiyinə görə məsələyə qarışmır: "Vətəndaş cərimənin yazılmasını düzgün hesab etmirsə, məhkəməyə müraciət edə bilər. Bundan sonrasını məhkəmə araşdırmalıdır. Belə olarsa, kimin haqlı olduğu aydınlaşar".

3703