Pirotexniki vasitələr, arxiv şəkli

Qurumlar ciddi işlədiyini iddia edir, amma...

6617
(Yenilənib 20:57 04.01.2019)
Orxan Mansurzadə: "Pirotexniki vasitələr daha çox metrostansiyaların çıxışlarında, Lökbatan, Mehdiabad qəsəbəsi, "Sədərək" ticarət mərkəzi, Xırdalan şəhəri ərazisindəki mağazalarda aşkarlanaraq müsadirə edilib".

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 4 yanvar — Sputnik. Yeni ilə bir neçə gün qalmış adiyyatı orqanlar vətəndaşlara və satıcılara xəbərdarlıq etmişdi. Xəbərdarlıqda deyilirdi ki, bayram vaxtı partladıcı maddələrin satışına qadağan edilib və qanunsuz olaraq bu maddəni alanlar və atanlara qarşı sərt cəzalar tətbiq olunacaq. Bayram günləri şəhərdə Daxili İşlər Nazirliyinin işçiləri ciddi reydlər aparacaq. Bayram zamanı isə priotexniki vasitələri satan da çox oldu, onu alıb işlədənlər də. Hətta Səhiyyə Nazirliyi açıqlamada bildirib ki, bu bayram zamanı priotexniki vasitələrdən istifadə zamanı 5 uşaq aldığı xəsarətə görə xəstəxanaya yerləşdirilib. Qeyd edim ki, bir hamilə qadın isə partlayıcı maddənin səsindən qorxaraq uşağını itirib. O zaman sual olunur. Adiyyatı orqanlar xəbərdarlıq etdiyi halda niyə işlərinə əməl etmədilər? Xəsarət alan olsa da, cəza alan olmadı.

Sputnik Azərbaycan yaranan suallara cavab tapmaq üçün bu məsələnin birbaşa adiyyatı olduğu dövlət qurumlarından açıqlama almağa çalışdı.

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr söbəsinin müdiri Natiq Axundov açıqlamasında deyib ki, yeni il ərəfəsində pirotexniki vasitələrin istifadəsi ilə bağlı bir sıra kütləvi informasiya vasitələrində məlumatlar yayılıb və bu məlumatlarda gömrük orqanlarına qarşı əsassız iddialar irəli sürülüb. Gömrük orqanları mülki dövriyyəsi məhdudlaşdıran mallara, o cümlədən pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilmsinə qarşı qətiyyətli mübarizə aparır. "Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında" Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 565-IIQ nömrəli Qanununun 9-cu bəndinə əsasən pirotexniki məmulatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına daxil edilib. Yalnız xüsusi icazə əsasında idxalına yol verilən bu tip qurğu, maddə və məmulatların vətəndaşlar tərəfindən ölkə ərazisinə gətirilməsi, satışı və istifadəsi qanunla qadağan olunub.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsi tərəfindən pirotexniki məmulatların (partlayıcı qurğular, fişəng və sair) qanunsuz yollarla ölkəyə gətirilməsinin qarşısının alınmasına nəzarət daha da gücləndirilərək həyata keçirilən hüquq-mühafizə fəaliyyətinin nəticəsində 2018-ci ilin yanvar ayından bu günə qədər 106 fakt üzrə 7358635 ədəd fişəng, petarda və digər pirotexnika məmulatları aşkar edilərək saxlanılıb. Yeni il bayramının gəlməsi ilə əlaqədar pirotexnika məmulatlarının ölkəyə qanunsuz yollarla gətirilməsinin artması səbəbindən təkcə son 1 ayda gömrük orqanları tərəfindən 30 belə fakt aşkar olunub ki, həmin faktlar üzrə 5988448 ədəd pirotexniki məmulat Gürcüstan Respublikasından ölkəyə gələn şəxslərin idarə etdiyi nəqliyyat vasitələrində aşkar edilib". 

"Həmçinin, sözügedən məmulatların gömrük sərhədindən qanunsuz yollarla keçirilməsi üçün əsasən nəqliyyat vasitələrinin müxtəlif hissələri gizli saxlanc yerləri kimi istifadə edilib. Belə ki, ayrı-ayrı faktlar üzrə pirotexniki məmulatlardan 250800 ədədi nəqliyyat vasitəsinin arxa döşəməsinin altında xüsusi üsulla düzəldilmiş yerdən, 5856576 ədədi yük nəqliyyat vasitəsinin yük yerində olan kartof məhsullarının arxasında gizlədilmiş yerdən, 14720 ədəd nəqliyyat vasitəsinin arxa döşəməsinin altında olan yanacaq çəninin yan hissəsində xüsusi hazırlanmış yerdən, 16200 ədədi nəqliyyat vasitəsinin ön sol,arxa sağ və sol yan qanadlarının içindən, 7800 ədəd nəqliyyat vasitəsinin salonunda arxa oturacağın söykənəcəyi ilə yük yerinin arasında yanacaq çənində xüsusi olaraq hazırlanmış gizli saxlanc yerindən, 4800 ədəd nəqliyyat vasitəsinin yanacaq çəninin içərisində düzəldilmiş xüsusi yerdən aşkar olunub"-deyə qurumun sözçüsü əlavə edib.

Daxili İşlər Nazirliyinin İctimai Əlaqələr şöbəsinin əməkdaşı Orxan Mansurzadə məsələ ilə bağlı deyib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik idarəsinin dekabr ayı ərzində Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində fəaliyyət göstərən ticarət mərkəzlərində ümumilikdə 87 min 618 ədəd müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik pirotexniki vasitələr aşkar edilərək götürülüb: "Polis əməkdaşları insanların sağlamlığına zərər vuran, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələr və pirotexniki məmulatların satışı və istifadəsinin qarşısının alınması istiqamətində gücləndirilmiş iş rejimində fəaliyyət göstəriblər.

Müxtəlif çeşiddə yüksək səsyayıcı xüsusiyyətə malik pirotexniki vasitələr daha çox metrostansiyaların çıxışlarında, Lökbatan, Mehdiabad qəsəbəsi, "Sədərək" ticarət mərkəzi, Xırdalan şəhəri ərazisindəki mağazalarda aşkarlanaraq müsadirə edilib".

6617