İlham Mustafa, Sputnik Azərbaycan
BAKI, 2 yanvar — Sputnik. Hər birimizin, dəqiq adını bilməsək də, ləqəbi ilə, ayaması ilə tanıdığı insanlar var. Tovuz rayonunun Xatınlı kəndində isə, demək olar ki, ləqəbsiz, ayamasız, yaxud, təlğəsiz (regionda bu adların qarşılığı kimi işlədilən söz - red.) adam yoxdur.
Yolunuz nə vaxtsa, Qaraxanlıya düşsə, burda heç vaxt axtardığınız adamı öz adıyla tapa bilməyəcəksiniz. Kənd sakinlərinin sözlərinə görə, kənardan gələn şəxslər tapmaq istədikləri adamın ləqəbini bilmədikdə sorğu-suala, ən azı, 1 saatdan çox vaxt itirməli olur. Vaxtını boşa xərcləmək istəməyənlər gərək axtardığı adamı həm də ləqəbi ilə tanıya.
Kənd sakini Cavanşir Həsənov Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində deyir ki, kənddə ləqəblər insanların müəyyən hərəkətinə, xasiyyətinə və ya hansısa hadisə, məşğul olduğu peşəylə bağlı verilir. Bu adlar el tərəfindən verildiyindən qazanılmış sayılır və insanın xüsusiyyətlərini özündə əks etdirir.
C.Həsənov kənddə olan bir neçə maraqlı ləqəblər haqda da məlumat verir: "Bu kənddə yaşlı nəsildə təlğəsiz adam tapmaq mümkün deyil. Hər adama öz bacarığı, sənəti, xüsusən də xasiyyətinə görə ləqəb verirlər. Məsələn, mənə işlədiyim işə görə "Kassir Cavanşir" deyirlər. Qıraq yerdən gəlib kənddə kimisə axtaran olanda onu təlğəsiz tapmaq mümkün deyil. Ona görə gərək axtarmağa gələn adam axtardığının el verən adını da bilsin".
"Kənddə maraqlı, gülməli təlğələr çoxdur. "Heykəl Tapdıq", "Darğa Məcid", "Xırxır Əli", "Fəli Qasım", "Neynim Oruc", "Qənfet Söyün", "Ölürəm Alı" kimi müxtəlif təlğələr var. Məsələn, "ölürəm" ləqəbi sovxoz vaxtı hansı iş tapşırılırmışsa, "mən ağrıyıram, ölürəm" dediyinə görə verilib. Yaxud "neynim" təlğəsi ən çox işlətdiyi söz olduğuna, "qənfet" uşaqlıqdan "konfet" deyə oxşadıldığına görə verilib. Sonradan da elə o ləqəblə tanınıb" - deyir həmsöhbətimiz.
Digər kənd sakini İsa Niftaliyev isə hamıda təlğə olmasını kənddə eyni adlı adamların çox olmasıyla əlaqələndirir: "O vaxt kənddə 13 nəfər Hüseyn olub, soruşanda, "hansı Hüseyn", deyirmişlər ki, "Qənfet Söyün", "Lağa Söyün", "Xımır Söyün" (qərb bölgəsinin əksər yerlərində Hüseyn adı Söyün kimi tələffüz olunur – red.) kimi fərqləndiriblər. Həsən də çox olub, məsələn, "Qoz Həsən", "Qara Həsən" deyərək, bir-birilərindən seçiblər".
"Çımpır İsa" kimi tanınan kənd sakini qeyd edir ki, sakinlərə ilk dəfə eşidiləndə gülüş doğuran təlğələr qoyulsa da, hər kəs öz ləqəbini qəbul edib: "Kənddə "zıvırdışoğlu", "şerti", "pedi", "payvermə", "burun", "quş" kimi təlğələr olsa da, el verdiyinə görə, heç kim öz ləqəbi ilə çağırılmaqdan narazı olmayıb. Hətta dəvətnamələrdə də çox vaxt təlğəylə yazıb çağırırdılar toylara".
Kənd sakinləri təlğələrin cavanlar arasında az qoyulmasına baxmayaraq, həmişə baba-ata adları ilə istinad verildiyinə görə heç vaxt unudulmayacağına əmindirlər.
BAKI, 16 yanvar — Sputnik. “Xaricə səfər zamanı koronavirusa görə test tələbi hələlik mütləqdir. Ancaq peyvənd olunacaq şəxsin xarici ölkələrə səfəri zamanı test tələb olunub-olunmayacağı barədə hələlik qəti fikir söyləyə bilmərəm”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib. Ş.Mövsümovun sözlərinə görə, hələ ki bu məsələyə baxılmayıb: “Əslinə qalsa, bu proseslərlə bağlı suallara mərhələ-mərhələ cavab veriləcək. Əsas odur ki, vaksinasiyaya başlanılsın”.
BAKI, 16 yanvar — Sputnik. Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata əsasən, yanvarın 19-u axşamdan 21-i gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, sulu qara, qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yanvarın 21-22-də gecə saatlarında yolların buz bağlayacağı ehtimalı var.
Azərbaycanın rayonlarında isə yanvarın 18-i gündüz qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi arabir 15-18, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.