İşıqfor

Bu axşam Bakıda “yaşıl dalğa” tətbiq ediləcək

18
(Yenilənib 14:30 31.12.2018)
Sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə işqforlarda yaşıl dalğa tətbiq ediləcək

BAKI, 31 dekabr — Sputnik. Bakı Nəqliyyat Agentliyi (BNA) bu gün axşam saatlarından gecə saatlarına qədər paytaxtın yollarındakı işıqforların fəaliyyətinə nəzarəti adi günlərlə müqayisədə artıracaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

Onun sözlərinə görə, sıxlıq müşahidə edilən küçə və prospektlərdə nəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə işqforlarda yaşıl dalğa tətbiq ediləcək.

Bundan başqa, bayram günlərində sərnişin axınına uyğun olaraq marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına əməl olunması, təhlükəsizlik qaydalarına riayət edilməsi, həmçinin sürücülərin müvafiq sərnişindaşıma və yol hərəkəti qaydalarına əməl etmələri barədə lazımi tədbirlərin görülməsi, o cümlədən avtobusların istehsalat bazalarından reysə çıxmalarının təmin edilməsi ilə bağlı daşıyıcılara göstəriş verilib.

Xatırladaq ki, bir qədər əvvəl BNA Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-dən yanvarın 1-nə keçən gecə müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyəti sərnişin axınına uyğun olaraq təşkil ediləcəyini, həmçinin zərurət olan istiqamətlər üzrə xəttə əlavə avtobuslar buraxılacağını bildirib.

18