“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev

“Bir çox məmurlar hələ köhnə vərdişlərindən əl çəkməyiblər”

3102
(Yenilənib 21:04 27.12.2018)
Əliməmməd Nuriyev: “Çirkli pulların yuyulması ilə bağlı çox mühüm institusional dəyişiklik baş verib"

BAKI, 27 dekabr — Sputnik. “Hələ bir çox məmurlar köhnə vərdişlərindən və stereotiplərdən əl çəkməyiblər. Buna görə də, vətəndaş cəmiyyətləri dövlət qurumlarında çalışan məmurlar üçün böyük təlim proqramları həyata keçirir”. 

Bunu Sputnik Azərbaycan-a Açıq Hökumət Platformasının koordinatoru, Konstitusiya Araşdırmalar Fondunun (KAF) prezidenti Əliməmməd Nuriyev 2018-ci ildə ölkəmizdə korrupsiya ilə bağlı görülən ən mühüm işlər barədə danışarkən deyib.

O qeyd edib ki, korrupsiyaya qarşı mübarizə Azərbaycanda prioritet istiqamətlərdən biridir. Dövlət başçısı öz çıxışlarında həmişə korrupsiyaya qarşı mübarizənin davamlı olduğunu deyib.

Nuriyevin sözlərinə görə, ölkədə ilk növbədə korrupsiyaya şərait yaradan halların aradan qaldırılması ilə bağlı tədbirlər görülüb və bu il korrupsiyaya qarşı mübarizədə pozitiv nəticələrlə zəngin olub. Belə ki, elektron xidmətlərin sayı artıb, elektron xidmətlərin tam dövrünü özündə ehtiva edən xidmətlərin siyahısı genişlənib.

"Korrupsiyaya qarşı mübarizədə əldə olunun uğurlardan biri birbaşa təmasın aradan qaldırılmasıdır. Bu informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin nailiyyətidir" – deyən Nuriyevin sözlərinə görə, həm dövlət sistemində elektron xidmətlərin çeşidinin genişlənməsi, həm ASAN xidmət indeksinin yaranması vətəndaşların məmnunluğunu artırıb. Onun fikrincə, elektron xidmətlər, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin standartlarını, rəqabət qabiliyyətini artırır, vətəndaşların dövlət orqanları ilə birbaşa təmaslarını isə azaldır.

Bu il vahid pəncərə sisteminin daha geniş tətbiq edildiyini vurğulayan həmsöhbətimiz, gömrük orqanlarında şəffaflığın və hesabatlılığın artırılması ilə bağlı tədbirləri də önəmli islahatlar kimi qiymətləndirib. O, bu sırada vergi sisteminin islahatlarını da qeyd edib.

"Yaxın günlərdə Vergi Məcəlləsinə dəyişikliklər qüvvəyə minəcək. Bu, vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə, vergi ödəyiciləri kontingentinin genişləndirilməsinə, kiçik və orta biznesin inkişafına yardım edəcək. Sahibkarlıq müəssisələrində 2021-ci ilə qədər yoxlamaların dayandırılması vacib məsələdir" – deyən Nuriyev korrupsiyaya qarşı mübarizə ilə bağlı qanunda əhəmiyyətli dəyişikliklər edildiyini də diqqətə çatdırıb. Qeyd edib ki, dövlət orqanlarında çalışan və bütövlükdə korrupsiya hüquqpozmaları haqqında məlumat verən şəxslərin hüquqi müdafiəsini təşkil etməsək vacibdir: "Ən çox məlumata da bu və ya digər dövlət orqanında çalışan şəxslər malikdir. Onların hüquqi müdafiəsi etibarlı olmalıdır ki, çəkinmədən həmin qurumda korrupsiya hüquqpozmalarının olması barədə məlumat versin. Bu da, əlbəttə ki, korrupsiyadan çəkindirən məsələdir".

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev
© Official website of President of Azerbaijan Republic

Açıq Hökumət Platformasının koordinatoru çirkli pulların yuyulması ilə bağlı çox mühüm institusional dəyişikliyin baş verdiyini də deyib. Qeyd edib ki, bu il Maliyyə Monitorinq Xidməti prezidentin fərmanı ilə müstəqil bir quruma çevrilib.

Ölkədə ASAN Xidmət mərkəzlərinin sayının artaraq 15-ə (Bakıda 5, regionlarda 10) çatdığını xatırladan Nuriyev bu qurumda korrupsiyanın sıfır olduğunu deyib: "25 milyon Azərbaycan vətəndaşı ASAN-ın xidmətlərindən istifadə edib. Bu o deməkdir ki, biz artıq məişət korrupsiyasına qalib gəlmək ərəfəsindəyik. Çünki məişət korrupsiyası daha çox dövlət orqanları tərəfindən göstərilən xidmətlər zamanı olur. Əvvəllər dövlət orqanlarının göstərdiyi xidmətlərin böyük hissəsi artıq ASAN xidmət vasitəsilə göstərilir. Burada isə 99,6% məmnunluq var. Burada korrupsiya, rüşvət sövdələşmələri yoxdur".

Müsahibimiz DOST xidmətinin yaradılmasının da korrupsiya ilə mübarizədə effektiv olacağını bildirib. "İndiyə qədər ünvanlı sosial müavinətlərin təyin olunması, əlilliyin müəyyən edilməsi ilə bağlı problemlər vardı. İndi isə DOST xidməti bir orqanın daxilində, başqa yerə getmədən 224 adda xidmət göstərəcək. Cənab prezident əmək və əhalinin sosial müdafiəsi nazirini təyin edərkən onun qarşısında şərt qoyub ki, hesabatlılığın artırılmasına və sosial ədalətin təmin edilməsinə diqqət yetirsin".

Nuriyev daşınmaz əmlakın reyestri ilə bağlı məsələlərin son dərəcə asanlaşdırıldığını, çıxarışların elektron qaydada və dərhal verildiyini bildirib.

"Bütün dövlət orqanları bir elektron sistemdə birləşdirilib və elektron sənəd dövriyyəsi həyata keçirilir. Elektron notariata keçid, məsafədən idarə edilmə, nazirlər səviyyəsində səyyar qəbulların həyata keçirilməsi, vətəndaş müraciətlərinə baxılması prosesinin həm sürətləndirilməsi, həm də effektivliyi baxımından müsbət addımlardır" – deyən Nuriyev ən vacib məsələnin korrupsiya cinayətləri ilə bağlı olduğunu vurğulayıb: "Əgər məmur korrupsiyaya yol veribsə, tutduğu vəzifədən asılı olmayaraq, o, məsuliyyətə cəlb olunur".

"ASAN xidmətə keçən funksiyalar dövlət qurumlarının özündə də saxlanılır. Onlar da ASAN-a görə yüksək xidmət standartlarını tətbiq etməyə məcbur olurlar. Şəxsiyyəti təsdiq edən sənədlərin verilməsində, vətəndaşlıq vəziyyətləri ilə bağlı məsələlərdə dövlət orqanının özündə də keyfiyyətli xidmət həyata keçirilir. Növbələr yox, süründürməçilik yox. Lakin bütün bunlar o demək deyil ki, korrupsiya ilə bağlı problem yoxdur, hər şey gözəldir, yerindədir" – deyən həmsöhbətimiz hesab edir ki, korrupsiya ilə mübarizə üçün ölkəmizdə siyasi iradə var və o, davamlı xarakterlidir. İslahatlar var və onlar dərinləşdirilməlidir. Strateji yol xəritələrinin qəbul edilməsi və onların icrası da korrupsiyaya qarşı mübarizəyə öz töhfələrini verir.

"Biz Açıq hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının monitorinqini həyata keçirdik. Həmin fəaliyyət planı ilə bağlı alternativ monitorinqi təqdim etdik. Plan 81.1 % icra olunub. Bu, çox böyük nəticədir. Elektron xidmətlər, xidmətlərin əlçatanlığı, sürətləndirilməsi, orta məktəblərə qəbulun elektron qaydada aparılması, 5 ali məktəbdə təhsil haqlarının elektron qaydada ödənilməsi, elektron imza ilə bağlı məsələnin sadələşdirilməsi və s. bütövlükdə elektron hökumət sisteminin uğurlarıdır. Elektron hökumət inkişaf mərkəzlərinin yaradılması, rəqəmsal hökumətə keçidlə bağlı addımlar təqdirəlayiqdir" – deyən Nuriyev korrupsiyanı önləmək üçün bir sıra qanunların qəbulunun da zəruri olduğunu vurğulayıb.

"Rəqabət Məcəlləsinin qəbulunu sürətləndirmək lazımdır. Maraqların toqquşması haqqında, Deklarasiyaların qəbulu haqqında, Şəxslərin maliyyə fəaliyyəti haqqında qanunların qəbulu vacibdir. Biz artıq bu haqda təklifləri hazırlamışıq. Vətəndaş cəmiyyətlərinin maliyyə imkanlarının genişləndirilməsi təşkil etmək, vahid pəncərə sisteminin tətbiqini daha da təkmilləşdirmək lazımdır" – deyə KAF prezidenti bildirib.

Onun sözlərinə görə, korrupsiyaya qarşı mübarizəni daha effektiv etmək üçün cəmiyyətin üç sütunu arasında harmonik əlaqə olmalıdır. Bunlar özəl sektor, dövlət orqanları və vətəndaş cəmiyyətləridir. Əgər onlar qərarların qəbulunda birgə iştirak etsə, həm qərarların icrası asanlaşar, həm də qərarlar daha təkmil formada olar: "İctimai iştirakçılıq haqqında qanunun qəbulu, ictimai şuraların yaradılması istiqamətində addımlar atılır. Amma hələ də bəzi dövlət orqanları yanında ictimai şuralar yaradılmayıb. Halbuki prezident demişdi ki, biz böyük proqramlar həyata keçiririk və bu proqramların həyata keçirilməsində ən vacib amillərdən biri vətəndaş nəzarətinin, ictimai nəzarətin həyata keçirilməsidir. Çünki ictimai nəzarət qərəzsiz nəzarətdir".

Hələ bir çox məmurların köhnə vərdişlərindən əl çəkmədiyini qeyd edən Nuriyev vətəndaş cəmiyyətlərinin dövlət qurumları üçün böyük təlim proqramları həyata keçirdiyini deyib. Bildirib ki, bu istiqamətdə dövlət qulluqçuları üçün 70-dən artıq təlim həyata keçirilib. Vətəndaş cəmiyyətləri bu cür böyük layihələri həyat keçirməklə, monitorinqlər aparmaqla korrupsiyaya qarşı mübarizə prosesinə öz töhfələrini verirlər. AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası bu sahədə 80-dan artıq layihəni dəstəkləyib və onlara 300 min manata yaxın pul ayırıb. Bu istiqamətdə beynəlxalq mübadilə də genişlənir. Azərbaycan bir sıra beynəlxalq antikorrupsiya qurumlarında iştirak edir. Bütün bu tədbirlər isə, ölkədə korrupsiyanın səviyyəsini minimuma endirməyə istiqamətlənib.

3102