Şanxayda Yeni ilin bayram edilməsi

Çindən Avropayadək: Yeni il azərbaycanlıların gözü ilə

4645
(Yenilənib 16:05 27.12.2018)
Xaricdə yaşayan azərbaycanlılar yeni ili necə qeyd edəcəklər – SORĞU

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 27 dekabr — Sputnik. Yeni il bayramı Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrində böyük təmtəraqla qeyd olunur. Maraqlıdır, xaricdə yaşayan azərbaycanlılar bu il yeni ili necə qeyd edəcəklər? Sputnik Azərbaycan bunun üçün kiçik sorğu təşkil edib.

Çinin Hefei şəhərində yerləşən "University of Science and Technology of China" (USTC) universitetinin magistratura pilləsində təhsil alan həmsöhbətimiz Ülkər Eldarqızı oradakı ab-havadan danışıb: "Çinin çox da böyük olmayan, həmçinin turizm üçün əlverişsiz şəhərində yaşayıram. Nəinki yaşadığım şəhərdə, ümumiyyətlə, Çində yeni il bayramı elə də məşhur deyil. Şanxay və Pekin kimi şəhərlərdə xaricdən gələnlərin sayı çox olduğu üçün, nisbətən də olsa, yeni il əhval-ruhiyyəsi hiss olunur".

"Deyilənə görə, yeni il gecəsi Şanxayda atəşfəşanlıq olur. Lakin Hefeidə yeni illə bağlı heç bir mərasim qeyd olunmur. Buna baxmayaraq universitetlərdə xarici tələbələr üçün yeni il şənliyi təşkil olunur. Ailəmizdən uzaq olduğumuz üçün biz burada tələbələrlə bir ailə olmuşuq. Yəqin ki, bayramı da tələbə dostlarla birgə qeyd edəcəyik" - deyə həmyerlimiz qeyd edib.

Sevil Zeynalqızı ailəsi ilə
Sevil Zeynalqızı ailəsi ilə

Almaniyanın Nürnberg şəhərində yaşayan Sevil Zeynalqızı da oradakı ab-havadan danışıb: "Almaniyada əsas bayram "Weihanchten" (Milad Bayramı - İsa peyğəmbərin doğum günü) adlanır. Bu bayram dekabrın 24-də qeyd olunur. Weihanchten bayramının almanlar üçün xüsusi önəmi var. Bütün dünyada olduğu kimi həmin gün Almaniyada da bayram süfrəsi açılır. Bayram süfrəsində isə kartofdan hazırlanmış salat, balıq və "Lebkuchen" adlı ədviyyatlı keksin olması mütləqdir. Bu bayramdan dörd həftə əvvəl bütün şəhərlərdə Milad bazarları açılır".

Həmsöhbətimizin sözlərinə görə, Almaniyada Milad bayramı digər ölkələrdən daha fərqli qeyd olunur: "Almaniyada fərqli olan daha bir adət isə küknar ağacları ilə bağlıdır. Belə ki, evlərdə plastik ağaclar yox, təbii küknar ağacları bəzədilir. Çünki plastik ağacların bəzədilməsi dini baxımdan doğru hesab olunmur. Həmin gün erkən saatlarda bütün ailə üzvləri birgə yemək yeyir, mahnı oxuyur, sonra küknar ağaclarının altına qoyulmuş hədiyyələri açır".

"Bu bayramda uşaqlar daha çox diqqət mərkəzində olurlar. Bayram ərəfəsində dövlət tərəfindən uşaqlar üçün kiçik bayram bazarları təşkil edilir. Bütün uşaqlı ailələrə əvvəlcədən dəvətnamələr göndərilir. Uşaqlar onlara göndərilən ulduz şəklində kəsilmiş kağız parçaları ilə kiçik bayram bazarlarından istədikləri hazır yemək, şirniyyat və içkiləri ala bilirlər. Şənlikdə uşaqlara hədiyyələr paylanılır, həmçinin əyləncəli oyunlar təşkil edilir. Dövlət tərəfindən uşağı olan aztəminatlı ailələrə maddi yardımlar da edilir" – deyə S.Eyvazqızı əlavə edib.

Hazırda Türkiyədə təhsil alan Aysel Kərimova yeni ili elə qonşu ölkədə qeyd edəcəyini deyib: "Təhsilimi Aksaray Universitetində davam etdirdiyim üçün yeni ili də elə burada qarşılayacağam. Burada yeni il bayramına münasibət hər şəhərdə bir cürdür. Məsələn, İç Anadolu adlanan bölgənin sakinləri daha mühafizəkar olduqlarından bayramı qeyd etmirlər. Onlar bu bayramı öz inanclarına zidd hesab edirlər. Sahil bölgəsinin əhalisinin hamısı olmasa da, sakinlərinin bir qismi 31 dekabrı gecə saatlarınadək qeyd edirlər".

"Yəni Azərbaycandan fərqli olaraq burada yeni il bayramının atributları hesab olunan şam ağacı, şaxta baba gözə dəymir. İlk dəfə olaraq yeni ili Türkiyədə qeyd etsəm də, qısa bir zamanda gördüklərim və eşitdiklərimə əsasən deyə bilərəm ki, burada bayram Azərbaycanda olduğu kimi xüsusi təmtəraqla qarşılanmır" – deyə o, qeyd edib.

Almaniyanın Köniqsvinter şəhərində yaşayan Fərahim İlqaroğlu da "Silvester" adlanan xüsusi bayramın qeyd olunduğunu deyir: "Dekabrın 24-26-sı tarixlərində Almaniyada Milad bayramı qeyd edilir. Bayram günü ilə əlaqədar olaraq dekabrın 24-ü bütün mağaza və marketlər günortaya kimi, 25 və 26-sı tarixlərində isə, tamamilə, bağlı olur. Ona görə almanlar öncədən bayram tədarüklərini görürlər. Eyni zamanda bu üç gündə bütün kilsələrdə tədbirlər keçirilir. İnsanlar kilsələrə axın edərək oradakı müxtəlif proqram və tədbirlərə qatılırlar. Dekabrın 31-i "Silvester" deyilən yeni ili qarşılama mərasimi qeyd olunur. Almaniyanın bütün şəhərləri yeni ili atəşfəşanlıqla qarşılayır. Yanvarın birində də yeni il qeyd edilir".

Həmsöhbətimiz Almaniyada yaşayan vətəndaşlarımızın həmrəylik günü ilə bağlı olaraq isə heç də ürəkaçan fikirlər səsləndirməyib: "Azərbaycanlıların Almaniyada yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmələri barədə ürəkaçan fikir demək mümkün deyil. Çox təəssüf ki, Avropada yaşayan həmvətənlərimiz arasında parçalanma var, müxtəlif təşkilatlar altında fəaliyyət göstərirlər. Bu səbəbdən də bayram günlərində də onlar bir araya gələ bilmirlər. Bu cür qütbləşmələr özünü milli məsələlərlə bağlı keçirilən tədbirlərin sönük keçməsində də göstərir. Amma, sağ olsunlar, bəzi həmvətənlərimiz bu soyuq münasibəti aradan qaldırmaq üçün müxtəlif tədbirlər keçirirlər".

Polşanın Katoviç şəhərində təhsilini davam etdirən Leyla Məhərəmova də oradakı yeni il əhval-ruhiyyəsindən danışıb: "Polşalılar yeni ili xüsusi əhval-ruhiyyə ilə qarşılamağa hazırlaşırlar. Hətta Milad bayramını qeyd etmək üçün bütün ailə üzvləri bir araya gəlməyə çalışır. Hər kəsin Milad bayramını gözəl qeyd etməsi üçün, demək olar ki, bütün müəssisələr iş saatından daha tez bağlanır. Azərbaycanla müqayisədə Polşada yeni ili daha fərqli, daha doğma və isti qarşılayırlar. Məncə, bu da həmin bayramın dini kökləri ilə bağlıdır".

L.Məhərrəmova Polşa və Azərbaycandakı yeni il bazarlarında olan qiymət fərqlərindən də söz açıb: "Azərbaycanla müqayisədə qiymətlər elə də yüksək deyil. Hətta bəzi məhsullar burada daha ucuzdur. Məhsulların çeşidi çox olduğundan seçim etmək çox rahatdır. İnsanlar Milad bayramına bir neçə həftə qalmış bayram alış-verişlərini edirlər. Digər xristian ölkələrində olduğu kimi Polşada da bayram günü insanlar kilsəyə gedib dua edir, öz doğmalarının Milad bayramını təbrik edirlər".

4645
Teqlər:
Çin, Almaniya, Türkiyə, Azərbaycan, bayram, Yeni il
Əlaqədar
Bakının ən orijinal yolkaları və qeyri-adi Yeni il işıqları
Yeni il hədiyyələri alanda ehtiyatlı olun – Dövlət agentliyi xəbərdarlıq edir
Yeni il üçün canlı yolkanı necə seçməli və əkməli
Moskvadan "Tramp"a yeni il "hədiyyəsi" - VİDEO