Pensiyaçılar

Pensiya yaşının iki il azaldılması təklif olunur

14429
(Yenilənib 16:36 26.12.2018)
Millət vəkili: "Orta ömür yaşı qısa olduğundan pensiya yaşının aşağı olmasının tərəfdarıyam"

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. Bu gün bir sıra ölkələrdə pensiya yaşının azaldılması ilə bağlı təkliflər irəli sürülür. Artıq bununla bağlı bəzi ölkələr təkliflər planı da hazırlayıb. Çində hazırlanan belə layihədə kişilərin pensiya yaşının 60, qadınların isə 50 yaşa endirilməsi təklif olunur.

Hətta bu layihədə işləyən şəxslərin təqaüd yaşının azaldılması ayrıca təklif olaraq irəli sürülüb. Bu gün Çin dünyada orta ömür yaşının yuxarı olması ilə seçilir. Çində gözlənilən ömür yaşı kişilər üçün 75, qadınlar üçün 78 olaraq müəyyənləşib.

2016-cı ili əhatə edən "Qlobal Xəstəlik Yükü Planı"nda ömür yaşına görə, 198 ölkə sırasında Azərbaycan 101-ci, Asiyada isə 48 ölkə sırasında 26-cı yerdə qərarlaşıb.

Azərbaycanda növbəti illərdə də pensiya yaşının 6 ay artırılması nəzərdə tutulur. Kişilərdə pensiya yaşının 2017-2021-ci illər ərzində hər il 6 ay olaraq artırılması nəzərdə tutulub. Qadınlarda isə 2017-2027-ci illərdə pensiya yaşının hər il 6 ay artırılması nəzərdə tutulub.

Maraqlıdır, Azərbaycanda da pensiya yaşı azaldıla bilərmi?

Fazil Mustafa
© Sputnik / Murad Orujov
Fazil Mustafa

Sputnik Azərbaycan-a danışan millət vəkili Fazil Mustafa pensiya yaş həddinin azaldılmasının tərəfdarıdır: "Pensiya yaşının azaldılması kifayət qədər diqqət tələb edən məsələdir. Çünki Azərbaycanda problemlər çoxdur. Bununla yanaşı, təqaüdçülərə verilən pensiya məbləği yüksək olmadığından belə şəxslərin yaşayış səviyyəsi xeyli aşağı düşüb. Azərbaycanda orta ömür yaşı xeyli qısa olduğu üçün pensiya yaşının aşağı olmasının tərəfdarıyam".

"Tibb və səhiyyə problemlərinin aktual olduğu ölkədə insanların müalicə olunma imkanları da xeyli məhduddur. Bununla yanaşı, gənc yaşlarda ölümlərin sayı da artmaqdadır. Bu baxımdan, düşünürəm ki, pensiya yaşının azaldılması insanların 5-10 il avantaj qazanması deməkdir. Bu yaşın ən azı 2 və 2.5 il azaldılması əhalinin xeyrinə olardı" – deyə millət vəkili əlavə edib.

F.Mustafa bildirib ki, bu məsələ vətəndaşların marağına uyğun tənzimlənməlidir: "Əks halda, yenə də ən çox problemlə qarşılaşan əhali olacaq. Çünki əvvəllər az maaş alan, yaxud da müəyyən problemlərlə qarşılaşan şəxslər üçün ödənilən vəsait yetərli olmur".

Qeyd edək ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin bu ili əhatə edən məlumatına görə, Azərbaycanda 60-64 yaşlılar 419 min, 65-69 yaşlılar 262 min, yaşı 70-dən yuxarı olanların sayı isə 385 mindən artıq olub. Ötən illərlə müqayisədə 50 yaşdan yuxarı olan şəxslərin sayında artım var. 10-14 və 15-19 yaşlıların sayında isə azalma olub. Bu isə, o deməkdir ki, 9 milyon 898 min əhalinin 1 milyon 66 mini 60 yaşdan yuxarı şəxslər təşkil edir.

Xatırladaq ki, hazırda ölkəmizdə qadınlar üçün pensiya yaşı 63, kişilər üçün 65 olaraq müəyyənləşdirilib.

14429
Teqlər:
Azərbaycan, Çin, Fazil Mustafa, qadın, kişi, yaş, pensiya
Əlaqədar
Nazir: “Yüz minlərlə insanın pensiya və sosial müdafiə hüquqları bərpa ediləcək"
Pensiya hüququ yaranmayan şəxslərə yaşa görə müavinət təyin ediləcək
Gözlənilən dəyişiklik baş tutdu: “Əmək pensiyaları haqqında” qanun imzalandı
Gələn ildən vətəndaşlar heç bir sənəd toplamadan pensiya təyinatı alacaqlar