Тюремная дверь, фото из архива

Keçmiş dustaq: "Məhbusun kitab oxuması elə özünə cəza verməkdir"

5609
(Yenilənib 21:27 24.12.2018)
Yazar qeyd edib ki, məhkumlar kitabı maariflənmək üçün yox, vaxt öldürmək üçün oxuyurlar

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. Məhkumluq həyatı keçirən insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün müxtəlif üsullar var. O cümlədən də cəzaçəkmə müəssisələrində kitabxanalar mövcuddur. Həbsxanalarda kitabxanalar həm də məhbusları maarifləndirmək məqsədilə yaradılır.

Maraqlıdır, bəs Azərbaycan həbsxanalarında kitabxanalar necə təşkil olunub? Məhbusların kitaba olan marağı hansı səviyyədədir? Sputnik Azərbaycan bu suallara aidiyyəti şəxslərdən cavab tapmağa çalışıb.

"Konstitusiya" Araşdırmalar Fondunun sədri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev hesab edir ki, məhkumların azadlığa çıxması prosesini stimullaşdırmaq məqsədilə Qanunvericilikdə dəyişiklik etmək, dünya təcrübəsindən yararlanmaq və bir çox üsullardan istifadə etmək olar: "Məhkum nə qədər maariflənərsə, dünya görüşü artarsa, onun cinayət etmə riski daha da azalar. Eyni zamanda kitab oxumaq məhkumların mənasız işlərlə məşğul olmasının qarşısını alar".

Ə.Nuriyev bildirib ki, bu gün Azərbaycanda cəzaçəkmə müəssisələrində məşğulluq ilə bağlı məsələnin həlli istiqamətində geniş addımlar atılıb. Məhkumların 26%-nin məşğulluq problemləri həll olunub.

Əfv Məsələləri Komissiyasının üzvü həbsxanalardakı kitabxanalardan da danışıb: "Bu gün bütün cəzaçəkmə müəssisələrində kitabxanalar fəaliyyət göstərir. Və hər kitabxanada 2000-4000 qədər kitab var. Bunlar bədii, dini, hüquq elmi ilə bağlı kitablardır. Eyni zamanda gündəlik çap olunmuş qəzetlər də kitabxanalara gətirilir. QHT-lər və "Kitab klubu" da həbsxanalara bir çox kitablar göndərir. Hətta bəzi gənc yazarlar da məhkumlarla görüşür, onlara kitablarını təqdim edirlər. Hər bir məhkum istədiyi kitabı qohumları vasitəsilə də aldırıb oxuya bilər".

O qeyd edib ki, zorakılığı təbliğ edən kitabların isə həbsxanaya daxil olması qəti qadağandır: "Monitorinqlər keçirən zaman kitabxanalarda da müşahidələr aparırlar. Orada həm latın, həm də kiril əlifbası ilə yazılmış kitablar var. Həmçinin Azərbaycan dili ilə yanaşı, rus və ingilis dilində də kitablar tapmaq olar".

Ə.Nuriyev əlavə edib ki, əvvəlki illərə nisbətən son illərdə kitab oxuyan məhkumların sayı artıb: "Amma yenə də bu sahənin inkişafına ehtiyac var. Hətta romanların müzakirəsi, şair və yazarlarla görüşlər təşkil olunmalıdır. Biz gənc yazar və şairlərin görüşlərini tez- tez keçiririk. Düşünürəm, bu, daha çox olmalıdır ki, məhkumların kitaba marağı daha da çoxalsın".

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov bildirib ki, cəzaçəkmə müəssisələrində və istintaq təcridxanalarının hər birində böyük fondu olan kitabxanalar fəaliyyət göstərir. Kitabxanalar, əsasən, latın qrafikası ilə yazılmış, həmçinin ingilis və rus dilində olan kitablardan ibarətdir.

M.Sadıqov da qeyd edib ki, məhkumlar tərəfindən kitab oxunmasına son illər tələbat artıb: "Əsasən, bədii ədəbiyyatın detektiv janrına daha çox maraq göstərirlər. Eyni zamanda romantik kitablara da üstünlük verirlər. Tarixi romanlar da məhkumlar tərəfindən böyük rəğbətlə qarşılanır. Ona görə də hər il kitabxanaları daha da zənginləşdirməyə çalışırıq. Milli Elmlər Akademiyası tərəfindən də bizə tez-tez kitablar bağışlanır. Məhkumlarda kitaba marağı artırmaq üçün kifayət qədər tədbirlər keçiririk".

Yazar, bir müddət məhbəs həyatı yaşamış Saday Şəkərli isə düşünür ki, məhbusun kitab oxuması elə özünə cəza verməkdir: "Cəzaçəkmə müəssisələrində kitab oxuyanlar çox olmasa da, əksəriyyəti nə oxuduğunu bilmir. Mən hər dəfə kitabxanaya özümlə məhkumları da aparırdım, axırda kitabxanaçı etiraz elədi ki, "niyə bu qədər adamı gətirirsən kitabxanaya?" Məhz bu hərəkətinə görə onu kitabxanaçılıqdan dərhal qovdular".

Yazar qeyd edib ki, məhkumlar kitabı maariflənmək üçün yox, vaxt öldürmək üçün oxuyurlar: "Onların bir çoxunda oxu vərdişi yaratdığımdan məmnunam. Məhkumlar, əsasən, detektiv janrında yazılmış, yükü az olan bədii əsərlərə üstünlük verirdilər. Azərbaycan ədəbiyyatını oxuyan məhbusa isə rast gəlmədim. Qalın-qalın kitabların üstünü toz basmışdı. Əksəriyyəti xarici ədəbiyyata üstünlük verirdi".

5609