CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ar olsun küçədə siqaret çəkənlərə: Getdilərsə, birini yandır

Abunə olmaq
Yaxud kamera önündə və arxasında yaşanan ikili həyat

BAKI, 17 dekabr — Sputnik. Kənd toylarında iştirak edənlər bilməmiş deyil. Deməli, düz xətt üzrə düzülmüş yemək-içmək masalarının ətrafında əyləşən qonaqlar girişiblər yeməyə. Ağız mırçıltısından qulaq tutulur. Çəngəl-bıçaq olmadığı üçün, toy əhli yağlı barmaqlarını elə sorur ki, elə bil, "Həyat eşqi" hekayəsinin acından ölməkdə olan qəhrəmanı yerdən sümük parçası tapıb.

Zülmətlə işıq arasındakı insan - Sputnik Azərbaycan
CƏMİYYƏT
O, artıq yoxdur, gözümüz aydın

Birdən Səfər kişi Qulam dayının böyrünü dürtmələyir, "ayə, gəldi" deyə. Qulam başını tələsik qaldıran zaman video-kameranın obyektivi ilə göz-gözə gəlir. Kişi boğazındakı tikəni necə tələsik udursa, hansı orqana gedib düşəcəyi şübhə altında qalır. Dərhal özünü yığışdırır, əlinin tərsi ilə gizlicə qarşısındakı yemək qabını yan qonşusunun qabağına itələyir və qaşlarını çataraq müdrik nəzərlərini kameraya zilləyir.

Ta ki, kameranın burnu başqa yönə çevrilənədək. Ondan sonra, ya Allah, yeməyə davam.

Sanki, toya gəlməyib, ya da gəlib, amma ağzına loxma almayıb. Yəni, toya gələsən, orada yemək yeyəsən – qəbahətdir o və onlar üçün. Amanın günüdür, sabah kasetə baxan toy sahibi deyər ki, "utanmır, gəlib qapımda qarnını otarır".

Eləcə də Tükəzban xala, Gülxanım arvad, Güllü, Telli və digər xanımlar, qohum-qonşular. Toydan sonra kaseti izləyən bir Allahın qulu fakt tapa bilməz ki, onlar barmaqlarını çörəyə toxundurublar. Uzağı-uzağı bircə qurtum limonad içdiyi yerdə kimisə yaxalaya bilərsən.

Bu, belə. İndi gələk səmimiyyətimizin şəhər versiyasına. Tutalım, şəhərdə video-sorğu keçirilir: İctimai yerdə siqaret çəkilməsinə necə baxırsınız?

"Çox pis! Pisdən də betər! Biabırçılıqdır, mədəniyyətsizlikdir, ətrafdakı insanların sağlamlığına qəsddir. Mən özüm ümumiyyətlə siqaret çəkmirəm, çəkənlərə də pis baxıram. İctimai yerdə çəkənlərə isə, qəti şəkildə nifrət edirəm. Ar olsun onlara" – deyən 35 yaşlı şəhər sakini Əfqan Qurbanov, jurnalistdən canını qurtaran kimi həyəcandan bir siqaret yandırır.

Bakı sakinləri ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qəbul edilən qanun haqqında nə düşünür?  - Sputnik Azərbaycan
VİDEO
Bakı sakinləri siqaretlə bağlı qanuna edilən dəyişiklilər haqqında nə düşünür?

Şəhərin başqa səmtində ictimai nəqliyyatda gedişhaqlarının artırılması mövzusuna vətəndaşların münasibəti öyrənilir. Məktəbdən gətirdiyi nəvəsi üçün avtobusda gedişhaqqı ödəməmək uğrunda sürücü ilə gərgin mübarizə aparan Firəngiz nənə, 30 qəpik qabağa düşməyin şövqü ilə kamera önünə keçir:

"Bilirsiniz, adam gərək deyingən olmasın, hər şeydən şikayət etməsin, hər qərara bir mız qoymasın. Nə var axı, burda? 5-10 qəpik artıq xərcləməklə acından ölməyəcəyik, amma əvəzində büdcəmiz dolacaq, çiçəklənəcəyik, fərəhlənəcəyik. Əgər başbilənlərimiz belə bir qərar veriblərsə, demək ki, belə məsləhətdir. Mən şəxsən qiymət artımına yaxşı baxıram!".

Ya da belə bir mənzərə təsəvvür edək: Bir qrup müəllim rüşvətxor məktəb direktorunun əməlləri ilə bağlı mətbuata anonim şikayət məktubu ünvanlayır. Məktubda direktor "ağ yuyulub, qara sərilir". Ortada dəhşətli ittihamlar var.

İş böyüyür, faktı araşdırmaq üçün məktəbə nazirlikdən yoxlama göndərilir. Bütün müəllim heyəti akt zalına toplanır və şikayət məktubundakı ittihamların doğru olub-olmadığı soruşulur. İlk sözü məktubdakı birinci imzanın sahibi olan Gülsəba müəllim alır:

"Mən heç nə demirəm, bircə onu deyə bilərəm ki, o məktubdakı dedi-qoduları, yalan-böhtanları, qarayaxmaları, iftiraları yazanların əlləri qırılıb yanlarına düşsün. Belə Allahsızlıq, vicdansızlıq, şərəfsizlik olmaz! Nümunəvi bir məktəbin mələk kimi direktoruna şər atanı, ləkə yaxmağa çalışanı, adını kirlətməyə cəhd edəni Allaha tapşırıram. Mən özümün və kollektivimizin adından bəyan edirəm ki, biz müdiriyyətdən çox razıyıq!".

Və ardınca gurultulu alqışlar...

Xəbər lenti
0