Birdəfəlik ödəmə

Nazirlik 1509 nəfərə birdəfəlik ödəmə verilməsinə qərar verib

71
(Yenilənib 11:28 13.12.2018)
Şəhid hərbi qulluqçulardan 1115-i üzrə 1509 vərəsəyə də birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib

BAKI, 13 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) fəaliyyət göstərən Komissiya növbəti iclasını keçirib. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iclasda notarial qaydada vərəsələrdən qəbul edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunan və nazirlikdəki işçi qrupu tərəfindən təhlil edilmiş sənədlər üzrə daha 1115 şəhid hərbi qulluqçunun 1509 vərəsəsinə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilib. Həmin qərarlar üzrə vərəsələrin siyahısı birdəfəlik ödənişin təmin edilməsi üçün aidiyyəti quruma göndərilib.

Beləliklə, 9531 şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub ki, bu günədək onlardan artıq 2338 şəhid hərbi qulluqçu üzrə 3038 vərəsəyə birdəfəlik ödəniş verilməsi barədə qərarlar qəbul edilib və onlara birdəfəlik ödəniş həyata keçirilir.

Bu sahədə aparılan işlər vətəndaş rahatlığı prinsipi və sadə prosedur əsasında, elektron infrastruktur üzərində tam şəffaf qaydada yerinə yetirilir. Notarial qaydada vərəsələrdən qəbul edilmiş bütün sənədlər Nazirliyə elektron qaydada təqdim olunur. Qərar verildikdən sonra vərəsələrin bank hesablarına müvafiq vəsait (11 min manat) köçürülür və bu barədə onlara sms vasitəsilə bildiriş göndərilir.

71
Teqlər:
nazirlik, ödəmə, hərbi qulluqçu, şəhid
Əlaqədar
Sənədləri qaydasında olan 114 şəhidin 146 vərəsəsinə birdəfəlik ödəniş edilib
Nazir şəhid ailələrinə söz verdi
Nazirlik: 142 şəhidin vərəsələrinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
Daha 110 şəhid vərəsəsinə birdəfəlik ödəmə veriləcək

Qəhrəmanlıq tariximizin "Ağ atlı oğlan"ı - Tiqana

164
(Yenilənib 21:15 23.10.2020)
Cəbrayıl sakini: "Cəbrayıla ayaqyalın gedəcəyəm. Kol-kos bassın, vecimə də deyil. Qurban olum Qarabağın kol-kosuna".

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 23 oktyabr — Sputnik. Hər kəs onu "Tiqana" adı ilə tanıyırdı. 15 yaşında oyuncaq avtomatını odlu silahla əvəzləyən Tiqana, yəni Samir Əliyev Cəbrayıl ərazisinin dağ, meşə yollarını yaxşı tanıdığı üçün kəşfiyyatçılara bələdçilik edirdi. O, eyni zamanda texniki vasitələrin olmadığı bir zamanda döyüşən əsgər və zabitlərin səhra poçtalyonu idi. Ailələrə, yaxınlarından xəbər tuta bilməyənlərə xəbər gətirib-aparırdı. Anası Aminə Əliyeva onun döyüş şücaətlərindən Sputnik Azərbaycan-a danışıb: "Biz Cəbrayılın Qaracallı kəndindənik. 1993-cü il idi. Səhər oğlum, yoldaşım, mən və balaca qızımla səhər yeməyi yeyirdik. Ermənilər atan kimi Samir tələsik çıxdı. Ayaqqabısının birinin ipini bağladı, heç o birisini bağlamadan qaçdı. Ona əsgər paltarı vermişdilər. Dedim, getmə. Dedi "gedəcəm". Ermənilər başımızdan güllələr tökürdülər. Kəndin üstünü sanki qara buludlar örtdü. Bizi maşına doldurub Arpadərəyə apardılar. Oradan da Mahmudlu stansiyasına apardılar. Bir müddət qaldıq orada".

Samirin valideynləri onu gecə saatlarına qədər gözlədilər. Amma ondan heç bir səs-soraq çıxmadı: "Gecə də evə gəlmədi. Neçə yerə zəng elədik, Samirdən xəbər ala bilmədik. Sən demə, saat 22-23 radələrində ermənilər onu vurublar. Samiri qan aparıb. Ermənilər oğlumu götürməyə imkan verməyiblərmiş. Onu güc-bəla ilə güllələrin altından çıxarıb xəstəxanaya aparıblar. Amma xəstəxanada can vermişdi".

Samiri xəstəxanaya gətirəndə həkimə deyib, "qoyma ölüm, mən müharibəyə getmək istəyirəm". Amma xeyri olmamışdı, vəfat etmişdi. Aminə xanım deyir ki, Samir birinci dəfə ayağından yaralananda qonşusu onu döyüşmək fikrindən daşındırmaq istəsə də, buna müvəffəq ola bilmir: "Qonşumuz xəstəxanada işləyirdi. Onun nəşini qonşumuz tanımışdı. Əvvəl də yaralanmışdı, ayağı və qolu yaralanmışdı. Qonşumuz deyib, "Samir, evin bir oğlusan, get evə". O da deyib, "yox, dağda yaralılar var. Özü yaralı ola-ola 60 yaralı, 40 meyit çıxarıb. Bir meyit qalmışdı, onu çıxaranda erməni Samiri vurmuşdu. Şişqayada yaralanandan sonra bizimkilər çətinliklə də olsa, onu çıxara biliblər. Xəstəxanada canını tapşırmışdı".

Tiqananın ağ atı onun ölümünə dözməyib qəbrinin üstündə can verib: "Samir meşədən ağ at tapmışdı, ermənilər atın bir gözünə güllə vurub çıxarmışdılar. Samir ölən gün at onun qəbrinin üstündə fırlandı, elə onun qəbri üstündəcə can verdi. Yoldaşım o atı da orada basdırdı, gəldik".

Qəhrəmanımız danışır ki, oğlu öz öləcəyi günü bilirdi: "Bir gün Samir gəldi ki, "mənim albomumu, paltarımı apar, Mahmudluya qoy". Bir gün də gəldi ki, heyvanları çıxardın. Heyvanları Beyləqana göndərdik. O bilirdi, amma demirdi. Samir öldüyü günü bilirdi. Qonşumuza demişdi ki, Mirələmin ilində mən öləcəm. Mirələm qonşumuz idi, 1992-ci ildə şəhid olmuşdu. Erməni ona 30 güllə vurmuşdu. O qədər güclü idi ki, 29 güllə vurulmuşdu, ölməmişdi, 30-cu güllədə canını tapşırmışdı. Onu erməni vurduqca "Qarabağ bizimdir" deyib. Ermənilər onun meyitini özləri ilə götürmüşdülər, bizimkilərin xeyli mücadiləsindən sonra onun nəşini aldılar. Onun əsl adı Sahib idi, ermənilər onu Sahib deyə çağırırdılar, amma biz ona Mirələm deyirdik. Ermənilər sonradan dedilər ki, bilsəydik, o, Sahibdir, verməzdik".

Oğlunun ölümündən bixəbər ana o anları danışdıqca göz yaşlarına hakim ola bilmədi. Aminə xanım tezliklə oğlunun məzarını görmək, ziyarət etmək arzusundadır: "Mənim heç nədən xəbərim yox idi. Hamı yığılmışdı Mahmudluya. Bir nəfər gəldi, baldızımı çağırdı, nəsə dedi. Baxdım ki, baldızımın rəngi sapsarı saraldı. Getdim yanına, dedim, "nə olub?" Heç nə demədi. Əlimi atdım üzümə, saçımı, başımı yoldum, dedim, "Samir ölüb". Elə bil, ürəyimə dammışdı. Ondan sonra camaat qarışdı bir-birinə. Oğlumu gətirib Mahmudlu stansiyasında dəfn etdik. 3 gündən sonra orada da atışma başladı, qaçdıq Beyləqana".

"Bir neçə gün Beyləqanda qalandan sonra gəldik Mahmudluya, hələ onda işğal olunmamışdı. Amma atışma davam edirdi. Gəldik, gördük, qəbrin bir tərəfi çöküb. Getdik İcra Hakimiyyətinə dedik, onlar da dedilər ki, sabah bir maşın, bir neçə kisə sement verərik, əsgərlərlə birlikdə qəbri düzəldərsiniz. Gəldik Beyləqana ki, səhər gedib qəbri düzəltdirərik. Səhər eşitdik ki, camaat İrana qaçıb. Qəbir elə qaldı orada. Beyləqanda bir müddət yaşadıqdan sonra Bakıya gəldik. Qızım bu hadisələrdən qorxub sarılıq xəstəliyinə tutuldu. Bir müddət yaşıllaşdırma idarəsində ərimlə mən az məvaciblə işləməyə başladıq. Sonra evlərdə qulluqçu işlədim".

© Sputnik / Shahperi Abbasova
Samir Əliyevin anası Aminə Əliyeva

Hər kəsin sevgisini qazanan Tiqana haqqında məqalələr, kitablar yazılıb, sənədli filmlər çəkilib: "15 yaşında könüllü getdi. Əvvəllər su, patron daşıyırdı. Sonradan digər döyüş yoldaşları kimi o da vuruşdu. Bir gün Şəmistan Əlizamanlı kəndə gəlmişdi. Kəndin ayağında bunu görür, istəyir, onunla görüşsün, bu qaçır dağa. Gedib əsgərlərə xəbər verir ki, Şəmistan gəlib. Şəmistan deyib ki, "mən onu dərədə gördüm, bu buraya haradan gəlib çatdı?" Samir o qədər cəld, qoçaq uşaq idi ki, heç nə gözünü qorxutmurdu. "Ağ atlı oğlan" filmi ona həsr olunub. Hər dəfə o filmə baxanda pis oluram, həm də fəxr edirəm".

Ona "Tiqana" ləqəbinin verilməsinin səbəbi barədə də danışdı şəhid anası: "Bəzən gecənin bir aləmi gəlirdi evə, rayondan kəndə. Ona o qədər deyirdik ki, "uşaqsan, getmə", amma bizi dinləmirdi. Onun qoçaqlığına və qara olduğuna görə Elmidar adlı həmkəndlimiz ona "Tiqana" ləqəbi qoymuşu. Fransız futbolçusu Jan Tiqanaya oxşayırdı, həm də çox yaxşı futbolçu idi Samir. Ona görə "Tiqana" deyirdilər. Rəhmətlik Həsən Turabov da çox istəyirdi onu".

Aminə nənə Azərbaycan Silahlı Qüvvələrinin uğurlu əməliyyatları nəticəsində strateji cəhətdən əhəmiyyətli olan bir neçə nöqtələri, eləcə də bir neçə kəndimizin işğaldan azad olunması xəbərinə hədsiz sevinib: "Sevincdən az qala dəli olacaqdım. Kəndimiz Qaracallıya ayaqyalın gedəcəyəm. Deyirlər, "ayaqlarına kol batacaq, hər yer kol-kosdur". Deyirəm, "qoy batsın, vecimə də deyil. Qurban olum kəndimin kol-kosuna". Oralar cənnət idi. Torpaqları bərəkətli idi. O qədər gözəl, dadlı meyvələr yetişirdi ki, heç burada o meyvələr yoxdur, dadı o dad deyil. Ağzımızın dadı da gedib. Torpaqlar alınsın, hər şeyi burada qoyub gedəcəm. Heç nədə gözüm yoxdur. Necə ki, Bakıya gələndə 1 stəkan da gətirməmişdim, eləcə də Cəbrayıla qayıdacam. Gedəcəm, əkib-becərəcəm, toyuq-cücə saxlayıb özümü dolandıracam".

"Həyat yoldaşım Qarabağ deyə-deyə dünyadan köçdü. Onu burada dəfn eləmişik. Amma söz vermişəm, onun nəşini də burada saxlamayacam, aparıb kəndimizdə dəfn edəcəyəm. Köhnə xəstəxana təmir olunmuşdu. Orada yaşı mindən artıq olan çinar ağacı var idi, onun üstündə çayxana var idi, ikimərtəbəli idi, altında bulaq var idi. Bir möcüzə idi. Yoldaşım həmin restoranda aşpaz işləyirdi. Ermənilərin o ağacı məhv etdiyini eşidəndə yoldaşım heç dözmürdü", - deyə Aminə nənə əlavə edib.

Həmsöhbətimiz Cəbrayıl rayonunun gözəlliklərindən danışdı: "Xarı-bülbül Şuşada bitir deyirlər. Amma bizim kəndin hər tərəfində xarı-bülbül bitirdi. O qədər ağac var idi ki, evlər görünmürdü. Həyətimiz dolu idi meyvə ağacları ilə. Həyətimizdə narla əncir ağacının ortasında mis, alüminium, tunc qazanlarımı, şüşə çayniklərimi, samovarlarımı basdırmışam. Qismət olsun, torpaqlarımız azad olunsun, minalardan təmizlənsin, gedib qazım çıxarım onları. İnşallah, ermənilər o qabları tapmazlar. Oranı bu dəqiqə getsəm, taparam. Erməni atırdı, bilirdik ki, gec-tez gedəcəyik".

164
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Əlaqədar
Artıq qaçqın deyilik – Zəngilanlılar yurdlarına dönəcəkləri günü gözləyirlər - VİDEO
Cəbrayıllı alim: "Kəndimizi atəşə tutan Hadrut azad olunanda sevincim yerə-göyə sığmadı"
İyirmi yeddi il son ümidini sandıqda qoruyan köçkün: Daha dövlətə yük olmaq istəmirik
Bir igid ömrü torpağını gözləyənlər: "Ermənilər özləri orada yaşamağa ürək eləmirlər"
Qarabağa yol göründü: "Dişimlə-dırnağımla evimi tikərəm..." - FOTO

Operativ Qərargah vətəndaşlara müraciət etdi

33
2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

BAKI, 23 oktyabr - Sputnik. Nazirlər Kabineti yanında Operativ Qərargah karantin qaydalarının yenidən sərtləşdirilməsi ilə bağlı vətəndaşlara müraciət edib.

Sputnik Azərbaycan xəbər verir ki, müraciətdə deyilir:

"Hazırda dünya ölkələri üzrə yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmada artım müşahidə olunmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, bu günədək dünyada 42 milyondan çox şəxs COVID-19 infeksiyasına yoluxub, 1 milyondan çox insan isə bu xəstəlikdən vəfat edib.

Vətəndaşlarımızı COVID-19 virusu ilə mübarizə sahəsində mövcud karantin tələblərinə riayət etməyə, eləcə də qoruyucu maskalardan və digər zəruri tibbi-profilaktik vasitələrdən istifadə etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda olmağa çağırırıq".

Xatırladaq ki, ölkədə karantin qaydaları yenidən sərtləşdirilib. 2020-ci il 24 oktyabr saat 00:00-dan Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonlarına və Mingəçevir şəhərinə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılır.

33
Tarkan, arxiv şəkli

Rəzalət davam edir - Türk sənətkarları Qarabağda "öldürürlər"

0
(Yenilənib 09:57 24.10.2020)
Bu dəfə meqastar Tarkan və müğənni Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim ediliblər.

BAKI, 24 oktyabr — Sputnik. Ermənistanın Qarabağda davam edən döyüşlərdə türkiyəli məşhurlardan istifadə edərək dezinformasiya yaymağı Türkiyə KİV-nin gündəmini zəbt edib.

Sputnik Azərbaycan xəbər verir ki, ölkənin tanınmış telekanalları və xəbər portalları məlumat yayaraq ermənilərin çirkin təbliğata əl atdıqlarını qeyd edib.

Həmçinin məşhurların hərbi xidmətdə çəkilən fotolarının düşmən ölkənin mətbuatında yer alıb. Bu dəfə meqastar Tarkan və Mustafa Sandal öldürülən Azərbaycan əsgərləri kimi təqdim edilib.

Qeyd edək ki, bundan öncə ermənilər məşhur simalar - müğənni Sərdar Ortac, aktyorlar - Aras Bulut İynemli, Kaan Girgin, aparıcı Alp Kırşan, şoumen Bəyazit Öztürk və sosial şəbəkə fenomeni Burak Özdemiri öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.

0