İlham Əhmədov Sputnik Azərbaycan
BAKI, 5 dekabr — Sputnik. Oğuz rayonunun bir qrup sakini Padar kəndi yaxınlığındakı yol kənarlarında, eləcə də bəzi sahələrdə yaşıllıq zolağının məhv edilməsi barədə Sputnik Azərbaycan-ın redaksiyasına şikayət edib. Şikayətçilərin iddiasına görə, rayonun "Azpetrol" yanacaqdoldurmə məntəqəsi və "Azərenerji"nin yerli şöbəsinin yerləşdiyi ərazidə yol boyu və yoldan kənarda əkilmiş ağaclar qanunsuz şəkildə kəsilir.
Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən əraziyə yollanaraq şikayətçilərin dediklərini araşdırıb. Bəlli olub ki, sakinlər haqlıdırlar.
Yollandığımız ərazidə qarşılaşdığımız mənzərə heç də ürəkaçan olmadı. Sözügedən yerdə olduğumuz zaman ağacların budanması və təhlükə yaradan ağacların kəsilməsi işləri aparılırdı. Lakin yoldan bir qədər kənar hissələrdə qurumamış, yaşıl, heç bir təhlükə doğurmayan ağacların da kütləvi şəkildə kəsildiyini müşahidə etdik.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı idarəsi ilə əlaqə saxladıq. Zəngimizdən sonra idarənin Oğuz rayon üzrə nümayəndəsi Bəhruz Həbibullayev əraziyə gələrək, məsələyə aydınlıq gətirdi. Bildirdi ki, ağaclar tam qanunauyğun şəkildə nazirliyin müvafiq qərarı ilə kəsilir.
Amma gördüyümüz mənzərə vəziyyətin heç də deyilən kimi olmadığını aydın göstərirdi. Ərazidə yaşayan insanlar da idarə rəsmisinin dediklərinin tam əksini söylədilər. Onlar vurğuladılar ki, sözügedən ərazidəki ağaclar mütəmadi olaraq bəzi şəxslər tərəfindən qanunsuz şəkildə kəsilir. Bəhanə olaraq isə payız aylarına xas olan budama və cürük ağacların ərazidən təmizlənməsi işlərinin aparıldığını gətirirlər.
Ərazidə yaşayan sakinlərin ən böyük istəyi qanunsuz olaraq ağac kəsiminin qarşısının alınması, yay, eləcə də digər aylarda ərazinin həm gözəlliyinin, həm də ekologiyasının qorunması və bərpasıdır.
Ümid edirik ki, qaldırılmış məsələ ilə bağlı aidiyyatı qurumlar tərəfindən ciddi araşdırma aparılacaq. Oğuzda təbiətə "divan tutan" şəxslər barədə lazımi tədbirlər görüləcək.
Rahim Məmmədov, Sputnik Azərbaycan
BAKI, 21 yanvar - Sputnik. Gecə saatlarında Goranboyda yol qəzası baş verib. Hadisə Goran-Naftalan yolunun rayonun Bolusulu kəndindən keçən hissəsində qeydə alınıb.
Sputnik Azərbaycan xəbər verir ki, qəfildən nasazlıq yaranan tinglə yüklü “Vaz 21-011”-in sürücüsü maşını yol kənarında dayandırmalı olub. Sürücü və sərnişinlər minik maşınından düşərək nasazlığı aradan qaldırmağa çalışıb. Bu zaman yolda hərəkətdə olan “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq nasazlıq yaranan “Vaz”-a çırpılıb. Qəza zamanı 3 nəfər Elçin Qurbanov, Həmid Əsgərzadə və Yadigar Quliyev müxtəlif dərəcəli xəsarət alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Məlumata görə, “Vaz” markalı minik maşının sürücüsü və sərnişinləri Tərtər rayonundan satış üçün müxtəlif meyvə ağaclarının tinglərini daşıyırmış. Goranboy rayonunun Boluslu kəndi ərazisində avtomobil xarab olduğundan yol kənarında dayanmağa məcbur olub. Qəza da qəfildən, onlar maşını düzəldən zaman baş verib.
Yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan meyvə ağacları da ətrafa dağılıb. Qeyd edək ki, xəsarət alan şəxslər Tovuz, Tərtər və Kürdəmir rayon sakinləridir. Faktla bağlı araşdırma aparılır.
İlham Mustafayev, Sputnik Azərbaycan
21 yanvar - Sputnik. Şəmkir rayon sakinləri COVID-19-a qarşı peyvəndləməyə cəlb edilib. Rayon mərkəzi xəstəxanasında bunun üçün 4 vaksin otağı yaradılıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, “Sinovac” vaksini ilkin mərhələdə risk qrupuna daxil olan sakinlərə könüllülük əsasında vurulacaq. Şəmkirdə təlimata uyğun olaraq tibbi müayinədən keçən sakinlər peyvənd edilib. Vaksinin əhəmiyyəti immuniteti gücləndirmək yolu ilə xəstəlikdən qorunmaq, infeksiyanın ötürülməsini məhdudlaşdırmaq, ölüm halının qarşısını almaq və səhiyyə sisteminə düşən yükü azaltmaqdan ibarətdir. Peyvəndin əks təsirinin olmadığını bildirmək üçün tibb işçiləri vaksinasiyada ön sıralarda olub.
Tibb işçisi Sevda Məmmədova peyvəndləməyə çox müsbət yanaşdığını söyləyib:
“Mən də bir tibb işçisi olaraq bu günkü vaksinasiyada iştirak etdim və peyvəndi qəbul etdim. Özümü çox yaxşı hiss edirəm. Heç bir narahatçılığım yoxdu”, - deyə bildirib..© Sputnik / Ilham Mustafa
Koronoviruslu xəstələrin müalicəsi üzrə çalışan həkim Coşqun Yusibov isə peyvəndləmədən sonra tezliklə normal həyata qayıtmağın mümkünlüyünü bildirib:
“Dövlətin yaratdığı imkanlardan ilk istifadə edənlərdən biri də mən oldum. Özümü çox rahat hiss edirəm. Çox yaxşıyam, heç bir kənar reaksiya yoxdur”, – deyə həkim C. Yusibov əlavə edib.
Şəmkir rayonunda tibbi işçilərinin sayı 2000-dən çoxdur. İlkin mərhələdə rayona 1115 doza vaksin göndərilib. Günədlik olaraq Rayon mərkəzi Xəstəxanasında 150-200 nəfərin peyvənd olunması planlaşdırılır. Tibb işçiləri ilə yanaşı risk qrupuna daxil olan hüquq-mühafizə orqanlarının əməkdaşları əks-epidemik tədbirlərə cəlb olunacaq.
BAKI, 22 yanvar — Sputnik. Rusiyada qeyri-qanuni yenidənqurma işlərini aşkarlamaq üçün mənzillər kütləvi şəkildə yoxlanılacaq.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, məlumata görə, mənzil müfəttişləri tərtibatdakı razılaşdırılmamış dəyişikliklərlə maraqlanırlar. Təkcə otaqları və ya əlavə olaraq boruları genişləndirmək üçün yıxılan divarlara diqqət yetirilmir. Müfəttişlik həmçinin mətbəxin qaz sobası ilə təchiz olunmasına görə, qapının çıxarılması üçün də cərimə kəsə bilər.
Mənzili ziyarət etməzdən əvvəl kirayəçilərə müfəttişlərin dəqiq gəliş tarixini göstərən poçt vasitəsilə bildiriş göndərilir. Bildiriş iki dəfə göndərilə bilər.
Buna fikir verməsəniz, nəzarətçilər məhkəməyə müraciət edəcək və məhkəmə icraçıları ilə birlikdə mənzilə gələcəklər.
Texniki tələblərə cavab verən yaşayış dəyişiklikləri reyestrə daxil edilir. Məhkəmənin qərarı ilə mənzildə olan qeyri-qanuni dəyişikliklər aradan qaldırılmalıdır.
Ekspertlərin fikrincə, genişmiqyaslı yoxlamalar fırıldaqçıların da artmasına səbəb olacaq.